2020-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 911,9 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Bu barədə Modern.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon ABŞ dolları və ya 6,9 faiz azalıb:
“Bu ilin yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3 faiz, İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.
2020-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85.7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (58,6 milyon ABŞ dolları) üçüncü olub”.