Modern.az

Xalqın sözü - haqqın sözü... 

Xalqın sözü - haqqın sözü... 

Aktual

18 Yanvar 2022, 09:11

20 yanvar... Bu gün haqqında düşünəndə hadisənin miqyasından, səbəb və nəticələrindən əvvəl ağlıma gələn ilk fikir xalqımızın birliyi və iradəsidir. Yalnız böyük və ulu bir xalqın işidir ki, tarixin qanlı cinayəti qarşısında sinəsini sipər edib öz haqqını qorusun. Ulu öndərimiz Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, “Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir”.


Bəli, 32 il sonra geriyə dönüb baxanda bu gün o dönməz əbədi sütun üzərində ucalan dövlətin 44 günlük Zəfər yürüşü göz önündə canlanır. Xalqın sözü haqqın sözüdür. 32 il öncə - 1988-ci ildə meydanlara çıxıb Qarabağda baş verən qanunsuzluqlara etiraz edən, dədə-baba torpaqlarından qovulan soydaşlarımızın haqq sözünü dilə gətirən xalqın mübarizə əzmini qırmaq istəyənlər istəklərinə nail ola bilmədilər. Doğrudur, itkilər, ölüm, ayrılıq, göz yaşları, kədər oldu, amma azadlıq yanğısından, Vətən eşqindən dönmədi onlar.


1990-cı ilin o qanlı şənbə gecəsindən artıq 32 ötür. Bu illər ərzində böyüyən nəsil 20 yanvar şəhidlərinin qəhrəmanlığından nümunə götürdülər. Vətən məhəbbətini, birlikdən doğan əzmi, iradəni onlardan öyrəndilər. Böyüyən nəslin gözləri qarşısında yazıldı bu tarix. 20 yanvar hadisələri bizə tarixi ibrət dərsi oldu. Bu dərsin bir şüarı vardı: güç birlikdədir, harda birlik orda dirilik...

Və nəhayət o zaman gəldi, qanlı yanvar gecəsindən üzü bəri qəddimizi bükən dərdlərimizə son verə bildik. 44 günlük müharibə vətənpərvər oğulların Ali Baş Komandanı İlham Əliyevin ətrafında birliynin nəticəsi olaraq Zəfər qazandırdı bizə.


20 yanvar gecəsi doğum evində dünyaya gələn körpələr haqqında reportajları xatırlayıram. Həkimlər həmin gecə daha çox oğlan uşaqlarının dünyaya gəldiyini qeyd edirdilər. Bu, gələcək Mübarizlərin, qəhrəmanların doğuşu idi. Bu, haqqı, ədaləti bərpa edəcək vətənpərvərlərin dünyaya gəlişi idi...


Bu günlər yenə qırmızı xalılar bəzəyir müqəddəs Şəhidlər xiyabanını. Xalq bir nəfər kimi canını fəda etmiş oğul və qızlarının Anım gününə toplaşmağa hazırlaşır. 20 yanvar yaddaşımız, tarixi faciəmiz deyil, milli qürurumuzdur. 
 

Pərvin Əliyeva,
5 saylı “ASAN xidmət”mərkəzi,
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı