Modern.az

Davadan sonra yumruqlaşma...

6 Dekabr 2020, 11:39

Qəzənfər Həmidoğlu

Paşinyanla Köçəryanın Qarabağdakı ağır məğlubiyyətdən sonra bir-birilərini ittiham etməsi, davadan sonra yumruq oynatmaları bir çoc qaranlıq məsələnin üzərinə işıq saldı. Əsas etiraf isə bu təxminin təsdiqi oldu ki, Ermənistan siyasəti son 30 ildə "Qarabağ yükü" altında qalıb.


Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistan Birinci Qarabağ müharibəsi bitəndən və Bişkek protokolu imzalanan gündən həmin yüklə nə edəcəyinə qərar verə bilmədi, 90-cı illərin ortalarında ilişib-dolaşıb qaldı.


Əvvəllər belə idi: ölkə güclüdürsə, işğalı ilhaqla (anneksiya) bitirə bilirdi. Lakin yeni dövrdə ilhaqın hər hansı formada beynəlxalq səviyyədə tanınması müşkül məsələdir. Ermənistanın vəziyyəti ova çıxanın ovlanmasına dönürdü: işğal torpaqlarını sahiblənməyə İrəvanın nə əhali, nə də maddi baxımdan resursları vardı. Digər tərəfdən, Azərbaycan güclənir, danışıqlar masasında geri durmurdu.


Ermənistan dəvə budunu qapan eşşək kimi qələt etmiş və belini əyən işğal yükü altında taleyini zamanın gərdişinə buraxmışdı. Ümid edirdilər ki, sərfəli status-kvonun ömrünü danışıqlarda imitasiya etməklə hansısa xeyirli sonadək uzada biləcəklər.


Sentyabrın 27-də məkanın sahibi gəldi və 44 günə erməni xülyasını, keçmişdə qazandıqlarını və gələcəklərini kufənkun etdi. 32 il əvvəl bu şərəfsiz yola çıxanda harda idilərsə, yenə ora döndülər, hətta daha çox itirdilər.


***

Türkiyədə "Ağa və maraba" adlı məşhur bir lətifə var. Maraba - yəni, nökər...


Ağa qoşa at qoşulmuş arabası, nökəri isə piyada kənddən qəsəbəyə gedirlər. Uzun yol ağanın canını sıxır. Nökəri ilə məzələnir - yoldakı camış təzəyini göstərərək deyir:


- Bu pisliyi yesən, atlar da sənin olacaq, araba da.


Nökər ağanın əlindən zəncir çeynəyirmiş. Bir peyinə, bir də atlarla arabaya baxır. Oturur təzəyin yanında və yeyir.


Nökər arabada, ağa piyada düşürlər yola. Qəsəbədə işlərini bitirir və geri dönürlər. Ağa piyada və dərdlidir - gözəl atları və arabası əldən gedib.


Nökər də ağanın oynuna gəlib təzək yediyi üçün dilxor olub. Atları saxlamaq üçünsə imkanı yoxdur.


Yolda yenə camış təzəyi görünür. Nökər ağaya səslənir:


- Ağam, bu pisliyi ye, atları da, arabanı da geri al!


Ağa bir anlıq duruxur, amma sonda girişir təzəyə.


Ağa arabaya minir, nökər dalınca piyada düzəlirlər yola.


Kəndə çatanda ağa nökərə deyir:


- Hüso, at yenə mənim, araba yenə mənim, sən yenə piyadasan. Ulan, bəs biz bu p...xu niyə yedik?!.


***


Qəti əminəm ki, Rusiya ilə düşmənçilikdən daha pisi onunla dostluqdur. Son 200 ildə ən böyük zərbələri ruslardan yemişik.


Amma realpolitik həmişə öz şərtlərini diqtə edir. Ya zəlzələdən, ya vəlvələdən - sonucda Rusiyanın hərbi kontingentini Qarabağda yerləşdirilməsinə razılıq verməli olduq. 10 noyabrda Azərbaycanın üçtərəfli bəyanata imza atmasının səbəblərini yalnız Rusiyanın təhdidi kontekstində dəyərləndirmək və bunu "dünyanın sonu" saymaq yanlışdır. Etnik təmizləmə təhdidi, qarşıdan qışın gəlməsi, düşmən qüvvəsinin daha güclü istehkamlara sahib şimal cəbhəsində toplanması, çətin relyefdə daha çox itki riski ( Ordumuzun 2783 şəhid verməsindən hərbi-siyasi rəhbərlik şübhəsiz ki, xəbərdar idi) və s. sərf-nəzər edilə bilməzdi.


Ən ciddi faktor, şübhəsiz ki, Türkiyədir. Ankaranın İkinci Qarabağ müharibəsindəki rolu misilsizdir və onun Cənubi Qafqazdakı payı və önəmi sürətli tempdə artır. Bəziləri (özəlliklə də quyruqları Rusiya və İrana kimi uzananlar) nüvə Rusiyasına qarşı nüvəsiz, "panturançı NATO üzvü" Türkiyənin duruşunu ironik qiymətləndirirlər. Amma Rusiya bütün parametrləri üzrə postsovet məkanı üçün düşən dəyərdir. Vətən Müharibəsində çox qazancımız oldu, qardaş, dost və qarant Türkiyənin Cənubi Qafqaza 100 ildən sonra qayıdışı ayrıca qazancdır. Odur ki, Dnestryanı, Donbas, Cənubi Osetiya və Abxaziya ilə Qarabağ arasında paralellər aparanlar bir qədər düşünsünlər. Qərb Qarabağı heç vaxt bizə qaytarmayacaqdı. ABŞ və kompaniyası postsovet məkanın digər yerlərində də Rusiya ilə hərbi toqquşmalara girməyəcək. Rusiya içdən sökülməsə, çöldən çətin ki, yıxa bilsinlər. Əgər Gürcüstanın arxasında öz Türkiyəsi olsaydı, 2008-ci il müsibəti başına gəlməzdi...


