Modern.az

Deputatlar hərbi hissədə olublar

Deputatlar hərbi hissədə olublar

Eğitim

10 Sentyabr 2010, 21:40

Millət vəkilləri Ramazan bayramı münasibəti ilə əsgərlərə baş çəkiblər. Milli Məclisin deputatları Qənirə Paşayeva, Həvva Məmmədova, Sabir Hacıyev və Rauf Əliyev Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olublar. Deputatlar Ramazan bayramı münasibətilə əsgərləri təbrik edərək onlara şərəfli xidmətlərində daim ayıq-sayıq olmağı və düşmənə hər an layiqlı cavab verməyə hazır olmalarını arzulayıblar.

Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, müqəddəs bayramları ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərlə keçirmək hər bir vətəndaşın borcudur. "Ali baş komandan, ölkə başçısı İlham Əliyevin hər birimizin qarşısında qoyduğu məqsəd və vəzifə ondan ibarətdir ki, hər an hər bir ziyalı və sıravi vətəndaş əsgərlərimizin yanında olmalıdır. Onlar da hiss etməlidir ki, arxa cəbhədə hamı onlara güvənir və onlarla fəxr edir", - deyə Q.Paşayeva söyləyib.

Deputat Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də toxunub: "Münaqişənin həlli istiqamətində əsas missiyanı üzərinə götürən bu qurum əslində münaqişə bölgəsində vəziyyətə lazımi qiymət vermir. Bu, həmçinin digər beynəlxalq qurumların nümayəndələri vəziyyəti görməli və işğalçıları dayandırmaq üçün addımlar atmalıdırlar".
Q.Paşayeva beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu deyib: "Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində BMT-nin və Avropa Şurasının qətnamələri var ki, onlara əsasən Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlardan geri çəkilməli və qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar. Bunun üçün ATƏT-in Minsk qrupunun həmsədrləri həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Lakin bu qurumun münaqişənin həlli istiqamətində ciddi addım atdığını Azərbaycan vətəndaşı görmür".
Millət vəkili daha sonra qeyd edib: "Nəinki işğalçıya təzyiqlər edilmir, hətta ermənilər son günlər cəbhə xəttində atəşkəsi pozmaqla vəziyyəti daha da gərginləşdirirlər".

Millət vəkili Həvva Məmmədova da çıxışında Azərbaycan əsgərlərini Ramazan bayramı münasibəti ilə təbrik edib və ordumuzun gücündən danışıb. O, bildirib ki, cəbhə bölgəsində olanda, əsgərlərin nizam-intizamı və səliqə-sahmanına nəzər yetirdikdə ordumuzun hansı gücə sahib olması barədə təsəvvür yaratmaq olur. Məmmədova son günlər ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulduğunu, sivil insanların atəşə məruz qaldığını söyləyib. Millət vəkili bildirib ki, son vaxtlar baş verənlər barədə beynəlxalq təşkilatlara məlumat veriləcək.

Sabir Hacıyev isə öz çıxışı zamanı qeyd edib ki, ermənilər artıq hiss edir ki, beynəlxalq aləmdə uduzublar. Son dövrlər beynəlxalq aləmin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirən millət vəkili tökülən qanların ermənilər üçün baha başa gələcəyini söyləyib.

Deputat Rauf Əliyev də hərbiçiləri təbrik etməklə yanaşı Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb və bildirib ki, bu gün ordumuz torpaqlarımı işğaldan azad etmək gücündədir.

Milllət vəkilləri görüşdə hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr də təqdim ediblər. Həmçinin hərbi hissənin futbol komandasına idman ləvazimatları hədiyyə edilib. Əsgərlərlə bir yerdə nahar edən millət vəkilləri daha sonra ermənilərlə ön cəbhədə dayanan əsgər və zabitlərlə görüşüb, onları bayram münasibəti ilə təbrik edib, hədiyyələr təqdim ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı