
Azərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektoru aparıcı rola malikdir. Amma bu da danılmaz faktdır ki, son illər ümumi iqtisadi artımda qeyri-neft sektoru önə çıxmaqdadır. Təsadüfi deyil ki, məhz bu sferaya diqqətin artırılması Azərbaycanda dövlət səviyyəsində prioritet məsələlərdən biri elan olunub.
Azərbaycanın qeyri-neft sektorunda ən yüksək templə inkişaf edən sahələrdən biri isə telekommunikasiyadır. Telekommunikasiya sənayesi nəinki ölkəmizi, ümumiyyətlə bütün dünyanı əhatə edən qlobal biznesə çevrilib. Bu biznesdə Azərbaycanın da özünəməxsus payı var.
Bu il Azərbaycanda İKT ili elan olunduğuna görə, ölkədə bu sahəyə aid olan çoxlu tədbirlər, iri miqyaslı layihələr, beynəlxalq toplantılar da keçirilir. Buna bariz nümunə kimi gələn ayın əvvəlində Bakıda start götürəcək Xəzər və Qafqaz regionlarının ən böyük sərgisi - “Bakutel 2013” “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisini göstərmək olar. Artıq bir ənənə halını almış bu sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib.
Lakin telekommunikasiya sektoru daim inkişaf edən, yeniləşən və deməli, daim sərmayə tələb edən bir sferadır. Və burada çiyinlərinə əsas yük düşən mobil rabitə sferası ümumi inkişafı ardınca aparan aparıcı qüvvəyə çevrilib.
Azərbaycandakı mobil operatorlar da yerində saymır, inkişafa sərmayə qoyur. Qeyri-neft sektorunun ən iri vergi ödəyicisi kimi tanınan Azercell 2012-ci ildə dövlət büdcəsinə 90 milyon manat vergi ödəyib. Son 16 ildə isə bu göstərici 925 milyon manat təşkil edir. Bu şirkət Azərbaycanda telekommunikasiyanın inkişafına 1 il ərzində 100 milyon manat ayırıb. Əgər Azercell-in son 16 il üçün yatırdığı sərmayənin miqdarına baxsaq, onda bu rəqəm 1 milyard manatı keçir. 2012-ci ildə “Azercell” sosial layihələrə 1,6 milyon manat xərcləyib.
Ölkədə fəaliyyət göstərən digər mobil operator Bakcell də davamlı olaraq öz şəbəkəsinə və xidmətlərinə mühüm sərmayələr yatırır. Şirkətin mətbuata yayılan sonuncu press-relizində Bakcell-in qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olduğu qeyd olunsa da, sonradan bəlli oldu ki, bu texniki səhvdir. İnvestisiyaların həcmi ilə bağlı şirkətə etdiyimiz sorğuya konkret cavab ala bilməsək də, indiyədək mətbuatda yayılan məlumatlara görə, ötən il üçün Bakcell şirkətinin şəbəkənin inkişafında investisiyaların həcmi ilin sonunadək 70 milyon manat təşkil edib. Təkcə 5 milyon manat “Baku Crystal Hall”, “JW Marriott Absheron Baku Hotel”, “Flame Towers”, “Jumeirah Bilgah Beach Hotel” və başqalarının texniki təchizatına ayrılıb. Məlumatlarda o da vurğulanır ki, Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biri olan Bakcell şirkəti sürətlə inkişaf edən bu qabaqcıl sənayenin inkişafına dəstək göstərmək öhdəliyini anlayır.
“Azerfon” şirkətinin sərmayələri isə əsasən “Nar Mobile” brendi ilə əlaqəlidir. Şirkətin media əlaqələri üzrə meneceri Anar Rəhimovdan aldığımız məlumata görə, “Azerfon” öz abunəçilərinin daha asan və rahat ünsiyyət qura bilmələri üçün şəbəkəni daim təkmilləşdirir. 2011-ci ildə genişmiqyaslı təkmilləşdirmə işlərinə başlayaraq şəbəkənin genişləndirilməsi və gücləndirilməsi üçün 72,1 milyon manat (80 milyon dollar) sərmayə yatırılıb. Şirkət 2013-cü ilin nəticələrini bir neçə aydan sonra geniş ictimaiyyətə təqdim etmək niyyətindədir.
Qeyd edək ki, İKT sektorunda inkişaf templəri hər il dövlətin hesabatından da görünür. Rabitə və İnformasiya Nazirliyinin yaydığı məlumata görə, 2013-cü ilin birinci yarısında Azərbaycanın İKT sektoruna ümumilikdə 182 milyon dollar həcmində investisiya qoyulub. İKT sektoru üzrə əldə edilən gəlirin ümumi həcmindən 65 faizi mobil rabitənin payına düşüb. Ötən 10 ilə baxsaq, İKT sektorunda orta illik artım tempi 25 faizə çatıb və bu müddət ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılıb. Telekommunikasiya sektorunun inkişafı həm də 10 il ərzində mobil abunəçilərin sayının 7 dəfə artaraq 10 milyonu ötməsi kimi faktlarla da xarakterizə edilir. Proqnozlara gəlincə, 2020-2025-ci illərdə rabitə sektorundan əldə olunan gəlirin hətta neft sektorundan gələn gəliri üstələyəcəyi kimi gözləntilər var. Odur ki, İKT ilindən sonrakı müddətdə də Azərbaycanın bu sahədəki uğurlarının şahidi olacağıq.
Modern.az