Modern.az

BDU-nun gənc filoloqları beynəlxalq uğura imza atdı

BDU-nun gənc filoloqları beynəlxalq uğura imza atdı

Aktual

25 İyul 2018, 13:39

Dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu artıq 23 ildir ki, türkologiyanın aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində “Hizmet içi yaz eğitim kursları”nı həyata keçirir. 02-20 iyul 2018-ci il tarixlərində baş tutmuş “Türkiye Türkçesi Öğretim Kursu” və “Türkiye Türkçesi Hizmet İçi Eğitim Kursu”na 2 ölkənin – Azərbaycan və İraqın müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 90 müdavim qatılıb.

 

Yay məktəbində Bakı Dövlət Universitetini “Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov və Anar Fərəcov, Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Murad Əmənov, İntizar Əlizadə, Arzu Hüseynova və Minayə Camalova uğurla təmsil ediblər.      

Kurslarda müdavimlərə türkologiya istiqamətində müxtəlif fənlər tədris olunub.  Dərslər Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri tərəfindən keçirilib. Kursun ilk həftəsinin istirahət günü qonaqların Ankara şəhəri ilə tanışlığı baş tutub. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Bilkənd Universitetinin yaradıcısı, professor İhsan Doğramacının məzarları ziyarət edilib. “Anıtkabir” və “Təbiət tarixi” muzeyləri ilə tanışlıq da yadda qalan məqamlardan olub. Həmçinin azərbaycanlı müdavimlər bu müddətdə Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət ediblər. Kursların başa çatdıqdan sonra iştirakçılar test imtahanı veriblər. İmtahanın nəticəsinə görə, 50 sualdan 40-dan çoxuna düzgün cavab verməklə ən yüksək nəticəni BDU təmsilçiləri əldə edib. Anar Fərəcov isə ən yüksək balla müdavimlər arasında qrup  birincisi olub.

Sonda yay məktəbinin başa çatması və sertifikatların təqdim olunması ilə əlaqədar bağlanış mərasimi keçirilib. Mərasimdə yüksək nəticə göstərmiş müdavimlərə beynəlxalq səviyyəli başarı sertifikatları və məzun bukleti təqdim olunub. 

Həmçinin tədbirdə bakalavriat pilləsində təhsil alan müdavimlər adından BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi Minayə Camalovanın çıxışı maraqla qarşılanıb. BDU təmsilçiləri adından çıxış edən Pərvin Eyvazov təşkilatçılara təşəkkürünü bildirib və Universitet rəhbərliyi adından Bilkənd Universitetinin rektor yardımçısı, professor Kürşad Aydoğana və professor Rasim Özyürəkə xatirə hədiyyələri təqdim edib.

 

Qeyd edək ki, ciddi dərs sistemi və mükəmməl tədris prosesini həyata keçirən Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu 20 gün müddətində müdavimlərin yaşayış, yemək, sağlıq və digər ehtiyacılarını yüksək səviyyədə təmin edib.

 

Beləliklə, BDU filoloqlarının builki Bilkənd səfəri uğurla başa çatıb.   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı