Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq yanvarın 20-də Füzuli rayonundakı Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, ruhlarına dualar oxunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirib. Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan Alı Alıyev mərhum dövlət başçısı Heydər Əliyevin o vaxt hələ Moskvada ikən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, onun səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirub.
“20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaqdır",-deyə A.Alıyev bildirib.
Çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Həmin gün saat 12:00-da bütün resapublikamızda olduğu kimi Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənən tədbirlər planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, faciə qurbanları yad edilib. Füzuli Dövlət Dram Teatrında isə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilib.






Modern.az