Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Qəzza İslam Universiteti tərəfindən fəxri doktor adı verildi. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, fəxri doktor adını qəbul edən Ərdoğan bu adı türk milləti adına qəbul etdiyini bildirib. Ərdoğan “bildirmək istəyirəm ki, bu adı ölənə qədər daşıyacağam“ deyib. Məlumata görə, Qəzza Universitetinin idarə heyətinin rəhbəri Camal Naci Hidarı fəxri doktor adını Ərdoğana təqdim etmək üçün İsrailin blokadası altında olan Qəzzadan Ankaraya gəlib. Ərdoğan onu Başbakanlıq binasında qarşılayıb. İsrailin Qəzzaya qarşı tətbiq etdiyi embarqo siyasətinə işarə vuran Hidari Ərdoğana “Qəzzadan İstanbula, İstanbuldan Ankaraya gəlməyin nə demək olduğunu siz yaxşı bilirsiniz” deyib.
Hidari qeyd edib ki, Qəzza İslam Universitetinin müəllim heyəti, tələbə və əməkdaşlarının birgə qərarı ilə Ərdoğana fəxri doktor adı verilib. Ərdoğan 1978-ci ildə qurulan Qəzza Universitetinin çox cətin şəraitdə fəaliyyətini davam etdirdiyini vurğulayıb.O, bombalar altında, işğal şəraitində insan haqlarının hər gün pozulması şəraitində 32 ildir ki, akademik həyatını davam etdirdiyi üçün Qəzza universitetinin müəllim-tələbə heyətini təbrik edib
Qeyd edək ki, fəxri doktor adını təqdim etmək üçün universitet rəhbərliyi Ərdoğanı Qəzzaya dəvət edib. Lakin baş nazir iş qrafikinin çox zəngin olması səbəbindən Qəzzaya gedə bilməyib.