Modern.az

Azərbaycana pomidor idxalında heç bir artım olmayıb - Dövlət Xidməti

Azərbaycana pomidor idxalında heç bir artım olmayıb - Dövlət Xidməti

Təhsil

18 Fevral 2016, 21:36

 

2016-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib.

C.Quliyevin sözlərinə görə, Rusiyanın bəzi mətbuat orqanlarında bunun Türkiyə istehsallı pomidor hesabına olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Birincisi, Rusiyanın Türkiyədən bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməsindən sonrakı dövr ərzində Azərbaycana pomidor idxalının həcmi əvvəlki kimi cüzi səviyyədə olub - 2015-ci ilin dekabr ayında 23,6 ton, 2016-cı ilin yanvar ayında isə cəmi 127,9 ton (bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır). Yəni sonradan Rusiyaya məhsul ixrac etmək üçün Azərbaycana pomidor idxalında heç bir artım olmayıb. İkincisi, Rusiyanın bir sıra ölkələrdən kənd təsərrüfatı və ərzaq məhsulları idxalını qadağan etməsindən sonra yaranan yeni bazar imkanlarını, təbii olaraq, uzun illər ərzində ənənəvi Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı sahibkarlar da dəyərləndirdilər. Xüsusilə respublika Prezidenti cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması tədbirləri kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasında ciddi dönüş yaradıb".

Onun sözlərinə görə, eyni zamanda manatın devalvasiyası siyasəti Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə istehsalın və ixracın həcminin artırılmasında önəmli rol oynayır: "Məsələn, cari ilin yanvar ayında ölkədə tərəvəz istehsalı ötən ilin müvafiq dövrünə nəzərən 6,7 faiz çoxalıb (natural ifadədə)".

Xatırladaq ki, Rusiya KİV-də təkcə yanvar ayında Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun həcminin 5 qat artdığı barədə məlumat yayılıb. Rusiya tərəfi ehtimal edir ki, bu məhsulların əksər hissəsi Türkiyədən Azərbaycana gətirilir və azərbaycanlı həmkarları tərəfindən sertifikat verilir. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert artıq Rusiya tərəfinin narahatlığı ilə bağlı Azərbaycanın müvafiq qurumlarına məktub göndərildiyini deyib. O bu məsələnin daha dəqiq araşdırılması üçün rus müfəttişlərin pomidorların istehsal olunduğu istixanaların yoxlanılması üçün Azərbaycana ezam edilməsini istisna etməyib.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et