Modern.az

Yenə yararsız ət və kolbasa: bu dəfə yandırıldı

Yenə yararsız ət və kolbasa: bu dəfə yandırıldı

Aktual

10 May 2017, 21:54

Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Maşlıq kənd sakini Saqif Abbasova məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən təsərrüfat sahibinin bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu müəyyən edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az-a verilən məlumata görə, fermada aşkarlanan antisanitar şəraitdə kəsilən 4 baş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin kəsilən at əti olması və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, Saqif Abbasova məxsus köhnə quşçuluq fermasında aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş ümumi çəkisi 600 kq olan at ətlərinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq bakterioloji çirklənməyə məruz qalan at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilib.  

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Bundan başqa Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib. Baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitmiş kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunub. İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi yararlıq müddəti bitən, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.

Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilən kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilib. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

espublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan,qarajda temperatur rejiminə əməl edilməyən, soyuducusu olmayan, istifadəyə yararlıq müddəti bitmiş, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan ümumi çəkisi 100 kq olan kolbasa məmulatları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı