“Qobu Park”dakı yeni mənzillərdə bu işıq yurd həsrətli yüzlərlə insanın qəlbində sevincə və ümidə çevrilib.
…Onlar düz 25 il bu günün həsrətini çəkiblər. Pəncərəsindən günəş işığı süzülən rahat və təmiz bir mənzildə yaşamağın xəyalını qurublar. Bu xəyallar Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınmış “Qobu Park” yaşayış kompleksində gerçəkləşib. Prezident İlham Əliyevin diqqəti və qayğısı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həssas və qayğıkeş münasibəti sayəsində yüzlərlə məcburi köçkün ailəsi bu il zirzəmilərdən və yaşayış üçün təhlükəli sığınacaqlardan bu kompleksdəki hər cür məişət şəraiti olan tam təmirli mənzillərə köçürülüblər. Bəli, hər zülmət gecə işıqlı bir səhərə açıldığı kimi, ən ağır və çətin şəraitdən çıxmaq üçün də nicat qapısı varmış. Onlar üçün bu nicat qapısı mayın bu il 24-də açılıb…
“Mən həmin günü özümün ikinci doğum günüm hesab edirəm. Elə bilirəm ki, həyata yenidən gəlmişəm. Bura köçməzdən əvvəl “Azərsutikinti” xəstəxanasının zirzəmisində qalırdıq. 25 il pəncərəmizə gün işığı düşməyib, havasızlıqdan, üfunət və natəmizlikdən əziyyət çəkmişik. İndi belə abad bir qəsəbəyə köçmüşük, mənzilimiz yüksək səviyyəli təmirli, otaqlarımız geniş və rahatdır”.
Bu sözlər təqaüdçü məcburi köçkün Xudayar Behdudova məxsusur.
Onun dediyinə görə, məcburi köçkün düşəndə ailəsi 5 nəfərdən ibarət olub, daha sonra oğlanları ailə həyatı qurub . On nəfər ailə üzvü ilə uzun illər iki kiçik otaqda yaşayıblar. İndi aldığı yeni mənzillər onu hər cəhətdən qane edir. Xudayar kişi onlara yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyeva təşəkkür edir.
Laçın rayon sakini Vəli Rüstəmov əvvəllər Nərimanov rayonunda. “A.Heydərov küçəsi, 31” ünvanında çox acınacaqlı şəraitdə yaşayıb. O, həmin şəraiti belə xatırlayır:
“Zirzəmidə yaşadığımızdan uşaqlar havasızlıqdan yata bilmirdilər. Yanvar ayında küləkləyicidən istifadə edirdik ki, evdə hava olsun. Şəraitsizlik ucbatından uşaqlar tez-tez xəstələnirdilər. Bir neçə ailə bir hamam və bir tualetdən istifadə edirdi. Sanitar qovşaqdan istifadə etmək üçün növbə gözləyirdik. Evə qonaq gələndə darısqallıq ucbatından oturmağa stul qoya bilmirdik.
İndi isə hər cür şəraitimiz var, mənzilimiz geniş, otaqlarımız işıqlıdır. Belə bir kompleksdə yaşamaq, yaradılan şəraitdən istifadə etmək çox xoşdur. Bu rahatlığı bizə yaradanların ünvanına çoxlu xoş sözlər söyləmək olar”.
Vəli kişi deyir: ”Kompleksin daxilində iki məktəb var, uşaqlar uzağa getmədən, magistral yol keçmədən dərsə gedib-gəlirlər. Məktəblərdə də yüksək səviyyəli dərs keçirilir. Burada yaşayanlar hamısı yaradılan şəraitdən məmnundur. Sağ olsun, ölkə başçımız İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva ki, bizə belə gözəl şərait yaradıblar”.
Ağdam rayonundan olan məcburi köçkün Şükufə Hüseynova bura köçürülənədək ailə üzvləri ilə birlikdə “8-ci kilometr” qəsəbəsində yararsız bir binada yaşayıb. Oradakı şəraiti xatırlayaraq deyir:
“Zirzəmidə qalırdıq, çox pis şəraitdə yaşamaq məcbiriyyətində idik. Rütubətdən nəfəs almaq olmurdu. Bu vəziyyətdə sağlamlığımız da əldən gedirdi. Pəncərəsiz otaqda yaşadığımızdan uşağın gözündə problem yaranmışdı, hansı həkimə üz tuturdumsa, onu havasızlıqla əlaqələndirirdi. Min bir zülümlə pul qazanıb aldığım xalça da havasızlıq ucundan bir müddət sonra çürüyürdü. Orda yaşadığımız müddətdə nə səhərin aşıldığını, nə də axşamın düşdüyünü hiss edirdik. İndi 7 nəfərdən ibarət ailəmizə 6-cı mərtəbədə 4 otaqlı mənzil veriblər. Şəraitimizdən çox razıyıq”.
Növbəti həmsöhbətimiz Maya Almuradovadır. O, yaşayış kompleksinin həyətində ağacları sulayırdı:
“Burada yaşıllığa qulluq edir, ağacları sulayırıq. İmkanımız olanda əlavə ağaclar da əkirik. Hamı buranı təmiz saxlamağa borcludur,” - deyən Maya xanım buraya paytaxtın Ziya Bünyadov prospektindəki 1 nömrəli yataqxanadan köçürülüb. Orada yaşadıqları məhrumiyyətli belə təsvir edir:
“Beş ailə üzvü ilə dar-dütdək bir otağa sığınmışdıq. Evə gələn olanda, kimsə qapımızı açanda xəcalət çəkirdik. Qonağın qabağına bir stəkan çay qoya bilmirdik. Qaz yox, yanacaq yox, ancaq elektrik işığının ümidinə idik. Biz sığındığımız yataqxanada 116 məcburi köçkün ailəsi yaşayırdı, hamı elektrik enerjisindən istifadə etdiyinə görə yüklənmə olur və işıqlar tez-tez sönürdü. O da kəsiləndə əlimiz hər yerdən üzülürdü”.
Maya xanım ailəli olan övladlarına da burada mənzil verildiyini bildirərək dövlətmizin başçısının və Mehriban xanımın diqqət və qayğısından razılıq edir, uzun illər ağır şəraitdə yaşamış məcburi köçkünlərə “Qobu Park” mənzillərin verilməsində ədalətlilik və şəffaflıq prinsiplərinə tam əməl olunduğunu deyir.
Daha sonra həyətdə oynayan dördüncü sinif şagirdi Ümidlə həmsöhbət oluruq. Ümid deyir:
“Əvvəlki yaşadığımı evdə divarlar çatlaq idi, yağış yağanda içəri su damırdı, soyuqdan içəridə otura bilmirdik. Cəmi bir otağımız var idi, orada həm yemək yeyir, həm dərsə hazırlaşır, həm də yatırdıq. İndi iki otağı, gözəl mətbəxi və ayrıca eyvanı olan evimiz var. Məktəb də evimizə yaxındı. Dərsdən gələndən sonra otağın birinə çəkilib sabahkı dərslərə hazırlaşıram. Heç kəs heç kəsə mane olmur. Dərslərimi hazırlayandan sonra həyətə düşüb dostlarımla oynayıram. Əvvəl yaşadığımız yerdə oynamağa park və meydança da yox idi”.
...Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-şərqində salınmış “Qobu Park” yaşayış kompleksinin açılışı doğma yurd-yuvasını itirən məcburi köçkünlərin böyük sevincinə səbəb olub. Bu il mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilən açılış mərasimindən sonra qəzalı vəziyyətdə olan evlərdə, zirzəmilərdə, yardımçı binalarda və yataqxanalarda yaşayan ailələrin qəsəbəyə köçürülməsinə başlanılıb. Hazırda burada 800 dən çox məcburi köçkün ailəsi yaşaylr.
Kompleksdə 222 yerlik uşaq bağçası və 624 şagird yerlik tam orta məktəb inşa edilib. Burada poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi gə fəaliyyət göstərir, 350 yerlik mərasim evi də sakinlərin istifadəsindədir. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı, uşaq meydançaları salınıb. Elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb. Qəsəbəyə 140 və 194 nömrəli avtobus marşrutları işləyir.
Qəsəbədən çıxanda dönüb arxaya baxırıq. Bütün pəncərələrdən işıq seli süzülürdü... Burada həmsöhbətimiz olan yaşlı sakinlərindən birinin dediklərini xatırlayırıq:
“ Hələ məktəbə getməyən nəvəm deyir ki, baba, təzə evimizə köçdük, bəs Qarabağa nə vaxt qayıdacağıq? Deyirəm, az qalıb, qızım, tezliklə ora da qayıdacağıq”.