İcra başçılarının 70 faizini içəri basmaq lazımdır - Baba Vəziroğlu ilə müsahibə

İcra başçılarının 70 faizini içəri basmaq lazımdır - Baba Vəziroğlu ilə müsahibə

Müsahibə

1 Dekabr 2022, 12:42

"Yazıçılar Birliyinin qurultayına hətta 203 min manat vəsait bəs etməyib"

"Əbülfəs Qarayev deyirdi ki, gətirin görək, kimə "Xalq artisti" adı vermək lazımdır"
 

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

 - Baba müəllim, söhbətimizə bir müddət əvvəl gündəmi qaynadan məsələnin müzakirəsilə başlamaq istərdik. Yazıçılar Birliyinin XIII qurultayının bu cür keçiriləcəyi sizin üçün gözlənilən idi?

 

 

- Məşhur bir fraza var “Mən birinci dəfədir ərə getmirəm ki”. Yazıçılar Birliyinin xeyli qurultaylarında olmuşam. Mən əsgərlikdən gəldim, o vaxtkı sədr, rəhmətlik İmran Qasımov məni işə götürdü. İmran Qasımov yazıçılar birliyi tarixində ən demokratik, cavanlara yol açan bir sədr idi. Yazıçılar ittifaqını da cavanlaşdıran məhz İmran Qasımov idi. Budəfəki qurultay da nizamnaməyə əsasən normal keçirilən bir qurultay oldu. Hərənin ağzından bir avaz çıxmasına baxmayaraq, yekun qərar bir olur. Əsas məsələ də təşkilati məsələlər idi.

 

- Bəs nə üçün şairlər və yazıçılar Anara alternativ görmür? Bunun səbəbi cəmiyyəti də çox maraqlandırır.

 

- Şəxsən mən də Anara alternativ görmürəm. Çünki Anar keşməkeşlərdən, dalğalı burulğanlı bir dövrdən Yazıçılar Birliyini bu günə kimi gətiribsə, deməli ona yenidən sükan əmanət etmək olar. Dövlət necə ki, 1990-cı illərin əvvəlində naşı adamların əlinə düşmüşdü, yazıçılar birliyini də o aqibət gözləsəydi, bu gün o ittifaq olmazdı. Anar Yazıçılar Birliyinin Heydər Əliyevi oldu, o birliyi dağılmağa qoymadı. Anar 35 il ərzində bizim göstərdiyimiz inamı doğrultdu. Qurultaydan sonra 1-2 nəfər fərqli fikirlər söyləyirdi. Amma qurultayda iştirak edən 430 nəfərdən 428-i əl qaldırmışdı ki, Anar sədr olsun. Səsvermədən sonra iki gənc etiraz etdi. Bir sözlə, toydan sonra nağaraya ehtiyac yoxdu. Nizamnamədə olduğu kimi namizədliklərini irəli sürməliydilər. Buna da cürət etmədilər, bildilər ki, səs toplamayacaqlar. Amma cavandırlar da, səs-küy salmaqları normaldır, biz də cavan olanda o qədər səs salmışıq. Bütöv prosesin üzərinə kölgə salmaq isə ədalətsizlikdir. Ola bilsin ki, səsverənlərin hamısının ürəyində Anar yoxdur.

 

Yazıçılar Birliyinə ayrılan 203 min manatın hesabatının verilməməsindən dolayı ittihamlar səsləndi. Amma hələ də hesabat verilməyib...

 

 

- Yazıçılar Birliyi Maliyyə Nazirliyinin müvafiq şöbələrinə hesabat verməyə borcludur. Cəmiyyətə açıqlama vermək isə könüllü şəkildə olmalıdır. Mən bir az da zarafatla demişdim ki, indiki dövrdə 203 min nədir ki... Hətta deyirəm ki, 203 minlə girirəm marketə çıxanda cibimdə qəpik də qalmır. Hər zarafatda da həqiqət var. Yəni bu nə qədər böyük vəsait idi ki, həmin tədbir üçün? Hələ mənə elə gəlir ki, 203 min manat vəsait bəs etməyib, əlavə olaraq Anarın, Çingizin dostları xeyriyyəçilik edib. Bu gün normal mehmanxana qiymətləri çox bahadır, icarə haqları od qiymətinədir. Deyirlər ki, tədbirdə gül kimə lazımdır? Tədbir keçirirsənsə gül də lazımdır, xadimə də lazımdır, mühafizəçi də lazımdır. Biz sovet dönəminin pis adətlərindən ayrıla bilmirik, 30 ildir kapitalizmdə yaşıyırıq sovet stereotiplərindən hələ aralanmamışıq. O dövrdə sovetlər birliyi belə tədbirlər üçün kisəsinin ağzını bağlamırdı. Bilirdilər ki, incəsənət ideologiyanın əsas flaqman sahəsidir. Dünya ölkələrində isə ümumiyyətlə bu cür qurultaylar keçirilmir.

