Modern.az

Minaya düşən əsgərin atası: “Oğlum idmançı olub, 9 medalı var”

Minaya düşən əsgərin atası: “Oğlum idmançı olub, 9 medalı var”

3 Aprel 2023, 11:47

“Oğlumla sonuncu dəfə 3 gün əvvəl danışdıq. O, bizi arxayın etdi ki, hər şey qaydasındadır, xidmət etdiyi ərazidə atışma olmayıb”.

 

Bunu Modern.az-a açıqlamasında ötən gün minaya düşərək həlak olan əsgər Novruz Niftalıyevin atası, Qəbələ rayon sakini Eldəniz Niftalıyev bildirib:

 

“Sonuncu dəfə telefonla danışdıq. Özü zəng eləmişdi, dedi ki, “narahat olmayın mən arxadayam, biz olan yerdə heç bir problem yoxdur”. Hər dəfə belə deyirdi. Heç vaxt sirrini verməzdi, “hər şey yaxşıdır” deyərdi. Oğlumun hərbi hissəsinin nömrəsini də bilmirdim. Hadisənin necə baş verməsi haqda bizə dəqiq məlumat verilməyib. Nə deyim, Vətən sağ olsun”.

 

E.Niftalıyev övladının əsgərlikdən əvvəl cüdo ilə məşğul olduğunu, bir neçə dəfə mükafata layiq görüldüyünü söyləyib:

 

“Dərslərini zəif oxuyurdu, ən yüksək qiyməti 3 idi, ancaq çox yaxşı idmançı idi. Cüdo üzrə 9 medalı var. Qəbələ İdman Klubunun ən yaxşı cüdoçularından idi. Orada məşqlər edirdi, bir müddət sonra boyu, çəkisi uyğun olmadı deyə cüdodan imtina edərək,  hərbi xidmətə yollandı”.

 

Atasının dediyinə görə, Novruz əsgəri xidmətini başa vurduqdan sonra hərbidə qalmağı planlaşdırırmış:

 

“Məzuniyyətə gələndə mənə narahat olmamağımı, şəraitin yaxşı olduğunu dedi. Xidmətini hərbçi kimi davam etdirmək istəyirdi. Heç nəyə ehtiyacının olmadığını bildirdi. Evə gəlməyinə 6 ayı qalmışdı. Gələ bilmədi...”

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Hadisə Tərtər rayonunun azad olunmuş ərazisində baş verib. Hadisə zamanı həlak olan 2004-cü il təvəllüdlü əsgər Qəbələ rayonunun Nohurqışlaq kənd sakini olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var