
Təhsil Nazirliyi Lökbatan qəsəbəsində yerləşən 106 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı açıqlama verib. Nazirlikdən Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, olayla bağlı araşdırma aparılır:
“Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəbin 7-ci sinfində dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin daxili nəzarət sektorunda araşdırma aparılır. Hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb”.
Qeyd edilib ki, hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək:
“İlkin araşdırmaya görə hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda şagird dərsdədir”.
106 saylı orta məktəbin 7dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib. Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.
Məktəbin direktoru Təranə Qasımova açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da bir az özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb, fikirləşiblər nəsə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər.
Xatırladaq ki, hadisə ilə bağlı ilk xəbəri “Qafqazinfo” yayıb.
Gülşən RAUFQIZI