 

- Düşünürsüz ki, hazırda Yazıçılar Birliyində hər şey mükəmməldir, islahatlara ehtiyac yoxdur?

 

- İslahatlar deyərkən gözümdə hansısa yol xəritəsi canlanmır. İslahat aparmaq odur ki, velosipedi təzədən icad edəsən, Amerikanı yenidən kəşf edəsən. Yazıçılar Birliyi adından göründüyü kimi yazıçıların bir ocağıdır, dərdlərini sevinclərini bölüşdükləri məkandır. Orada nə islahat ola bilər? Yazıçılar ittifaqının hazırkı vəziyyəti çox dəhşətlidir. İmam üçün ağlayanda, bir tikə də yezid üçün ağlamaq lazımdır. Yazıçılar ittifaqının jurnalları satılmır, “Ulduz” jurnalının milyondan çox tirajı olurdu, hətta erməni dilində olan jurnal da oxunurdu. Bunlar da gəlir gətirirdi, dövlətin hər cür vasitəsi var idi, nəzarət edirdi ki, o jurnallar yaşasın. İndi jurnallar ən çox 500 tirajdan ibarət olur. Ona görə hər şey mükəmməldir demək olmaz.

 

- Məşhur bəstəkar Kamalla (fövqəladə hallar naziri - red.) əvvəllər işbirliyiniz olub. Hazırda bu işbirliyinizdə bir durğunluq hiss olunur.  Hansısa mahnı, əsər üzərində işləyirsizmi?

 

 

- Kamalla dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur. Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını. 100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəstxətti həmişə seçilir. Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümumilli lider haqqında yazdığı mahnı himnə çevirildi. “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnsını YAP himn olaraq qəbul etdi. Bu fitri bir istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən. Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl bir melodiya yaranıb. Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib. Mən dəfələrlə Ulu öndərlə səfərlərdə olmuşam. Səfərə çıxanda özüylə bir neçə yazıçı, bəstəkar götürürdü. Onun dövlət məmurları ilə işi yox idi, onlarla yaxınlıq etməzdi. Heydər Əliyev səfərlərə gedəndə qatarı 3 vaqondan ibarət olurdu. Birində özü olurdu, birində 3-4 nəfər sənətkar, birində isə nazirlər gedirdi. Nazirlərin vaqonu sıxlıq olurdu, buna baxmayaraq onlardan heç birini bizim boş vaqona keçirmirdi. Sözümün canı odur ki, sənətkara dəyər verirdi. Heydər Əliyevin sağlığında ona həsr etdiyimiz mahnı çox səsləndirilmirdi, bu da onun öz istəyi idi. Biz onu itirəndən sonra mahnı ikinci həyatını yaşadı. Kamalla sonuncu mahnımız “Cənab Ali Baş Komandan” mahnısı Mirələm Mirələmovun ifasında zəfərimizə, Ali Baş Komandana həsr olunub. İndi isə yeni mahnılar üzərində işləyirik. Leyla Əliyevanın da yazdığı sözləri mahnıya çeviririk. Yenidən “Səndən Nigaranam”, “Xatirədir” stilində melodiyalara qayıdırıq. Xalq o mahnıları sevdi indi də ardını istəyir.

 

- Hətta deyirlər ki, bəstəkar Kamalla o qədər yaxın olmusuz ki, sizə ev də hədiyyə edib...

 

- Evi Prezident hədiyyə edir. Sağ olsun, cənab Prezident sayılıb-seçilən sənətkarların əziyyətini dəyərləndirir.  

 

- Maraqlıdır, bəstələriniz, şeirləriniz arasında ən baha qiymətə satdığınız hansı olub?

 

 

- Sovet vaxtında dəqiq qiymətlər var idi, bütün pullar poçta gəlirdi. İndiki dövrdə də mən heç kimlə pul danışmıram. Hələ bir müğənni deyə bilməz ki, Baba müəllimə 1 manat vermişəm. O hissəni ancaq bəstəkar edir. Mən hələ özümü o səviyyəyə endirməmişəm, söz adamı alver etməz. Müstəqillik illərində bəzi dəyərlər, kriteriyalar yox oldu, mahnı satışı bazar müstəvisinə çıxdı. İndi eşitdiklərimə görə 10 manata da mahnı yazırlar. Mənim ən qiymətli mahnım 100 min manat olub.

 

- Baba müəllim, Azərbaycanda fəaliyyət göstərən mədəniyyət işçiləri, şairlər, bəstəkarlar, müğənnilər və digərləri qədər fəxri adlara meyilli olan başqa ölkələrdə sənətçilər yoxdur. Bununla bağlı fikirləriniz maraqlıdır...

 

- Biz hələ sovet dövründəki ənənələrdən ayrılmamışıq. Bu məsələ də onun bir parçasıdır, qanımızda, canımızda gedir. Ölkədə buna ehtiyac varsa, dövlət imtina etmir. Hamı istəyir ki, ad alsın, təqaüd alsın. Bu dövlətin "çox sağ ol"udur. Dövlət hər bəstəkara, yazıçıya "çox sağ ol" deyə-deyə gəzməyəcək ki... Niyə hər şeyi yenisini yaratmadan məhv etməliyik. Ən yaxşı təzə, unudulmuş yaxşı keçmişdir. Dövlət mənə Əməkdar incəsənət xadimi adı verib, 120 manat da məvacib alıram. Bu normal bir şeydi, dövlətin "sağ ol"udur. Kimsə desə ki, fərqlənmə sahəsində yenilik yaradaq bunu düşünmək olar.

 

- Bir az da gündəmdən danışaq. Azərbaycan məmurlarının rüşvətxorluq, korrupsiya girdabına yuvarlanması məsələsi demək olar ki, ilin bütün günlərində aktualdır. Bu ölkənin ziyalı vətəndaşı olaraq, sizcə məmurları, rüşvətə sürükləyən səbəblər nələrdir?

 

- Azərbaycanda icra başçılarının 70%-ni dəyişmək lazımdır. Dəyişmək də yox, içəri basmaq lazımdır. İndi icra başçısı vəzifəsində çalışanların tutulanlardan heç bir fərqi yoxdur. Yevlaxın icra başçısı saxlanılıbsa, ətraf rayonların da başçıları saxlanılmalıdır. Çünki rayonlar dəhşətli vəziyyətdədir. Rayonlara Ramiz Mehdiyevin köhnə kadrları başçılıq edirlər. Bir-ikisi istisna olmaqla, hamısı quldur, millətə zülm edənlərdir. Bir neçə gün əvvəl ali bir məclisdə dedim ki, araşdırmısız bu qədər qazi niyə intihar edir? İcra başçıları otururlar kresloda telefonla məşğuldurlar, heç bir işləri yoxdur. Hər şeyi professional şəkildə relsə qoyublar, pul özbaşına ciblərinə axır. Telefonda boş-boş işlərlə məşğuldurlar, yeyib-içirlər. İcra hakimiyyətinin qarşısında sözünü demək istəyən qazini qəbul etmək nə çətin işdir?! O başçının köməyi gözünə girsin, təpəsinə dəysin. O qazi dinlənilmək istiyir, təsəlliedici söz demək çətin deyil. Cibinə yığdığın rüşvətdən hələlik bir az ver ki, dərdinə çarə tapsın, həm də Allaha xoş getsin. O qazinin puludur da yeyib, talayıb oturmusan orda, qudurğanlıq edib niyə qəbul etmirsən? Qazinin psixoloji problemi var deyirlər, ay alçaq, psixoloji problemi var, göndər müalicə alsın. İcra başçısı o bölgədə Prezidentin səlahiyyətli nümayəndəsidir. Bu boyda məmləkətin Prezidenti balaca uşağın qarşısında əyilir, söhbət edir. Sən niyə özünü darta-darta yeriyirsən. Onları görəndə məcbur qalıb əl verirəm, bilirəm ki, onların əlləri çirklidir, günaha batıb, qazi qanına batıb. Şəxsən tanıdıqlarım var İsmayıllının, Biləsuvarın və bir neçə rayonun cavan, savadlı başçıları bütün gün vətəndaşların içindədirlər, onlara yardım edirlər.

