Modern.az

Azərbaycanlılarla erməniləri dindarlar barışdıra BİLƏR

Azərbaycanlılarla erməniləri dindarlar barışdıra BİLƏR

Ölkə

4 Noyabr 2022, 13:58

Sülh danışıqları çərçivəsində Azərbaycan və Ermənistan din xadimləri arasında görüşlərin keçirilməsi planlaşdırılır. Oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə imzaladıqları üçtərəfli bəyanatda bununla bağlı xüsusi məqam yer alıb. Bildirilib ki, sülhün əldə olunması üçün parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri ilə yanaşı, din xadimlərinin də bir araya gəlməsi mühüm əhəmiyyətə malikdir.  

 

Bəs, Azərbaycanın din xadimləri erməni həmkarları ilə görüşə hazırdılarmı? Belə bir görüşün baş tutması nəyi dəyişə bilər? 

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, hansı ölkənin təşəbbüsü olmasından asılı olmayaraq, Azərbaycan dini liderlərin görüşündə iştirak etməlidir:

 

“Bu prosesdə iştirak etmək bizim lehimizədir. Soçi görüşü Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə Ermənistanın diqqətinə çatdırdı. Bu kimi görüşləri davamlı olaraq keçirməliyik, mövqeyimizi qarşı tərəfə çatdırmalıyıq. Prezidentin yanaşması, Ermənistanın addımları prosesin hansı istiqamətdə getdiyini göstərir. Belə görüşlərlə bağlı Azərbaycan cəmiyyətində ciddi narahatlıqlar olur, ancaq buna ehtiyac yoxdur”.

 

Deputat hesab edir ki, dini xadimlərinin və dini liderlərin görüşünün iki cəmiyyət üçün müsbət nəticələri ola bilər.

 

 

Azərbaycan İlahiyyat Universitetinin rektoru Aqil Şirinov isə vurğulayıb ki, din xadimlərinin danışıqlar aparması düşmənçilik meyillərinin qarşısının alınmasına təsir göstərəcək.

 

“Ermənistan kilsəsi müharibə dövründə barışdırıcı mövqedən çıxış etməyərək, çox aqresiv mövqe sərgilədi. Bu mövqe erməni cəmiyyətində azərbaycanlılara qarşı düşmənçilik meyillərini daha da artırdı. Görüşlərin keçirilməsi həm də ona görə müsbət hal olardı ki, erməni cəmiyyətində sülhə qarşı düşmənçilik meyillərinin aradan qaldırılmasına az da olsa öz töhfəsini verə bilər. Erməni din xadimlərindən fərqli olaraq, Azərbaycanın din xadimləri həmişə barışdırıcı mövqedən çıxış ediblər. Aramızda olan savaş vətən savaşı idi, dini savaşı kimi səciyyələndirilə bilməz. Azərbaycanın ərazi bütövlüyü uğrunda müxtəlif dinlərin nümayəndələri öz canlarından keçiblər. Azərbaycandakı dini mühit aqressivlikdən həmişə uzaq olub. Ümidlər az olsa da, belə görüşlər erməni kilsəsinin gələcəkdə bu mövzuda düşmənçilik mövqeyindən deyil, konstruktiv mövqedən çıxış etməsinə töhvə verə bilər”.

 

 

A.Şirinov onu da bildirib ki, dini liderlərin görüşü iki cəmiyyət arasındakı münasibətin konstruktiv zəminə çəkilməsinə qismən də olsa müsbət təsir göstərə bilər:

 

“Din xadimləri siyasətçi, dövlət idarəçisi deyillər. Əsas məsələ şübhəsiz ki, siyasi müstəvidə həll olunacaq. Ancaq cəmiyyətlər də gələcəkdə bir-biri ilə barışmalıdır. Sülh şəraitində yaşamaq üçün hər iki cəmiyyət buna hazır olmalıdır.  Ermənistan cəmiyyətindəki neqativ münasibətin aradan qaldırılması üçün erməni din xadimlərinin üzərinə böyük vəzifə düşür. Belə görüşlərin necə və hansı formatda keçiriləcəyinə dair məlumatım yoxdur. Hazırda əlimizdə olan tək məlumat bəyanatda öz əksini tapan məqamdır. Əlavə məlumat olmadığından ətraflı fikir yürütmək mümkün deyil”.

 

Qeyd edək ki, sonuncu dəfə 2021-ci ilin oktyabrında Patriarx Kirill Moskvadakı Danilov monastırında II Qaregin və Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlar aparıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi