Modern.az

“Əbədiləşən ömür yolu”

“Əbədiləşən ömür yolu”

Təhsil

22 Yanvar 2016, 14:05

Onunla eyni şəhərdə doğulmağımla həmişə fəxr etmişəm. İdeal hesab etdiyim insanlardandır. İlk hazırladığım film də məhz onun haqqnda olub.

Düz iki ay, gecəmi-gündüzə qatıb araşdırma apardım. Televiziyada özümü təsdiqləmək üçün ilk işim idi. Alındı da. Sevimli qəhrəmanım mənə istədiyim uğuru qazandırdı.

O, mənimçün qeyri-adi adamdır. 35 il yaşayıb. Amma  bu qısa müddətə uzun bir ömrü sığdırıb. Bunu ancaq seçilmişlər bacarırlar. O da seçilmiş idi...

Kərpic zavodunda fəhlə işləyən Əhəd kişinin evində doğulmuşdu. Atası dünyadan vaxtsız gedir.  Qəhrəmanım 13 yaşında ailənin bütün yükünü çiyinlərinə alır. Atası kimi kərpickəsən olur. 

Təhsil almağı da unutmur. Çünki, məqsədləri vardı. Hərbiçi olacaqdı. Olur da.

Bu marağı onda qonşuluqlarında yaşayan general Səməd bəy Mehmandarovun Zaqafqaziya hərb məktəbində təhsil alan qardaşı oğlu Rəşid Mehmandarov yaratmışdı. O, hər dəfə evlərinə gələndə Həzi ilə  görüşür, ona öyrəndiklərindən həvəslə danışırdı.   

Bir gün baş verən dəhşətli hadisə bütün bəşəriyyəti lərzəyə gətirir. 1941-ci il, iyunun 22-sində Faşist Almaniyası  Sovet İttifaqına gözlənilmədən hücum edir. İlk günlər üstünlüyü əllərində saxlamağı bacaran düşmənin yalnız bir planı var idi. SSRİ-nin işğalına nail olmaq.

Sovet qoşunlarının gücü və möhkəmliyi üçün ağır sınaq günləri başlamışdı. Bu sınaqdan Həzi Aslanov şərəflə çıxır. Hərbi bacarıqları ona saysız orden və medallarla yanaşı, 2 dəfə Sovet İttifaqı Qəhərmanı kimi yüksək  ad da qazandırır.


Onun uğurlarına sevinənlərlə yanaşı qıcıq olanlarda tapılır. Hədəflərinə,  cinahdan zərbə endirməklə şöhrət qazanan cəsur döyüşçü bu dəfə özü zərbəyə məruz qalır.

1945-ci ilin əvvəllərində Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda Müdafiyə Nazirliyi yaradılırdı. Azərbaycanda bu məsələ ilə bağlı Mircəfər Bağırov Mərkəzi Komitədə keçirdiyi iclasda nazirin kim olacağı məsələsini müzakirəyə çıxarır. O, Həzi Aslanovun namizədliyini irəli sürür. SSRİ rəhbəri İosif Stalin də təklifə razılığını verir.

1945-ci il yanvarın 23-də 1-ci Pribaltika cəbhəsinin komandanı Baqramyan, yüngülcə yaralı olan Həzi Aslanovu xəstəxanadan yanına çağırıb deyir:

-Səni Təbrik edirəm. Böyük bir vəzifəyə gedirsən.

Sonra əlavə edir.

-Biz, bu gün-sabah əməliyyata başlamalıyıq. Yaxşı olardı ki, özün gedib hücum sahəsini təyin edəsən. 

Sonralar məlum olur ki, həmin ərazidə heç bir hərbi əməliyyat həyata keçirilməyib. Bu yalnız və yalnız erməni əsilli Baqramyanın qurduğu məkrli plan imiş. 

Həzi Aslanov komandanın qəbulundan çıxıb, dincəlmək üçün içində isti soba olan butkalı maşında oturur. Aradan on-on beş dəqiqə keçmiş həmin yer altı lüləli minaatandan atəşə tutulur. Aslanov ağır yaralanır.

Generalı Moskvaya aparmaq üçün göndərilən xüsusi təyyarə də yalnız ertəsi gün havaya qalxır. Qəhrəmanım dünyasını dəyişəndən sonra...

Yaxın dostu Beqiaşvilinin xatirələrindən:

-Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürülməli idi. Mən Həziyə qanımdan verdim. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edildi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra düz 23 saat sağ qaldı. 

71 il əvvəl, yanvarın 22-sində 35 yaşını qeyd edən “dəmir” atlı cənavər iki gün sonra dünyaya gözlərini əbədi yumur…

2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlının ölümü adi ölüm deyildi. Burada müxtəlif maraqlar, məkrli siyasət və gələcəkdə kimlərinsə potensial postuna yiyələnəcək bir şəxsin planlı surətdə aradan götürülmüəsi var idi.

Ürəyim rahatdır. Çünki tarix yaranışından daim ədalətin zəfər çaldığı qələbə sədalarıyla köklənib. Həzi Aslanov həm sağlığında, həm də ölümündən sonra bu sədalar altında daim bizimlə, gələcək nəsillərlə yaşayacaq və qəhrəmanlıq adlanan böyük bir ideya yaşadacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et