Yeri gəlmişkən, millət vəkili Rasim Musabəyovun Rusiyanın NTV telekanalına qalmaqallı müsahibəsi ayrıca paraqraf mövzusudur.


Musabəyov türk sülhməramlılarının Dağlıq Qarabağda olmasına qarşı çıxış edir və bunun izahını belə verir ki, erməni özünü təhlükəsiz hiss etməz.


Musabəyov daha əvvəl bir statusunda "Türkiyənin F-16 eskadrilyası Azərbaycanda daimi və yaxud rotasiya qaydasında qala bilər" yazmış və əlavə etmişdi: "Bu Türkiyənin hərbi kontingentinə, müşavirlərinə və s. də aiddir. Bizim hərbi əməkdaşlığımızın belə genişlənməsi isə müvafiq qaydada hüquqi baxımdan leqallaşdırılmalıdır. Ümid edirəm ki, bu lazımi vaxtda baş verəcək”.


Belə çıxır ki, Azərbaycanda Türkiyənin hərbi iştirakı qeyri-leqaldır. Halbuki iki ölkə arasında 10 il əvvəl imzalanmış müvafiq strateji əməkdaşlıq sazişi var. Digər yandan, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Türkiyədən yalnız mənəvi-siyasi dəstək alındığını deyir, deputat isə hərbi kontingentdən danışır. Bu, savaşın əvvəlində CHP sədrinin müavini, Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviközün "Qarabağda cihadçıların vuruşması" ilə bağlı "gap"ına bənzər arxadan zərbədir.


Deputatın F-16-ların "daimi və yaxud rotasiya qaydasında qalması"na dair təklifi isə xeyli güldürdü...


Qələbə fonu Azərbaycanın siyasi mühitində konstruktiv dialoq üçün zəmin yaradır. Amma Qarabağ savaşının nəticələri ətrafındakı siyasi atışmaların patoloji nifrət saçan monoloqlarla, zəhlə tökmək və bir-birinin cızdağını çıxarmaqla, şəhid mövzusunu polemika predmetinə çevirməklə davam etməsi kədərlidir.


Bu arada yunan Kiprinin NATO üzvü olmadığını bilməyən bir keçmiş səfir əcaib "siyasi təhlillər" edir, "geosiyasi proqnozlar" verir. Türkiyənin ünvanına birbaşa söz deməyə cəsarət etmir, amma qarasınca danışır. Qərb, Rusiya və İran Ərdoğanı ətraf regionlarda gərginlik yaradan "pantürkçü, panturançı, panislamçı sultan" kimi təqdim edir. Adam onların dalınca düşüb Türkiyəyə etimadı sarsıtmaqla məşğuldur. Maraqlıdır, hərif Paşinyanla Putin 10 noyabr bəyanatının pərdəarxası ilə bağlı nə deyirsə, "səmimi-qəlbdən" inanır. Halbuki, pərdəarxası sirlərin üzə çıxarılması manipulyasiya ola və doğruluğu şübhəli ola bilər.


Həmin keçmiş diplomat "dahiyanə qənaət"ə varıb: Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsindən ona görə narahatlıq yaradır ki, Azərbaycanın "daxili siyasətinə və hakimiyyətin demokratik yolla dəyişməsinə qarışa bilərlər".


Başqa bir siyasətçi Fransa parlamentinin qətnamələrini "strateji kursunu Moskvaya doğru" dəyişən Azərbaycana Qərbin narazılığının nəticəsi sayır...


Bəzi dairələr hələ də "dəqiqləşdirirlər": Rusiya kontingentinin gəlişi ilə "Qarabağ yenidən işğal olunub", "Hakimiyyət Qarabağl satıb", yoxsa "Azərbaycan suverenliyini itirib"?


Bir başqası "ortada" qalıb: sentyabrın 27-də əks-hücuma keçməklə düz etmişik, yoxsa səhv? Birisi isə əmindir ki, iti qovmasaydıq, sahibi gəlməzdi...


Yəqin ki, düşməni İrəvana kimi qovsaydıq, yenə narazı tapılardı - hər işə qulp qoymaq bizdə
qədim adətdir..


***


Bir gün Molla Nəsrəddin oğlunu yanına salıb ulaqla gedirmiş. Yoldan keçənlər deyirlər:

- Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır.

Molla eşşəkdən düşüb uşağı mindirir. Yol qırağında oturanlar yenə lağ edirlər:

- Ağsaqqal kişiyə bax! Uşağı mindirib eşşəyə, özü piyada gedir.

Molla bu dəfə uşağı tərkinə alır. Yoldan ötənlər yenə qulp qoyurlar:

- Əşi, belə iş olar! İki yekə adam cansız eşşəyə minib.

Molla əlacsız qalıb uşaqla birlikdə ulaqdan enir. Piyada yola düşürlər. Camaat yenə əl çəkmir:

- Nə ağılsız adamlardır! Yanlarında eşşək ola-ola ikisi də piyada gedir.

Mollanın əlacı kəsilir və eşşəyi belinə almalı olur...

Yəni, hər "qulp"a önəm versən, gərək eşşəyi belinə alasan!

Təbii ki, normal təklif, təşəbbüs və ideyalara, çıxış yollarına və ortaq platformalara ehtiyac var. Bizi Qələbəyə aparan sinerji bunun üçün effektiv təməl yaradır. Vətən müharibəsi elə fenomendir ki, daxili siyasətə, cəmiyyət həyatına öz təsirini göstərməyə, yeni və fərqli reallıq yaratmaya bilməz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok