Modern.az

AŞPA bu yolla Azərbaycanı təzyiq altında saxlaya bilməyəcək! - Türkiyədən sərt AÇIQLAMA

AŞPA bu yolla Azərbaycanı təzyiq altında saxlaya bilməyəcək! - Türkiyədən sərt AÇIQLAMA

30 Yanvar 2024, 09:44

24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

 

Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri qətnaməyə qarşı çıxış ediblər. Səsvermə zamanı isə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.

 

Bu ədalətsiz qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.

 

Türkiyənin keçmiş diplomatı Hulusi Kılıç Modern.az-a açıqlamasında Azərbaycan nümayəndə heyətinin AŞPA ilə bağlı qərarını alqışladığını bildirib.


"Çox təəssüflər olsun ki, biz Qərb ölkələrinin və bəzi beynəlxalq qurumların belə məsələlərə ikili yanaşmasının şahidi oluruq. Həmçinin söhbət Türkiyə və Azərbaycandan getdikdə, bu məsələyə islamafobiya, Azərbaycanfobiya və türkfobiya da əlavə edilir. Azərbayca heyətinin AŞPA-da mövcudluğunu dayandırmaq qərarını alqışlayıram. Bunu həm də tarixi cəsarət saymaq olar",- deyə o qeyd edib.

 

Keçmiş səfir vurğulayıb ki, Türkiyə nümayəndə heyəti də qardaş Azərbaycanı müdafiə edən daha radikal və bənzər addımlar atmalıdır:

 

"Mən AŞPA-dakı nümayəndə heyətimizə çağırış edirəm ki, bu günlərdə azərbaycanlı qardaşlarımıza dəstəklərini daha da artırsınlar. Onsuz da, nümayəndə heyətlərimiz birlikdə çalışırlar. Bu məsələdə də daha sərt mövqe qoymağımız, bununla da Avropa Şurası rəhbərliyinə və üzvlərinə Türkiyənin Azərbaycana açıq dəstəyini göstərməyimiz çox vacibdir. Avropa Şurası unutmasın ki, Türk dünyası inteqrasiya istiqamətində ciddi addımlar atır. Həm də əsla yaddan çıxarmasınlar ki, Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparan ölkələrin əzminə çox mənfi təsir göstərəcək. Mən bunu bir təcrübəli diplomat olaraq deyirəm. Siz Rusiya ilə münasibətlərinizi elə vəziyyətdə kəsdiniz ki, bu addımlarınız Rusiyadan daha çox sizin ziyanınıza oldu. Bu məsələnin dərinliklərini də bilirəm və nə üçün belə səviyyədə mübarizə yolunu tutduğunuzu yaxşı başa düşürəm! Mənim Avropa Şurasına tövsiyəm odur ki, Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməyəcəklərini anlasınlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok