Modern.az

Şəhiddən qalan son foto: "Kaş bu şəkil son olmayaydı..." - Ananın harayı

Şəhiddən qalan son foto: "Kaş bu şəkil son olmayaydı..." - Ananın harayı

Reportaj

Bu gün, 08:30

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Təqdimatımız Aprel döyüşlərinin iştirakçısı, şəhid Mahir Qadir oğlu Quliyevin əziz xatirəsinə həsr olunur.

Şəhidin anası Lalə Quliyevanın sözlərinə görə, Mahir bu son fotosundan heç iki ay keçməmiş şəhidlik zirvəsinə ucalıb:

“Mahir fevralın 7-də məzuniyyətə gəlmişdi, ayın 17-də yenidən xidmətə qayıtdı. Onun elə məzuniyyətə gəldiyi gün çəkdirdiyi foto oğlumdan bizə qalan son şəkil oldu. Elə o vaxtdan 2 ay keçməmişdi ki, şəhid olması xəbərini aldıq..."

Lalə Quliyevanın sözlərinə görə, Mahir uşaqlıqdan mehribanlığı, səmimiyyəti və insanlarla tez ünsiyyət qurmağı ilə seçilib:

“Mahirin uşaqlıq illəri məhəlləmizdə, dostları ilə oynayaraq keçib. Çox istiqanlı uşaq idi, hamı ilə tez dil tapardı. Məktəbə getdiyi ilk gün isə indiyə kimi yadımdadır. Elə birinci gündən seçildi, öyrəndiyi şeirləri deyib hamını heyrətləndirdi. Məktəb uzaq olsa da, birinci sinifdən dərsə özü gedib-gəlirdi. Bu da onun nə qədər məsuliyyətli və ağıllı olduğunu göstərirdi.

Texniki fənlərə xüsusi marağı var idi, riyaziyyatı isə lap çox sevirdi. Müəllimləri ona “riyaziyyatçı” deyə müraciət edərdilər. Həm müəllimlərinin, həm də sinif yoldaşlarının hörmətini qazanmışdı. Şən, zarafatcıl uşaq idi, onun olduğu yerdə darıxmaq mümkün deyildi”.

Şəhid anası deyir ki, Mahir məktəb illərində də fəallığı ilə seçilib, müxtəlif yarışlarda uğur qazanıb:

“Məktəblərarası KVN yarışlarında komandanın kapitanı idi, yaxşı nəticələr əldə etmişdilər. Arzuları çox idi, həyata bağlı idi. Çətinliklə, kasıbçılıqla keçən illərdən sonra onun daha yaxşı bir həyat quracağına inanırdıq. Mahir də bizə böyük ümid verirdi, ondan çox şey, çox böyük uğurlar gözləyirdik...

Şəhidliyi isə yaşadığımız Yasamalda böyük izdiham yaratdı. İnsanlar axın-axın gəlirdi. Hamı deyirdi ki, belə oğula şəhidlik yaraşır. Mahir indi artıq bir qəhrəmanlıq simvoluna çevrilib. Onun xatirəsi bu gün də hər yerdə yaşayır. Evimizdə, keçdiyi yollarda, dostlarının, yaxınlarının yaddaşında...”

Mahir Qadir oğlu Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Orta təhsilinə Tofiq İsmayılov adına 6 saylı liseydə başlayıb, onu Əsəd Əhmədov adına 308 saylı orta məktəbdə məzun olaraq başa vurub. 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

Mahir Quliyev 2016-cı ilin 2 aprelində qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salınıb. Dəfn mərasimində minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də iştirak ediblər. Mərasimin sonunda yaylım atəşi açılıb və o, torpağa tapşırılıb.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Zəfər gününün 5 illiyi münasibətilə isə “Vətən uğrunda” medalına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi