İyunun 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab arasında görüş keçirildi.
Görüş zamanı mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli 2290 nömrəli Sərəncamının icrası ilə bağlı tədbirlər planı müzakirə olundu.
Cari ilin 19 sentyabr tarixində YUNESKO Baş Qərargahında, 3-4 oktyabr tarixində isə Bakı şəhərində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərinin nəzərdə tutulduğu qeyd edildi. Cari ilin 3-4 oktyabr tarixində Bakıda Alman Birliyi Günü, həmçinin Almaniya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd ediləcəyi bildirildi. Sonda görüş iştirakçıları hər iki tədbirin əlaqələndirilməsinə dair razılığa gəldilər.
Modern.az