Azərbaycanın İsveçrədəki səfirliyi 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirib. Tədbir çərçivəsində İsveçrənin Lüsern şəhərinə səfər edilib.
Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.
Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidəsinin üzərinə gül dəstəsi qoyulub, müstəqilliyimizin bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sözügedən abidənin ziyarəti dünyada müstəqillik və azadlıq uğrunda həlak olmuş insanların xatirəsini yad etmək üçün yaranmış bir ənənədir.
İsveçrədə koronovirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirlər və bundan irəli gələn yeni sərt tələblər nəzərə alınaraq tədbirdə yalnız səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.