Uzun illərdir ofisi tərcümə mərkəzinin binasında yerləşən “525-ci qəzet” sentyabr ayından yeni ofisində fəaliyyət göstərməyə başlayıb.
Modern.az xəbər verir ki, prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təsis edildikdən sonra qəzet redaksiyasının da yerləşdiyi binada təmir-bərpa işləri aparılacaq. Buna görə də eyni binada qonşu olan Tərcümə Mərkəzinin və “525-ci qəzet”in əməkdaşları da başqa yerə köçüblər.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, indiki ofis əvvəlkindən qat-qat səliqəlidir: “Dünən yeni ofisimizdə fəaliyyətə başlamışıq. Qəzetin bugünkü sayını da yeni ofisdə buraxmışıq. Düzdür, yeni ofisdə icarə haqqı daha yüksəkdir, amma indi səliqəli binadayıq. Normal şəkildə yerləşmişik”.
Qeyd edək ki, “525-ci qəzet”in yeni ofisi Nərminov prospektindəki binanın 6-cı mərtəbəsində yerləşir. Ofisin 200 kvadratdan artıq yeri var.
Rüfanə Günəş