Modern.az

Ombudsmandan TƏKLİF: bağçalar Təhsil Nazirliyinə QAYTARILSIN

Ombudsmandan TƏKLİF: bağçalar Təhsil Nazirliyinə QAYTARILSIN

Təhsil

29 Fevral 2016, 14:49

Uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdır. 

Modern.az xəbər verir ki, bu barədə Ombudsmanın 2015-ci il üzrə illik hesabatında qeyd edilib.

Bildirilib ki, orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair TQDK-nın açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir.

Eyni zamanda, I siniflərə şagirdlərin qəbulu zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir. Bu da bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqları xüsusi repetitorlara yönəldərək pul sərf etmək məcburiyyətində qoyur.

Bunun əsas səbəbləri kimi məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşmasıdır.  

Hesabatda həmçinin vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsi məqsədəmüvafiqdir.  

İbtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər.

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər.  

Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratmalıdır.

Tədris prosesinin düzgün təşkil edilməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəyyən edilən qaydada icra etməsi təhsilin səviyyəsinin artırılmasında əhəmiyyətli vasitədir. Bununla yanaşı, şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə, fiziki və mənəvi zorakılığa yol verilməsinə görə məsuliyyətin də ciddiləşdirilməsi zəruridir.    

Aytən ZƏHRA  

 
Twitter
Sizə yeni tvit var
Keçid et