71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova martın 1-də Bədəlan kəndindəki ofisində seçicilərini qəbul edib. Qəbulda Boradigah qəsəbəsi ilə yanaşı ətraf kənd və qəsəbələrdən də 100-ə yaxın vətəndaş iştirak edib. Millət vəkili bu qəbuldan çox məyus olduğunu dilə gətirərək Modern.az-a bildirib ki, Masallını artıq 11 ildir Milli Məclisdə təmsil edir: «Keçən illər ərzində mütəmadi olaraq seçicilərimlə həm Milli Məclisdə, həm də rayon ərazisində qəbul və görüşlərim olub, əhalinin və ümumilikdə rayonunun problemlərinin həlli üçün hökumət tərəfindən xeyli işlər görülüb, ciddi iqtisadi islahatlar həyata keçirilib və sosial proqramlar qəbul edilib.
Bildiyiniz kimi ünvanlı sosial yardımın verilməsi elektron formaya keçirilib, bununla da tam şəffavlıq təmin olunacaq. Bütün bunlar və bir sıra başqa tədbirlər imkansız ailələrin çətin iqtisadi durumdan çıxarılmasına yönəlib. Amma mən Bədəlanda keçirdiyim qəbul zamanı sosial yardımın əhalidə formalaşdırdığı ağır fəsadları bir daha əyani şəkildə müşahidə etdim. Deyərdim ki, 11 illik deputatlıq fəaliyyətim boyunca ilk dəfə belə bir mənzərənin şahidi olurdum.
Belə ki, qəbula gələnlərin demək olar ki, 80-90 faiz müraciətləri ünvanlı sosial yardımın və maddi köməyin edilməsi ilə bağlı idi. Mənim yadıma gəlir, əhalinin maddi durumu 10 il əvvəl bundan da çətin idi, amma o vaxtlar heç kəs özünə sığışdırıb xanım deputatdan pul istəməzdi, əsasən iş barədə müraciət edərdilər. Lakin ünvanlı sosial yardım əhalini ələbaxımlılığa öyrətdi. Bundan savayı cəmiyyət daxilində müxtəlif narazılıqılar yaratdı, belə ki, sosial yardım almayan alandan və dövlət orqanlarından, sosial yardımı alan onun həcminin azlığından, dövlət orqanları əhalinin onları bezikdirməsindən narazıdır. Zənnimcə ünvanlı sosial yardım bir institut kimi özünü o qədər də doğrultmadı, əksinə cəmiyyətdə fəsadlar törətdi. Lakin sosial ədalət təmin edilməlidir, buna görə həmişə səsləndirdiyim bir fikri yenə deyirəm, sosial yardımın əvəzinə uşaq pulu bərpa edilsə, daha məqsədəuyğun olardı. Bununla biz həm ədalətli pul bölgüsünü təmin edərik, həm də ölkənin demoqrafik vəziyyətinə əhəmiyyətli və müsbət təsir etmiş olarıq.
Qəbuluma gələn seçicilərin əksəriyyəti torpaqda işləmək, əkib becərmək istəmirlər. Hamı dövlətdən nəsə istəyir, yeni-yeni imtiyazlar gözləyir, pensiyanın aşağı həddindən şikayətlənir. Heç kəs düşünmür ki, mən dövlətim üçün nə edim, hamı sual verir ki, dövlət mənim üçün nə edib. Axı bu düzgün yanaşma şəkli deyil. Bütün yükü ölkə rəhbərinin üstünə atmaq olmaz. Əhalinin torpağa qayıdışı daha böyük sürətlə təbliğ və təşviq olunmalıdır, ən əsası da odur ki, sözdən əməllərə keçməliyik. Masallıda 9 min ha yaxın torpaq sahəsi əkilməmiş qalır, özü də bunlar subtropik iqlimə aid olan ən məhsuldar torpaqlardır, hansı ki, sovet vaxtında ildə 2-3 dəfə məhsul gətirərdi.
Buna görə təcili olaraq regionlarda iri təsərrüfat subyektləri yaradılmalıdır, bunun üçün də əhali arasında maarifləndirmə işləri aparılmalıdır.
Bundan əlavə rayon rəhbərliyinin təşəbbüsünü dəstəkləyirəm: belə ki, pay torpaqlarında əkin aparmayanlar 1-2 il ərzində cərimə olunsunlar, 3-cü ildə isə bu torpaqlar onlardan alınsın və başqa sahibkarlara verilsin. Mən belə administrativ tədbirin olmasının tərəfdarıyam, amma eyni zamanda təsərrüfat mexanizmi də yenidən işlənməlidir ki, kəndlidə əkib-becərməyə həvəs artsın. Dövlət kəndlinin yetişdirdiyi məhsulu yüksək qiymətlərlə almalıdır ki, fermerlərin istehsal etdikləri əlində qalmasın, məhsul xarab olmasın və onlar növbəti il yenidən məhsul yetişdirməkdə maraqlı olsunlar. Mən təkcə Masallıda yox, bütün Respublika ərazisində belə ciddi ölçülərin götürülməsinin tərəfdarıyam. Bu əhalidə məsuliyyət yaradar, onları torpağı əkməyə məcbur edər. Həmçinin Masallıda təxirəsalınmaz işlər görülməli, tərəvəz və meyvə emal edən iri müəssisələr yaradılmadı.
Yadımdadır ki, vaxtilə Masallıda “Nur” MMC şirkəti fəaliyyət göstərərdi, o, ixrac üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli konservləşdirilmiş məhsullar istehsal edirdi, zavodda mindən çox insan çalışırdı. Hesab edirəm ki, onun fəaliyyəti bərpa edilməlidir ki, yenə də əhalidən məhsullar alsın. Keçən il pomidor bol olduğu halda fermerlər onu 3-5 qəpiyə satmağa məcbur olurdular, ya da məhv edirdilər. Ona görə kəndliyə, sahibkara kömək etmək lazımdır ki, bu pomidorlar ixrac oluna bilsin. Kəndliyə münasibətdə dövlətin satınalma qiymətləri sistemi təzədən formalaşmalı, kəndliyə böyük güzəştlər olmalıdır, necə ki, Avropa İttifaqı və Qərb ölkələrində yerli fermerlərə güclü dəstək olunur. Məncə əsas problem bundadır, əhali görsə ki, onun məhsulu heç bir halda əlində qalmayacaq, heç kim almasa belə, ən sonda o məhsulu dövlət almağa qarantdır, onda onlar da əkin-biçinlə daha ürəklə məşğul olarlar.
Bundan əlavə, qəbul zamanı əhalidə özünə qarşı, cəmiyyətə qarşı, hətta öz ailələrinə qarşı məsuliyyətsizlik gördüm. Boşanmış insanlar öz övladlarına alimenti ödəmək istəmir, ödəyə bilmədiyi bir yana, boşandıqdan sonra qurduğu ikinci ailədə doğulan uşaqlara qarşı da qayğısızdır, ailəsini saxlaya bilmir, işləmək əvəzinə valideynlərin pensiyası hesabına yaşamağı üstün tutur. İş də təklif edəndə bildirir ki, 180-200 manat pula işləmək istəmir və ya bildirir ki, ona ağır iş olmasın, ali təhsili olmadığı halda rahat və yüksək maaşlı ofis işi istəyir. Buna görə də sonuncu qəbulda gördüklərimdən dolayı mənfi təəssüratla geri, Bakıya qayıdıram.
Ümid edirəm ki, qeyd etdiyim məsələlər aidiyyəti qurum rəhbərləri tərəfindən anlayışla qarşılanacaq və bu məsələlərin mərhələli həlli üçün təkliflər hazırlanacaq, ciddi addımlar atılacaq və müvafiq islahatlar aparılacaq. Bu, günümüzün tələbidir”.
Modern.az