Modern.az

Xaricdə təhsil almaq istəyən hər gəncin xərcini niyə dövlət ÖDƏMƏLİDİR?..

Xaricdə təhsil almaq istəyən hər gəncin xərcini niyə dövlət ÖDƏMƏLİDİR?..

Təhsil

6 Aprel 2024, 11:34

Azərbaycanlı ailənin iki övladı ABŞ-da təhsil almaq hüququ qazanıb. Bunlar Bakıdakı 279 nömrəli tam orta məktəbin məzunları olan bacı-qardaş - Qəndab Məmmədova Mehdi Məmmədovdur. Qəndab Harvard Universitetinin astrofizika ixtisasına tam təqaüdlə, Mehdi isə Drexel Universitetinin komputer elmləri ixtisasına təqaüdsüz qəbul dəvəti alıb.

Sosial şəbəkələrdə bacı-qardaşa maddi dəstək vermək üçün çağırış edilib. Bildirilib ki, onlara 51 000 dollar pul lazımdır ki, gedib ABŞ-da təhsil ala bilsinlər.


Lakin bu çağırış birmənalı qarşılanmayıb. Bəziləri dövlət qurumlarını bacı-qardaşa yardım etməyə çağırıb, digərləri buna qarşı çıxış edib. Xüsusilə Mehdi Məmmədovun qəbul olunduğu Drexel Universitetinin nüfuzlu ali təhsil ocağı olmadığını əsas gətirərək bildiriblər ki, hər xaricədə oxumaq istəyənə görə belə “yardım çağırışları” əsassızdır. Digər tərəfdən, xaricdə istənilən universitetə orta səviyyəsi olan məzun müsahibə formatlı imtahandan keçib öz hesabına oxumaq hüququ qazana bilər və bunun üçün xüsusi istedad da tələb olunmur. Ona görə də, abituriyent də ayağını yorğanına görə uzatmalı, təhsilini istədiyi xarici ölkədə almaq imkanı varsa, xərcini özü ödəməlidir. Əks halda Azərbaycanda da təhsil ala bilər.

Statistikaya görə, hazırda ölkəmizdən kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 45 min nəfərdən çoxdur. Onların 25 minə qədəri tqardaş Türkiyədə təhsil alır.

Xarici ölkələrdə təhsil almağa gedənlər əsasən 3 kateqoriya üzrədir:

1. Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplaya bilməyib attestat ilə xarici ölkələrə üz tutanlar.

2. SAT, İELTS, TOEFL, İBM kimi müxtəlif beynəlxalq imtahan nəticəsi ilə gedənlər.

3. Dövlət proqramı və ya dövlətlərarası proqramlar, ölkələrin özlərinin elan etdiyi təqaüd proqramıları ilə xaricə göndərilənlər.

Modern.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov “Xaricdə təhsil almaq istəyən hər gəncin xərclərini dövlət ödəməlidirmi” sualına cavab verib.
 

O bildirib ki, dövlət özünün ehtiyacı kadrların hazırlanması üçün proqram elan edir.
 

“Məsələn, 2007-2015-ci illər dövlət proqramı üzrə 3500 azərbaycanlı gənc xaricdə təhsil alıb və dövlət 95 milyon manat pul xərcləyib. 2019-2022-ci illəri əhatə edən beynəlxalq rəqabətlilik proqramı və 2022-2026-cı illəri əhatə edən proqram üzrə 2 min gəncin təhsili nəzərdə tutulur, dövlət bunun üçün 80 milyon manat pul ayırıb.

Bu gün dünyanın ən nüfuzlu, reytinqli universitetinə qəbul olunmaq çox asandır. İnanın ki, Kooperasiya Universitetinə bal toplayıb qəbul olmaq daha çətindir, nəinki SAT, İELTS TOEFL, DUOLİNGO kimi adi dil imtahanlarında iştirak edib qəbul olunmaq.

Hazırda bütün universitetlər beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün xarici ölkələrdən tələbə qəbuluna üstünlük verir və bunun üçün şərtləri asanlaşdırıblar.

Bəli, Konstitusiyamıza, “Təhsil haqqında” qanuna görə dövlət istedadlı gənclərin təhsilinə qayğı göstərir. Amma bu o demək deyil ki, hərə əlində bir qəbul kağızı gətirib deyəcək ki, mənim xərcimi dövlət ödəsin”.

K.Əsədov deyib ki, dövlət proqramı çərçivəsində dövlətin ehtiyacı olduğu kadrlara görə sifariş verilir.

“Universitetlərin siyahısını açıqlanır. Dövlət deyir ki, bax, mənə bu universitetlərdə bu ixtisaslarda təhsil alan azərbaycanlı tələbələr lazımdır və onların təhsil xərclərini ödəmək istəyirəm.

Niyə kimsə gedib ABŞ-da kompüter mühəndisliyi ixtisasında oxumalıdır və ona hər il 60 min dollar ödəniş edilməlidir?

Ondan da reytinqli, keyfiyyətli təhsil verən, kadr hazırlayan universitetlər İngiltərədədir.

Böyük Britaniyanın universitetləri bu istiqamətdə daha reytinqli və yaxşıdır.

Bəli, gənclərin təhsilinə dəstək olunmalıdır. Amma bu ədalətli olmalıdır.

Azərbaycanda təhsil alan tələbələrin 50 faizi pulsuz təhsil alır. 1-ci qrupda təhsil alan tələbələrin 80 faizi pulsuz oxuyur.

Bəli, bizə nüfuzlu universitetlərin məzunları lazımdır. Lakin dövlətin də ehtiyacını nəzərə almalıyıq”.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir