Modern.az

“Sehrli xalat”ın Petyası YOXA ÇIXIB...

“Sehrli xalat”ın Petyası YOXA ÇIXIB...

Reportaj

26 Yanvar 2024, 12:28

Ayravana, ayravana, çandrika...
Çitraxuda, çitraxuda, işvara....

Bu kəlmələrin yəqin ki, hansı filmdən olduğunu çoxlarınız dərhal bildi. Aramızda bu filmi heç olmasa bir dəfə seyr etməyən az adam tapılar.

“Sehrli xalat” nəinki sovet dövrü uşaqlarının pərəstiş etdiyi film idi, elə böyüklərin də sevimli ekran əsəri sayılırdı.

Bu günlərdə “Sehrli xalat” filmindəki baş rolun - Rəşid obrazının ifaçısı Azər Qurbanovun uzun illərdən bəri yaşadığı ABŞ-da vəfat etməsi bu ekran əsərini yenidən gündəmə gətirdi.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan "Sehirli xalat"ın bu il 60 yaşı tamam olacaq.

Quruluşçu rejissor  Əlisəttar Atakişiyevin 1964-cü ildə çəkdiyi “Sehrli xalat” filmində uşaqlar illüziyaçı İo Kio babanın sehrli xalatı vasitəsilə keçmişə və gələcəyə səyahət edirlər. Sehrli xalat sayəsində nağıllar aləminə düşən məktəblilər həm keçmişə, həm də gələcəyə həmin dövrün uşaqlarının gözü ilə baxırlar.

Bu ekran əsərində Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Hüseynağa Sadıxov, İsmayıl Osmanlı, Lütfi Məmmədbəyov kimi görkəmli sənətkarlarla yanaşı, uşaqlar da çəkilib.

2014-cü ildə - filmin 50 illiyinə həsr olunmuş mərasimdə uşaq rollarının ifaçıları olmuş “piyanarlar” - Xalq artisti, tarzən Zamiq Əliyev, Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayeva, Əməkdar mədəniyyət xadimi Yusif Şeyxov və filmdə Zərifə rolunu ifa edən Solmaz Hətəmova bir araya gəlmiş, o günləri yenidən xatırlamışdılar.

"Sehirli xalat"ın “piyanarlar”ı sonrakı illərdə də bir neçə dəfə görüşmüş, hətta ABŞ-da yaşayan “Rəşid”i – Azər Qurbanovu da internet vasitəsilə bu kampaniyaya qoşmuşdular.

Bircə Petyanı tapa bilməmişdilər.


Yəqin ki,"Sehirli xalat"a tamaşa edənlər filmdəki uşaq obrazlarından biri olan Petyanı da yaxşı xatırlayırlar.

Petya rolunda Bakıdakı məktəblərin birindən seçilmiş Kolya Loginov çəkilib. Petya filmdə baş rol olmasa da, tamaşaçıların diqqət mərkəzinə düşən əsas obrazlardan biridir. Onun xüsusilə Xanı təqib edərək yeraltı yollara düşdüyünü əks etdirən epizodları filmin maraqlı səhnələrindəndir.

Qeyd edək ki, pioner rollarında çəkilmək üçün 600-dək uşaq sınaq çəkilişlərindən keçib.

“Sehrli xalat”da uşaq rollarından birini – Eldar obrazını oynayan Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov Modern.az-a müsahibəsində deyib ki, onları Bakıdakı müxtəlif məktəblərdən seçmişdilər.

“Çəkiliş qrupunun üzvləri, assistentlər, rejissor köməkçiləri bir gün mənim də oxuduğum 23 saylı orta məktəbə gəldilər. Sinif-sinif gəzib uşaqlara baxırdılar. Məni də həmin uşaqlar arasından seçdilər və kinostudiyaya dəvət etdilər. 4 ya 5-ci sinifdə oxuyurdum. O vaxt kinostudiya indiki Hökumət evi ilə üzbəüz səkkizmərtəbəli binaların yerində yerləşirdi. Mən kinostudiyanın həyətinə gələndə orada yüzlərlə uşaq gördüm. İndiki kimi yadımdadır. Onların hamısı bir neçə saniyəliyinə rejissorun gözünün qarşısından keçirdi. Sonra başa düşdüm ki, Əlisəttar Atakişiyev işarə ilə “hə”, “yox” cavabını verirdi. Yəni, assistentlərinə bildirirdi ki, bu uşaq sabah gəlsin, o biri gəlməsin. Və beləcə mən sabah dəvət olunanlar sırasına düşdüm. Ertəsi gün uşaqların sayı xeyli az idi və bizi fotosınaq çəkilişi gözləyirdi. Bizi qrimlədilər, saçımızı daradılar, bir neçə fotomuzu çəkib əlaqə telefonlarımızı aldılar. Bir neçə gün sonra zəng vurub dedilər ki, “siz fotosınaq mərhələsindən keçdiniz, indi kinosınağına dəvət edirik””.

Yusif Şeyxovun sözlərinə görə, Petya rolunun ifaçısı Kolya Loginov haqqında heç bir məlumata malik deyillər, dəfələrlə onun axtarıb-arayıblar, harada olduğunu öyrənməyə çalışıblar, amma tapa bilməyiblər.

“50 ildən çoxdur onun haqqında heç nə eşitməmişəm”.

Filmdə uşaq rollarını oynamış ifaçılar bir neçə il əvvəl Kolya Loginov haqqqında onlara ipucu verə biləcək bir məlumat əldə ediblər.



Petya haqda məlumat verən şəxs internetdəki müzakirələrin birində yazırdı: “1998-2000-ci illər olardı. Bir gün atam uzunboylu dostu ilə bizə gəldi. Atam onda “İkarus” avtobusunda sürücü işləyirdi. Onun dostu da “İkarus” sürürdü. Atam mənə dedi ki, “bu şəxs vaxtilə “Sehirli xalat” filmində Petya rolunda çəkilən Kolya Loginovdur. Oturub onunla söhbət etdik, filmdən danışdı. Mənim üçün çox maraqlı idi. O, saçlarının qara olduğunu, ancaq filmə çəkilərkən sarıya boyandığını dedi.
Sonra birlikdə getdilər. Və mən onu bir daha görmədim. Yadımdadır, atam onun başqa ölkəyə köçdüyünü demişdi. Amma harada olduğunu bilmirəm”.
 
Bu məlumatdan sonra “Sehrli xalat”ın “piyanarlar”ı Petyanı - Kolya Loginovu yenidən axtarırlar.  Amma axtarışlar nəticəsiz qalır...

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi