Modern.az

Vardanyandan sonra növbə Arayikə çatdı - Qarabağdan qaçmağa hazırlaşır

Vardanyandan sonra növbə Arayikə çatdı - Qarabağdan qaçmağa hazırlaşır

Müsahibə

28 Fevral 2023, 10:22

“Bu ilin sonuna qədər Azərbaycan Qarabağda suverenliyini bərpa edəcək”

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli gündəmin aktual mövzuları ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla qısa müsahibəni təqdim edirik:

 

- Qabil bəy, erməni mediası Münhen görüşündən sonra Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasına dair gizli sənəd yayıb. Yəqin ki, sözügedən sənədlə tanış olmusunuz. Bu haqda fikirlərinizi bilmək istərdik.

 

- Yayılan sənədin nə qədər həqiqətə uyğun olduğu və imzalanması haqqında heç bir rəsmi məlumat yoxdur. Belə razılaşmaların daha çox istiqamətləndirici əhəmiyyəti olur. Yəni hüquqi ağırlığı yoxdur. Paşinyan və komandası Qarabağda olan ermənilərin təhlükəsizliyinin beynəlxalq təşkilatlar tərəfindən qorunmasını istəyir. Azərbaycan isə bu məsələnin daxili işi olduğunu və onların təhlükəsizliyinin birbaşa olaraq dövlət tərəfindən qorunacağını bəyan edib. Ümumiyyətlə, bu sənəd olsa da, olmasa da, qeyd olunan məsələ ətrafında danışıqların getdiyi hər kəsə məlumdur. Prezident İlham Əliyev qeyd etmişdi ki, sülh müqaviləsi beynəlxalq normalara uyğun olaraq hazırlanmalıdır. Şübhəsiz ki, proseslər dövlət başçısının dediyi kimi formalaşacaq.

 

- Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrəvanla Bakı arasında onlayn kommunikasiyaya keçildiyini bildirib. Yəni, tərəflər onlayn formatda danışıqlar aparırlar. Bu, nə qədər effektivdir?

 

- Mən düşünürəm ki, danışıqlar sülh müqaviləsi ilə bağlı olan məsələlərə öz xeyrini göstərəcək. Yəni sülh danışıqlarının təməlinin atılmasında böyük əhəmiyyəti ola bilər. Azərbaycan Ermənistandan adekvat addımlar atmasını gözləyir. Əgər onlar bölgədə sülhün bərqərar olmasını istəyirsə, bunu konkret əməlində göstərməlidir. Amma bütün müddəalar hazır olandan sonra bu sənəd Brüssel zirvəsində ictimaiyyətə təqdim olunacaq.

 

 

- Vardanyanın gedişindən sonra növbənin separatçı Arayik Arutyunyana çatdığı deyilir.   

 

- Sülh danışıqları dərinləşdikcə, Arayik özü Qarabağdan qaçacaq. Ya da Paşinyan onu Ermənistana çağıraraq, yeni bir vəzifə verəcək. Azərbaycanın erməni əhalisi ilə danışıqlar aparması fonunda adıçəkilən şəxsin orada olması yalnız özünə zərər vuracaq. Düşünürəm ki, erməni əhali ilə münasibətlər qurulduqdan sonra Arayik özü könüllü şəkildə Qarabağdan rədd olub gedəcək. Ölkəmiz onunla bağlı cinayət işi açıb. Çünki Arayik indiyə qədər bir çox cinayət törədib. Azərbaycan tərəfindən onun həbs olunub, bizə qaytarılma məsələsi çoxdan qaldırılıb. Arayikin son sığınacaq yeri Rusiya olacaq.

 

- Digər xəbərlərə görə, Azərbaycan nümayəndələri ilə erməni təmsilçiləri arasında mədənlərin monitorinqinin aparılması ilə bağlı razılıq əldə edilib. Doğrudur, bununla bağlı rəsmi informasiya verilməyib. Görünən odur ki, Bakı Qarabağın erməni əhalisi ilə danışıqlar aparır. Gözləntiləriniz necədir?

 

- Ermənilərlə qeyri-rəsmi əlaqələr çoxdan başlayıb. Hələ Zabux və Sus kəndlərinin geri qaytarılması prosesində erməni icması ilə danışıqlar olmuşdu. Bu danışıqlarda Azərbaycan Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak etmişdi. İndi isə əlaqələr daha da genişləməyə başlayıb. Proses əslində çox dərindir. Önümüzdəki 6 ayda Azərbaycanın Qarabağ üzərindəki suverenliyini bərpa etməsi yolunda çox ciddi addımlar atılacaq. İlin sonuna qədər isə bu proses yekunlaşacaq. Sülh müqaviləsi imzalandıqdan sonra proses daha da sürətlənəcək. Yəni ilin sonuna qədər Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa edəcək.

 

- Bildiyimiz kimi, Rusiyanın XİN başçısı Bakıda səfərdədir. Sizcə, Lavrov Bakıya hansı təklifləri gətirib?

 

- Lavrov Putinin tapşırığı ilə Rusiyanın moderatorluğunu qoruyub saxlamağa çalışır. Amma belə görünür ki, düşündüklərini həyata keçirmək çox çətin olacaq. Hətta, mümkün olmaya da bilər. Rusiya istəmir ki, Qərbin vasitəçiliyi ilə olan görüşlərdə irəliləyiş olsun. Yəni bir növ oyundan kənar qalmağı qəbul etmir. Reallıq budur ki, indiki situasiyada Qərb məsələnin həll olunmasında daha fəal iştirak edir.

 

Rahib Ələsgərov

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar