Modern.az

Bolqarıstanla matç çətin olacaq - Arif Əsədov

Bolqarıstanla matç çətin olacaq - Arif Əsədov

İdman

24 Mart 2024, 17:00

“Bolqarıstan millisi UEFA millətlər liqasında olan yığma komandalara bərabərdir”.

 

Modern.az-ın məlumatına görə, futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

 

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah baş tutacaq oyunda bizi ciddi rəqibi gözləyir. Düşünürəm ki, Bolqarıstanla matç çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

 

Onun sözlərinə görə, rəqibi təhlil olunub, futbolçulara zəif və güclü tərəfləri başa salınıb: “Monqolustan millisi ilə bu matç arasında xeyli fərq olacaq. Bolqarıstan tam başqa səviyyədə bir komandadır. İlk oyunda birinci zonadan hücum qururduq. Bolqarıstan millisi ilə ikinci zonadan hücum quracaq”.

 

A.Əsədov qarşılaşmanı daha yaxşı nəticə ilə bitirmək istədiyini qeyd edib: “Oyundan müsbət nəticə gözləyirəm. Nizam-intizam baxımından hər şey yüksək səviyyədədir. Çalışacağıq ki, qələbə qazanaq”.

 

Baş məşqçi Monqolustanla matçda çoxsaylı qol imkanlarından istifadə edə bilmədiklərinin səbəblərini açıqlayıb: “Adlı-sanlı futbolçular var ki, yaxın məsafədən fərqlənə bilmir. Azərbaycan millisini bu baxımdan tənqid edə bilmərik. Sadəcə olaraq bəzən alınmır. Monqolustanla matçda qələbəyə inam var idi. Son dəqiqələrə qədər mübarizə apardılar”.

 

Arif Əsədov milli komandanı hansı müddətə qədər çalışdıracağı barədə sualı da cavablayıb: “Bu baxımdan çox sual verilir. Hazırda öz işimi görürəm. Öz təcrübəmdən istifadə edərək bu oyunlarda daha yaxşı nəticə əldə etməyə çalışırıq. Qarşıda nə olacağını deyə bilmərik. Bizim kifayət qədər təcrübəli yerli baş məşqçilərimiz var”.

 

Bolqarıstan millisi ilə matçda mütəxəssis qapıçı seçimini açıqlayıb: “Sabahkı matçda Şahruddini əsas qapıçı olaraq oynatmağı düşünürük. Monqolustanla matçda bu oyun arasında xeyli fərq var”.

 

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turniri çərçivəsində sabah, martın 25-də Bolqarıstan ilə qarşılaşacaq.

 

Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir