
Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" adlı hesabat hazırlayıb.
Trend-in məlumatına görə, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib ki, martın 1-də təqdim edilən hesabatda qanunsuz iqtisadi fəaliyyət, işğal edilmiş ərazilərə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və s. məsələlər əks olunub.
Onun sözlərinə görə, yeddi hissədən ibarət sənəddə Ermənistanın açıq resurslarından toplanmış məlumatlar əks olunub: "Faktlar göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət aparılır və bu fəaliyyətin təşkilinə görə məsuliyyət Ermənistanın üzərinə düşür".
H.Hacıyev qeyd edib ki, bu ərazilərdə qanunsuz istehsal edilən malların beynəlxalq bazarlara ixracında məhz Ermənistan tranzit məntəqəsi rolunu oynayır: "İşğal edilmiş ərazilərdə infrastruktur obyektlərin tikintisinə dair xeyli faktlar məlumdur, bundan başqa orada şərab-araq məhsulları istehsalı, İKT, bank və s. sahələrdə qanunsuz fəaliyyət həyata keçirilir".
Onun sözlərinə görə, hesabat bütün beynəlxalq təşkilatlara göndəriləcək: "Hesabatın ayrıca fəsli işğal edilmiş ərazilərə köçürülmə faktlarına həsr edilib. Suriyadan təqribən 20 min insanın işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi ilə bağlı təkzibedilməz faktlar var".
H.Hacıyev əlavə edib ki, 2005-cı ildə Azərbaycanın təşəbbüsü ilə ATƏT-də işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət faktlarının araşdırılması üzrə missiya yaradılıb: "Missiya aparılmış araşdırmadan sonra nəticəyə gəlib ki, işğal edilmiş ərazilərdə belə qanunsuz fəaliyyət Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həllinə mane olur".
Modern.az