Modern.az

Bu universitetlərin yataqxanaları bərpa edilir - Tələbələr üçün XOŞ XƏBƏR

Bu universitetlərin yataqxanaları bərpa edilir - Tələbələr üçün XOŞ XƏBƏR

5 Dekabr 2023, 16:56

Azərbaycanda tələbələr üçün uzun illərdir həllini tapmayan məsələlərdən biri də yataxana problemidir. Son aylarda Bakı və ətraf bölgələrdə kirayə qiymətlərinin artması bu mövzunu yenidən aktuallaşdırıb.

 

Yataqxanalarla bağlı problemlərin biri də bu binalarda məcburi köçkünlərin məskunlaşması idi. Ancaq İkinci Qarabağ müharibəsindən sonra başlayan "Böyük Qayıdış" prosesi bu səbəbi aradan qaldıracaq. Hazırda bir çox dövlət yataqxanalarında vəziyyət heç də ürəkaçan deyil. 

 

Amma problem təkcə şəraitsizlik deyil. Rəsmi məlumata görə, hazırda dövlət ali təhsil müəssisələrinə məxsus tələbə yataqxanalarının ümumi tutumu cəmi 3859 nəfər təşkil edir, tələblərin sayı isə bundan dəfələrlə çoxdur. Beləliklə, tələbələr əsasən kirayələrə üz tutur, bəziləri isə şəraitsiz yataqxanalarda qalır.

 

Bəzi ali təhsil müəssisələri yataqxanaların bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görməyə başlayıb. Modern.az bununla əlaqədar olaraq universitetlərdən yataqxanalardakı vəziyyət barədə maraqlanıb.

 

Azərbaycan Texniki Universitetindən bildirilib ki, universitetin yataqxanasında məcburi köçkünlər məskunlaşıb, bina isə tamamilə yararsızdır:

 

“Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-1970-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 124 ailə yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətdədir. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb.  Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.”

 

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin yataqxanasının hamısında məcburi köçkünlər qalır:

 

“Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin 5 yataqxanası mövcuddur. Onların hamısında məcburi köçkünlər məskunlaşıb. Ona görə də tələbələrin istifadəsinə verilə bilmir. Bina yararsız vəziyyətdədir. Artıq məcburi köçkünlər öz doğma yurdlarına döndükdən sonra bina bərpa olunacaq və tələbələrin istifadəsinə veriləcək.”

 

Dövlət İdarəçilik Akademiyasından isə məlumat verilib ki, indiki şəraitdə tələbələrin yataqxana ilə təmin olunması sual altındadır:

 

“Bildiyimiz kimi münaqişə zamanı yataqxanada məcburi köçkünlər bizim yataqxanaya yerləşdirilib. Ona görə də indiki şəraitdə tələbələrin yataqxana ilə təmin olunması sual altındadır. Yataqxanamızda mövcud olan yerlərin böyük əksəriyyətində biz çalışmışıq ki, ehtiyacı olan tələbələrimiz qalsın. Lakin məcburi köçkünlərin bir hissəsinin burada yaşadığına görə biz gözləyirik ki, onlar işğaldan azad olunmuş öz ata-baba yurdlarına qayıtdıqdan sonra digər ehtiyacı olan tələbələrimizi də yataqxana ilə təmin edə biləcəyik. Lakin daha yaxşı həyat təminatı üçün yataqxananın müəyyən qədər təmirinə ehtiyac var.”

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası da yenidən bərpa olunur.

 

Universitetin rektoru Gülçöhrə Məmmədova mətbuata açıqlamasında bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar. “Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdırlar. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur”, - rektor vurğulayıb.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Bakı şəhərində 5 yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsinin məskunlaşıb. Yalnız 5 nömrəli yataqxana universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. 217 nəfər yerləşə bilən yataqxana tam təmirlidir və yaşayış üçün lazım olan bütün zəruri avadanlıqlarla, o cümlədən kommunal və internet xidməti ilə təmin edilir.

 

Azərbaycan Dillər Universitetinin (ADU) məlumatına əsasən, universitetin 200 yerlik yataqxanası var və burada qızlar qalır. Adıçəkilən universitetin yataqxanasının bir hissəsində isə məcburi köçkünlər yaşayırlar.

 

Bir müddət əvvəl Elm və Təhsil Nazirliyindən mətbuata məlumat verilib ki, qurumun nəzdində olan ali təhsil müəssisələrinin tabeçiliyində 48 yataqxana binası var. Bunlardan 3859 nəfərlik tutumu olan 15 təmirli bina fəaliyyət göstərir. Əlavə olaraq 11 təmirsiz yataqxana binası da mövcuddur. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Həmin yataqxanaların "Böyük qayıdış" proqramı çərçivəsində zamanla yenidən fəaliyyətə başlaması nəzərdə tutulur.

 

İsmayıl Bakuvi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü