“Rusiyanın Suriya ilə bağlı siyasətinə tamamilə bəraət qazandırmaq olar. Rusiya həmişə bildirir ki, ekstremistlərə, terrorçulara, radikallara qarşı səyləri birləşdirmək lazımdır”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti"yə müsahibəsində deyib.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında prezidentin fikirlərini şərh edib.
“Prezident İlham Əliyev, dövlətlərin maraqları nəzərindən çıxış edib. Həmçinin, Rusiya ən yaxın strateji müttəfiqimizdir. Prezidentin həm Suriya məsələsinə dair həm də Türkiyə-Suriya münasibətlərinə dair Son dövrlərdə Türkiyənin İŞİD-ə, PKK-ya qarşı apardığı antiterror əməliyyatları haqqında söylədikləri tam olaraq həqiqəti əks etdirir. Qardaş ölkənin prezidenti kimi çox böyük təəssübkeşlik nümayiş etdirir. Bunu alqışlayıram”.
Siyasi ekspert bildirib ki, Azərbaycan da terrordan əziyyət çəkən dövlətlərdəndir.
“Dünyanın hansı nöqtəsi olursa-olsun, Azərbaycan terrora qarşı mübarizəyə qoşulur. Prezidentin çıxışında bu notlar çox yüksək səviyyədə səsləndirildi. Bu o deməkdir ki, Azərbaycan terrorun qəti əleyhinədir. Yeri gələndə antiterror fəaliyyətinə dəstək vermək niyyətindədir. Azərbaycan, terrorizmin bütün dünyada kökünün kəsilməsinin, insanların terrordan əzab çəkməməsinin tərəfdarıdır”.
Namidə BİNGÖL