 

 

Prezidentə bir siqnal çatmasa, heç bir qurum barmağını barmağının üstünə qoymur. Gərək deyilsin ki, millət fəryad edir gedin görün nə olub. Məsələ o qədər böyüyür ki, Prezident reaksiya verir. Qurumları, nazirləri yaxşı tanıyıram, hamının üzü Prezident Aparatına tərəfdir. Heç bir təşəbbüskarlıq yoxdur, Prezident filan yerə gedəcək xəbəri yayılır, bağ salırlar, yol çəkirlər. Aparata deyilən “baş üstə”nin də çoxu yalandandır, telefonu yerə qoyan kimi deyir ki, “süz içək”. Avropada olsaydım ad da çəkərdim ki, filan rayonun başçısı telefonu yerə qoyan kimi belə deyir.

 

- Baba müəllim, Mədəniyyət Nazirliyinin bu sahədə gördüyü işləri necə qiymətləndirirsiz?

 

- Mədəniyyət Nazirliyinin ən qara dövrü Əbülfəs Qarayevin vaxtında olub. Nazirlik bir həsirdir, bir məmmədnəsir. Anar Kərimovu tanımırdım, kənar sahədən gəlib. Bir çox tədbirlərdə və Şuşada görüşmüşük çox işgüzar adama oxşayır. Mədəniyyət sahəsi çətin, ziddiyyətli bir sahədir, bunu qısa müddət ərzində relsə qoymaq mümkün deyil. Görüləcək işlər var ona görə gözləyirəm. Əbülfəs Qarayev bilmirdi ki, Yazıçılar Birliyi, Kinomotaqrafçılar İttifaqı var, yoxsa yox. Deyirdi "gətirin görək, kimə "Xalq artisti" adı vermək lazımdır", adam “böyük” deyildisə, "buna "Əməkdar artist" adı verək" deyirdi. Anar Kərimovdan mütərəqqi addımlar gözləyirik. Əbülfəs heç adam da saymırdı, gərək gedib qarşısında təzim edərdin, mənlə də arası bu təzim məsələsinə görə dəymişdi. Mirzə Babayev rəhmətə gedən vaxtı bir neçə şəxslə teatrın qarşısında durub söhbət edirdik. Bir maşın gəldi Əbülfəs Qarayev düşdü maşından, məmurlara xas olan xüsusiyyətdə ətrafa boylandı. Yanımdakı şəxslər düşdü əl verdi görüşdü, mən isə əyilib salam vermədiyim üçün nifrətlə baxıb keçdi. O gündən sonra mənlə düşmən oldu. Əvvəllər guya dost idi, çevirildi düşmənə. Mən xalqın şairiyəmsə, xalqın xidmətçisi gəlib mənlə görüşməlidir. Əbülfəsin məkirli sifətindən sonra, belə gülərüz adam mənə xoş gəlir (gülür). İndiki proseslər də köhnədən qalan zibillərdi ortaya çıxır, aşkar olunur.

 

 

- İnsanların əksəriyyəti deyir ki, getdikcə yaşamaq çətinləşir. Sizcə, bu gün bir şairin normal dolanışığı üçün normal gəliri varmı? Baba Vəziroğlu dolana bilirmi?

 

- Bir söz var deyirlər, ürəyin düz olsun, Allah ruzini verəcək. Çox düz sözdür. Amma təəssüf edirəm ki, qələm dostlarım yaxşı dolanmır. Hətta, bəzilərinin bir tikə çörəyə ehtiyacı var. Söylü deyirdi "ona qələm demə çörək ağacı de". Qələm artıq çörək ağacı deyil. Moşu gic-gic şeirlər yazırdı, amma gedib bağda istirahət edirdi. Yazıçılar həmişə yaxşı dolanıb, mən özüm də Yazıçılar Birliyinin xətti ilə bütün dünyanı dolanmışam. Yardım olsa da, hər kəsə çatmır. Azərbaycan xalqı yazan xalqdır. Amma boynubükük bir yazıçı görəndə mənim ürəyim ağrıyır, yaxşı yaşayanlar çox azdır. Mən Allahıma şükür edirəm, həmişə ruzimi yetirir. Mən də quldur bir icra başçısı olardım, ancaq boynubükük qələm sahiblərinə kömək edərdim. Dünyanın ən quldur və ən kasıb icra başçısı olardım.

 

Fotolar: Yusif Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq