Modern.az

14 saylı Ərazi Vergilər İdarəsində qanun pozuntuları

14 saylı Ərazi Vergilər İdarəsində qanun pozuntuları

Təhsil

2 Mart 2016, 11:49

 

Azərbaycan Respublikası  Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında  Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.

Hesablama Palatasının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iclasda yoxlama qrupunun məruzəsi ilə yanaşı fəaliyyət istiqaməti üzrə məsul Auditorun auditin nəticələri üzrə məlumatı dinlənilmiş, Kollegiya Qərarının layihəsi müzakirə edilib. 

Nəzarət tədbiri nəticəsində ƏVİ tərəfindən hesabat dövrləri ərzində bir sıra parametrlər üzrə proqnozların tam icra olunmadığı, bəzi hallarda vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmadığı, həmçinin vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilib. 

Nəzarət tədbirinin nəticələrini ümumiləşdirərək Auditor ƏVİ tərəfindən borcların artmasının qarşısının alınması məqsədilə vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunması, aksiz vergisi üzrə potensial mənbələrin aşkar olunması üçün kompleks tədbirlərin görülməsi, fəaliyyətin son hədəfi kimi vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi istiqamətində inzibatçılığın daha da gücləndirilməsini zəruri hesab etmişdir.

Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində borcların təminatı kimi xüsusilə iri dövriyyələri olan vergi ödəyicilərinin istehsal güclərini təmin edən əsas vəsaitlərinin və digər maddi qiymətlilərinin maliyyə (vergi) hesabatlarında vaxtında və tam həcmdə əks etdirilməsi, həmçinin fəaliyyətləri mənfəətlə nəticələnən vergi ödəyicilərinin illər üzrə rentabellik səviyyəsinin azalması hallarının əsas səbəblərinin müəyyənləşdirilməsi tövsiyə olunub. 

İclasda Kollegiya Qərarının layihəsi müzakirə edilərək qəbul olunub.  

Qərarın surəti auditin nəticələri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilib, auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.  

Gülşən RAUFQIZI

 
Twitter
Sizə yeni tvit var
Keçid et