
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. “Cənab Prezident belə bir təşəbbüslə çıxış etdi, biz də həmin qanun layihəsini qəbul etdik.
Bununla da ölkədə əhalinin depozitləri tam qorunmuş olur. Ümumiyyətlə, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, belə bir qanun var, Onu da qeyd edim ki, bu qanun icrası ilə bağlı dövlət başçısı tərəfindən artıq aidiyyatı strukturlara müvafiq taşırıqlar verilib”.
Deputat Vahid Əhmədov belə bir sərəncamın verilməsini çox mühüm addım kimi qiymətləndirib. O, “Lisenziyalar və icazələr haqqında”qanun layihəsindən də danışıb.
“Bildiyiniz ki, manatın devalvasiyasından, üzən məzənnəyə keçilməsindən sonra ölkənin bank sektorunda da ciddi problemlər yarandı. Eyni zamanda, banklarla əhali arasında bir sıra problemlər üzə çıxdı. Odur ki, belə bir sənədin qəbulu, müvafiq fərmanın verilməsi bank sisteminin sağlamlaşdırılmasına kömək edəcək.
Həmçinin, insanların banklara olan etibarını artıracaq. Çünki əgər əvvəllər yalnız 30 min manat miqdarında vəsait sığortalanırdısa, bundan sonra burada məhdudiyyət olmayacaq. Fors-major situasiya yarandığı təqdirdə də, əhalinin əmanətləti dövlət tərəfindən, daha doğrusu, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq”.
Vahid Əhmədov lisenziya və icazələrin eyni mahiyyət daşıdığını və icazələrin sayının həddən artıq çox olduğunu bildirib.
"Düzdür, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib. Amma hesab edirəm ki, bu say da çoxdur".
Qanun layihəsinin iqtisadiyyatın liberallaşdırılmasında mühüm rol oynayacağını deyən deputat Əli Məsimli qanunun işləməsinə nəzarət etməyin vacib olduğunu qeyd edib.
Sonda qanun layihəsi III oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Ağa AKİFOĞLU