Dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub. Bunu Trend-in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.
Rəis müavini qeyd edib: "Müstəqilliyimizin ilk illərində - Silahlı Qüvvələrimizin hələ formalaşmadığı bir dövrdə milli müdafiə funksiyalarını həyata keçirən, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1695 şəhid vermiş, 1710 nəfəri yaralanmış, 68 əməkdaşı "Milli Qəhrəman" adına layiq görülmüş daxili işlər orqanlarının əməkdaşlarına qarşı bəzi kütləvi informasiya vasitələrində aparılan "gözdənsalma" kampaniyası onları çox narahat edir. Artıq uzun illərdir ki, Azərbaycan sabitliyin, əmin-amanlığın qorunması sahəsində, eləcə də əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı baxımından dünyanın öncül dövlətlərindən biridir. Bəs belə olduğu təqdirdə bəzi media orqanları tərəfindən polisə göstərilən soyuq münasibətin səbəbi nədir?
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin rəis müavini bu məsələlərə avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.
Modern.az