Sizinlə 130 il bundan əvvəl dünyaya gəlmiş türk yazar, şair və hüquqçusu Midhat Cəmal Kuntay (1885, İstanbul - 30 Mart 1956, İstanbul) haqqında söhbətləşmək istəyirəm.
Bayrakları bayrak yapan üstündəki kandır,
Toprak, eğer uğrunda ölen varsa, vatandır!
Bu misraları türk dünyasının bütün işıqlı fikir adamları atalar sözü məqamında işlədir. Bəlkə də dünyada torpağa, onun müqəddəsliyinə, doğmalığına verilən ən doğru, ən mötəbər qiymətdir. Bu misralar görkəmli türk şairi Midhat Cemal Kuntayın 13 beytlik "On beş yılı karşılarken" adlı lirik məsnəvisinin sonuncu beyitidir.
"On beş yılı karşılarken" şeirini orta məkəb dərsliklərində səhvən Midhat Cemal Kuntayın yaxın dostu Tofiq Fikrətə aid edirlər. Bu şeiri Atatürkə, M.Ə.Rəsulzadəyə aid edənlər də var.
Sizlərə təqdim olunan bu yazının yazılmasının elə bir səbəbi həm də bu yanlışlıqları aradan qaldırmaqdır.
Şeir Türkiyə Cümhuriyyətinin 15 illiyinə həsr edilib. Türkiyə Cümhuriyyətinin 15 illiyinin 29 oktyabr 1938-ci ildə keçirildiyini nəzərə alsaq, şeirin məhz həmin tarixi gün ərəfəsində yazıldığı məlum olur.
"On beş yılı karşılarken" şeiri Midhat Cemal Kuntayın ən uğurlu şeirlərindəndir. İlk dəfə şairin 1945-ci ildə nəşr olunan "Türkün Şahnaməsindən" adı ilə nəşr olunan kitabına daxil edilib. Yeri gəlmişkən, qeyd edək ki, M.C.Kuntayın sağlığında cəmi bir şeir kitabı çap olunub. 143 səhifəlik bu kitabda şairin 82 şeiri toplanıb.
Midhat Kuntayın ilk mətbu şeiri "Çırçır suyu" 1901-ci ildə "Məlumat dərgisi"ndə çap
olunub. Sonralar "Sirat-i Müstakim dergisi" və "Tərcümani-Hakikat" qəzetəsində əruz vəznində şeirləri dərc olunub. O, hiciv (həcv-N.N.) türündə də lirik və epik şeirlər yazıb. Şeirlərində vətən və millət sevgisi əsas yer tutur.
Midhat Cemalın 1943-1944-cü illərdə "Çinaratı dərgi"sində yayımlanan son dövr şeirlərində Azərbaycanla ciddi ədəbi əlaqələri olan Yəhya Kamal Bayatlının təsiri aydın hiss olunur. Maraqlıdır ki, 1923- 1926 -cı illərdə Azərbaycanda müəllimlik edən türk alimləri- İsmayıl Hikmət, Xəlil Fikrət, Mühitdin Birgin və başqaları ilə Midhat Kuntayın möhkəm dostluq əlaqələri var idi. Adları sadalanan elm adamlarının, eləcə də onların Tükyədəki əqidə və məslək dostlarının yazıları Bakı və Şəki nəşriyyatlarında çap olunan qəzet və jurnallarda müntəzəm olaraq işıqlandırılırdı. Təkcə bir faktı qeyd edək ki, 1924-cü ildə Şəkidə çap olunan "Bilgi" adı ilə çıxarlan ədəbi, fənni, ictimai, iqtisadi, tərbiyəvi məcmuədə Yəhya Kamala, Tofiq Fikrətə səxavətlə yer verilirdi.
Midhat Kuntayın mütaliə etdiyi Azərbaycan şairləri çox idi. Türkiyənin arxivlərində ciddi araşdırmalar aparılacağı təqdirdə Midhat Kuntayın Abbas Səhhət, M.Ə.Sabir, M.Hadi, A.Şaiq ilə birbaşa və ya dolayı ədəbi əlaqələri üzə çıxa bilər.
M.Kuntaydan düz 19 il əvvəl - 1909-cu ildə Azərbycanın görkəmli şairi Abbas Səhhət 9 beytlik "Vətən" şeirində vətən haqqında dünyanın ən gözəl sözlərini dünyaya car çəkirdi:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir,vətənimdir, vətənim...
Şeirin ən ünlü son iki beyti vətən haqqında o vaxta qədər heç kəsin demədiyi sözlərdir. Əlbəttə, heç kəs bu sözlərdən sonra vətən məhəbəti haqqında mübahisəyə qoşulmaq istəməzdi.
Abbas Səhhət xəbərdarlıq edirdi:
Vətən -əcdadımızın mədfənidir (dəfn yeridir),
Vətən-övladımızın məskəndir.
Vətəni sevmyən insan olmaz,
Olsa, ol səxsdə vicdan olmaz.
Midhat Kuntayın "Səttar xan" adlı şeiri də var. Tədqiqatçılar bu əsərin "Tərəqqi" qəzetində çap olunduğunu yazırlar.
1885-də dünyaya gələn Midhat Cemal Kuntay 1956-da vəfat edib.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi Metodik Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti