Modern.az

“Qorbaçovla bərabər bu qanlı aksiyanın bütün icraçıları məsuliyyət daşıyırlar”

“Qorbaçovla bərabər bu qanlı aksiyanın bütün icraçıları məsuliyyət daşıyırlar”

Aktual

20 Yanvar 2022, 14:25

20 Yanvar Azərbaycan xalqının ədalət uğrunda mübarizəsini simvolizə edən qəhrəmanlıq nümunəsidir. Xalqımızın Azərbaycanın ərazi bütövlüyü, Vətənimizin istiqlalı naminə ölümə getməyə belə hazır olduğunu nümayiş etdirən igidlik səlnaməsidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat bununla yanaşı qeyd edib ki, 20 Yanvar qətliamı, eyni zamanda xalqımızın mübarizə əzmini qırmaq, Qarabağı Azərbaycandan qoparmaq üçün SSRİ-nin mərkəzi hakimiyyəti tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətdir və dinc, günahsız insanların qətlə yetirilməsinə görə, Mixail Qorbaçovla bərabər bu qanlı aksiyanın bütün icraçıları məsuliyyət daşıyırlar”.

 

Azər Kərimli Azərbaycan xalqına qarşı həyata keçirilən 20 Yanvar qətliamı ərəfəsində və daha sonra Vətənimizin hər tərəfdən blokadaya alındığını və belə bir şəraitdə baş verənlərlə bağlı həqiqətlərin dünyaya çatdırılmasının mümkün olmadığını vurğulayıb: “Belə bir şəraitdə SSRİ-nin mərkəzi hakimiyyətinin bütün təzyiq və maneələrinə baxmayaraq, Böyük Öndər Heydər Əliyev qətliam əmrinin verildiyi paytaxt Moskvada yerləşən Azərbaycanın daimi nümayəndəliyinə gələrək, əli xalqımızın qanına bulaşmış cinayətkarları ifşa etdi, Azərbaycan xalqının kimsəsiz olmadığını, onun haqqı uğrunda sonunadək mücadilə aparmaq əzmində olduğunu bütün dünyaya çatdırdı”.

 

Deputat xalq-lider birliyinin bariz nümunələrindən biri olan hadisə zamanı Prezident İlham Əliyevin də Böyük Öndərlə birlikdə olduğunu xatırlatdı:

 

“Müzəffər Ali Baş Komandanımız xalqımızın haqq səsinin, etirazının Ulu Öndər tərəfindən dünyaya bəyan edildiyi bu tarixi gündə, Heydər Əliyevlə yanaşı addımlayır, Vətənimizin xilası naminə mücadiləyə hazır olduğunu əzmlə nümayiş etdirirdi”. 

 

Azər Kərimli qeyd edib ki, 20 Yanvar hadisələrini və bu dəhşətli qətliamdan sonra baş verənləri göz önündən keçirəndə Böyük Zəfərimizin hansı çətinliklər bahasına əldə edildiyini daha aydın şəkildə görmək mümkündür: “Öncə Böyük Öndərin, sonra isə onun mənəvi və siyasi varisi İlham Əliyevin strateji düşüncəsi, qətiyyəti, iradəsi və Azərbaycan xalqının monolit birliyi, döyüş əzmi nəticəsində bu gün biz qalib dövlətin vətəndaşlarıyıq”.  
Millət vəkili 20 Yanvar tarixinin təkcə xalqımızın deyil, dünyanın bütün xalqlarının öz azadlıqları uğrunda mücadiləsi tarixində ən yüksəklərdə yer aldığını bildirib: “Bu, xalqının azadlığı uğrunda ölümün gözünə dik baxanların, yalın əllə zülmə dirəniş göstərənlərin yazdığı bir tarixidir və bu tarixi yazanlar heç vaxt unudulmayacaqlar”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı