Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&СO”nun baş icraçı direktoru Çeraze Maynardi ilə görüşü olub.
Görüşdə “Booz&СO” şirkətinin baş icraçı direktoru Çeraze Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd edib.