25 il sağaltdığı xəstəliyin tükətdiyi Vətəndaş Vətən - Kəlbəcərsizlik xəstəliyinin qurbanı
Kim üçün həkim, kim üçün müəllim, kimisi üçün də ağsaqqal olsa da, onun tam fərqli özəlliyi vardı: Bəhram Sarıyev el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Kəlbəcərləşən adam idi... Kəlbəcər bir məkan olaraq, öz ruhunu Bəhram həkimə köçürmüşdü... Bütün kəlbəcərlilər də hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkirdilər...
***
Bəhram Sarıyev həm də SƏS olaraq yaşayıb... Kəlbəcər dağlarının şairənəliyindən, vüqarından yaranan bir saz səsi kimi...
Yurdun ruhu, yaddaşı həmişə bu səsdə oyaq qalıb.
Bəzən bir cərrah kimi barmaqlarında dillənib, insanlara şəfa verib, bəzən müəllim kimi nitqində danışıb zehinlərə işıq salıb, bəzən bir ağsaqqal kimi təmkinli görkəmində işıqlanıb, insanlara yol göstərib bu SƏS
Amma SƏS kimi yaşayan Bəhram Sarıyev istər barmaqlarında, istər nitqində, istərsə də təmin və müdrikliyində hər zaman hər kəsə Kəlbəcər ruhu, ovqatı ötürüb...
***
Bəhram həkim doğma Kəlbəcəri ruhuna yerləşdirib və onu bir qala kimi qoruyub.
Ağır illərdə yaradılan Murovdağ Cəmiyyəti Bəhram Sarıyevin əslində, ictimailəşmiş variasiyası idi… O, darda olan kəlbəcərlilərə yardım edib, onların harayına çatmaq üçün bu yolu seçmişdi. Murovdağ, başqa cür desək, cəmiyyətləşən Bəhram həkim öz işini layiqincə də gördü…
Oradakı kabinetinə də bütün Kəlbəcəri sığdıra bilmişdi. Deyilənə görə, kabineti sanki palata idi və Kəlbəcər yaralılarını orada səhərdən-axşama müalicə edib, sağaldırdı.
Amma onun başqa əsas vəzifəsi var idi: Qan itirənə qan vurulduğu kimi, Kəlbəcəri itirənlərə də Kəlbəcər ruhunu Bəhram həkim köçürürdü… Özünün söz-söhbəti, şeir-sovqatı, ağayana təmkini, mülayim siması ilə…
O, kəlbəcərlilər üçün kəlbəcərsizliyin ən yaxşı donoru idi…. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Kəlbəcər köçürürdü…Ona görə də, Bəhram həkim dünyasını dəyişəndə bu elin insanları sanki Kəlbəcəri yenidən itirdilər….
***
O, həm də müəllim idi. Lakin hamının bildiyi kimi təkcə Tibb Universitetinin müəllimi olmayıb. Doğrudur, bu işində də xeyli tələbələr yetişdirib, dəyərli həkimlər formalaşdırıb. Amma onun həyatdakı əsas tədris predmeti tibb olmayıb. Bəhram müəllimin əsas tədris predmeti Kəlbəcər idi… O, varlığı ilə, həyat tərzi ilə, sözü-sovu, baməzə və müdrik, şairanə nitqi ilə insanlara Kəlbəcəri, daha doğrusu, bu yurdun mahiyyətini öyrədirdi. Tibbin hər hansı sahəsini bəlkə də başqasından öyrənmək olardı. Amma kəlbəcərçilik dərsini isə Bəhram müəllimdən yaxşı tədris edən kimsə tapılmazdı…
***
Bəhram Sarıyev vəfatı ilə həm də vacib bir işi görmüş oldu: İçindəki ruhu-mikrokəlbəcəri, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna –Makrokəlbəcərin təbiətinə qaytardı… Kiçik zərrə öz Günəşinə qovuşdu…Bəhram Sarıyev bu gün doğma Kəlbəcərin kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə nə həkim, nə müəllim nə də bir donor kimi yardım edə bilmir…
***
Əvvəldə də dediyimiz kimi, Bəhram həkim kəlbəcərlilər üçün kəlbəcərsizliyin ən yaxşı donoru idi…. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Kəlbəcər köçürürdü…Övladlarının da dediyi kimi ömrünün son iki ilini yataqda keçirib, fizioloji qocalıqdan əziyyət çəkdi…
Amma bəlkə də onu əldən salan, tükəndirən elə bu donorluq missiyası idi… O, ruhundakı Kəlbəcəri misqal-misqal hər kəsə ötürüb, özünü kəlbəcərsizliklə tükətdi, sonuna hazırladı… Başqa cür ola da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Bəhram həkimə yalnız doğma Kəlbəcərin özü lazım idi…
***
Bəhram Sarıyev vəfatı ilə içindəki ruhu-mikrokəlbəcəri, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna–makrokəlbəcərin təbiətinə qaytardı…
O, bu gün doğma Kəlbəcərin kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə nə həkim, nə müəllim nə də bir donor kimi yardım edə bilmir…
Nəinki Bəhram həkim, bu gün bütün dünya Kəlbəcərsizlik xəstəliyinin müalicəsində acizdir...