Modern.az

2 aprel imtahanlarının nəticələri AÇIQLANDI

2 aprel imtahanlarının nəticələri AÇIQLANDI

28 Aprel 2023, 15:46

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 2-də keçirilmiş imtahanların nəticələri elan edilib.

 

DİM-dən Modern.az-a bildirilib ki, abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 27896 nəfərdən 2079 nəfər imtahana gəlməyib. 19 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

İmtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

 

Xatırladaq ki, aprelin 2-də

 

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

 

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

 

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

 

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

 

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

 

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən mayın 11-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 1-i saat 10:00-dan mayın 3-ü saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür