Modern.az

Deputat Azərbaycanda "Türkiyə üzr istəməlidir" deyənləri qınadı

Deputat Azərbaycanda "Türkiyə üzr istəməlidir" deyənləri qınadı

Təhsil

26 Noyabr 2015, 14:01

Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus "SU-24" bombardmançı təyyarənin Türkiyəyə məxsus "F-16" qırıcı təyyarə tərəfindən vurulması bütün dünyada olduğu kimi Azərbaycanda da müzakirə mövzusudur. Azərbaycanda bir çoxları hesab edir ki, Rusiya təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün onun vurulması təbii qarşılanmalıdır. Ölkəmizdə Türkiyənin haqlı mövqeyini dəstəkləyənlərlə yanaşı, rusiyapərəst mövqedən çıxış edənlər də az deyil. Onlardan bəziləri hətta çox irəli gedərək bildirirlər ki, Türkiyə Rusiyadan üzr istəməlidir.

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı isə “Ekspress” qəzetinə verdiyi müsahibədə Türkiyəni müttəhim kürsüsündə əyləşdirmək istəyən qüvvələri qınadığını bildirib. Deputat hesab edir ki, Türkiyə öz hava sərhədini pozan təyyarəni haqlı olaraq vurub və buna görə onun kimdənsə üzr istəməsi gülməlidir: “Rusiyanın "SU-24" bombardmaçı təyyarələrinin Türkiyənin hava ərazisini dəfələrlə pozması artıq sübut olunub. Elə bir ekspert, komissiya yoxdur ki, desin Rusiyanın təyyarələri Türkiyənin hava ərazisindən keçməyib, kobud mənada desək, Türkiyə onlara şər atıb. Rus təyyarəsi Türkiyənin hava sərhədində vurulub. Bu məsələyə Azərbaycanda da obyektiv münasibət göstərilməlidir. Türkiyə ilə biz bir millət, iki dövlətik. Türkiyə bizim canımız, qanımızdır. Biz eyni dədələrin nəvələriyik, nəsli, şəcərəsiyik. Bu məsələ bizim üçün daha həssasdır. Televiziyada baxdığımız kadrlarda da görürürk ki, türk pilotları dəfələrlə "SU-24"ə xəbərdarlıq edir. Özü də təyyarənin üzərində Rusiyanın bayrağı olmayıb. Bu saat Orta Doğuda qızğın müharibə getdiyi bir dövrdə Türkiyə dövləti də öz torpaq və hava ərazisini qorumaq məcburiyyətindədir. Bəlkə o təyyarə terrorçuların təyyarəsi ola bilərdi? Buna baxmayaraq dəfələrlə xəbərdarlıq edilib və buna məhəl qoymadıqları üçün təyyarəni endirmək məcburiyyətində qalıblar”.

Məlahət İbrahimqızı tanınmış jurnalist Rəşad Məcid və deputat həmkarı Aqil Abbasın “Türkiyə Rusiyadan üzr istəməlidir” fikrinə sərt münasibət bildirib. “Bu gün Türkiyənin problemi bizim problem, bizim problemimiz də Türkiyənin problemidir. Eyni zamanda, Rusiya bizə qonşu dövlətdir. Bu ölkə ilə çox yaxşı münasibətlərimiz var. Eləcə də Türkiyə ilə Rusiyanın çox yaxşı münasibətləri var. Nəinki ölkələr arasında, Ərdoğanla Putinin xüsusi münasibətləri də var. Əminəm ki, Rusiya ilə Türkiyə öz aralarında bu problemi həll edəcəklər. Amma təəssüf ki, Türkiyənin ünvanına Azərbaycanda bu cür fikirlər səsləndirilir. Azərbaycanda bəziləri az qala Türkiyəni çarmıxa çəkmək istəyir, Türkiyəni müttəhim kürsüsündə oturdur. Bunu başa düşə bilmirəm. Mən əminəm ki, bu iki dövlətin münasibətləri həll olunacaq. Amma Azərbaycanda damarında türk qanı axan insanların içərisində Türkiyəni bu məsələdə cani kimi müttəhim kürsüsündə əyləşdirənləri qınayıram”, - deyə xanımdeputat bildirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et