Modern.az

Qərbin ifa etdiyi “demokratiya nəğməsi”... TƏHLİL

Qərbin ifa etdiyi “demokratiya nəğməsi”... TƏHLİL

کشور

21 Dekabr 2011, 18:11

Yaxın Şərq və Şimali Afrika olaylarına elmi-praktik və analitik-empirik yanaşma...


Son zamanlar Yaxın Şərq və Şimali Afrikada baş verən olaylar yerli və beynəlxalq mətbuatda ciddi müzakirə və mübahisə predmetinə çevrilib. Bu da təsadüfi deyil. Çünki Misir, Tunis, Liviya və Suriyada baş verən, ciddi insan itkisi və təlafatlara səbəb olan destruktiv olaylar bəhs edilən geosiyasi məkanda xaos və anarxiyanı şərtləndirən faktor qismində çıxış edib.

İndi dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu ekspertləri baş verən məlum olayların əsaslarına və perspektivinə dair müxtəlif fikir və mülahizələrlə çıxış edirlər. Beləliklə, biz də strateji səciyyəli siyasi analizimizi hadisələrin əsasları və perspektivinin aşkar edilməsi üzərində quracağıq. Bunun üçünsə bir-birilə əlaqədar olan kompleks səciyyəli strateji məsələlərə elmi-nəzəri və analitik-empirik əsasda nəzər yetirəcəyik. 

Yaxın Şərq və Şimali Afrika əməliyyatının icraçı və idarəedici subyektləri...

Yaxın Şərq və Şimali Afrikada baş verən məlum dağıdıcı proseslər hələ başlanğıc ərəfəsindəykən belə bir dilemmatik sual ön plana çəkilirdi: sözügedən olayların əsasında həmin ölkələrin xalqları dayanır, yoxsa bütün bu proseslər bəzi güc mərkəzləri tərəfindən idarə edilir?

Amma hadisələrin gedişatı, baş verən bir sıra olaylar, irəli sürülən bəyanatlar təsdiq etdi ki, bütöv bir coğrafiyanı ağuşuna olan bu olaylar yenə də ənənəvi surətdə dünyanın geostrateji konturlarını müəyyənləşdirən güc mərkəzləri tərəfindən həyata keçirilir və bu proseslərin əsasında dayanan təməl motivlər nəhəng aktorların transmilli səciyyəli geosiyasi və geoiqtisadi, bir sözlə geostrateji maraqlarıdır. Dünya siyasətinin statik və dinamik substratlarını müəyyən və idarə edən həmin qüvvələr, əslində, öz aralarında iki böyük qrupda yer alan subyektlərdən ibarətdir. Bunlardan biri formal ittifaq kimi səciyyələndirilən anqlo-sakson birliyinin subyektləri-ABŞ və İngiltərə, digəri isə Avrosentristlər kimi təsvir edilən regional triadadır (Fransa, İtaliya və Almaniya).

“Mondializm” konsepsiyası (bu konsepsiya milli dövlətlərin funksionallığını itirməsi ilə mümkün olan “qlobal dövlət”in formalaşması və dünyanın vahid mərkəzdən idarə edilməsi missiyasını özündə əks etdirir-N.Q.) əsasında ortaq razılaşmaya uyğun olaraq hərəkət edən sözügedən Atlantik aktorları bu gün özlərinin transmilli maraqları çərçivəsində “Böyük Yaxın Şərq və Şimali Afrika” əməliyyatını həyata keçirməkdədirlər. Bəhs edilən imperialist gücləri eyni bir orbitdə cəmləşdirən konseptual maraq isə ABŞ-ın mərkəzində dayandığı və “orkestr şefi” olduğu “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”dir...

Hərbi-siyasi ekspansiyanın konseptual substratları...

“Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” ABŞ-ın “Mondializm” və “Yeni dünya düzəni” konsepsiyasının təməl strateji detalları əsasında formalaşdırılmış və icrasına start verilmiş imperialist genişlənmə strategiyasının konseptual əsaslarını təşkil etməkdədir. Bəhs edilən layihə 2001-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında Yaxın və Orta Şərqi, eləcə də Şimali Afrikanı bütövlükdə ələ keçirərək “əyalət”ə çevirmək məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq ki, bu da bütövlükdə Avrasiyanın ələ keçirilməsi demək olacaq və nəticə etibarilə “Avrasiya imperatorluğu” konsepsiyası addım-addım gerçəkləşdiriləcək. Çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək, geniş mənada isə dünyanın perspektiv enerji ehtiyacını qarşılayacaq bir regionda uzunmüddətli hakimiyyət təmin edilmiş olacaq. Bununla da ABŞ-ın və Atlantik aktorlarının dənizaşırı imperialist genişlənməsi missiyası yeni keyfiyyətdə davam etdiriləcək. Məhz sadalanan bu detalların və strateji məqsədlərin fonunda açıq şəkildə təsbit etmək olur ki, bu gün Tunis, Misir, Liviya kimi region ölkələrində baş verən hadisələrin konseptual əsasını “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” təşkil edir. Deməli, dünyanı idarə edən nəhəng güclər bəhs edilən bölgəni monopoliyaya almaq üçün sözügedən əməliyyatları həyata keçirməkdədirlər. Bu mənada Liviyaya əməliyyatın da eyni konseptual cizgilər əsasında reallaşdırıldığı danılmaz fakdır.

“Geosiyasi demokratiya” prinsipi, yaxud “demokratiya” silahı geosiyasi oyunlar vasitəsi kimi...

Bütün bu sadalananların fonunda belə bir nəticəyə gəlmək olur ki, “Böyük Yaxın Şərq əməliyyatı” heç də iddia edildiyi kimi, bölgə ölkələrinə “demokratiya” transfer etmək- “demokratik tranzit” məqsədi daşımır. Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətlinə, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut edir ki, dünyanı idarə edən Atlantik aktorları “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını monopoliyaya alan Qərbin imperialist aktorları özlərinin ekspansiya və işğallarına “demokratiya” adı altında bəraət qazandırmaqda və sözügedən məfhumlardan “qalxan” qismində istifadə etməkdədirlər. Məhz bu cür acınacaqlı situasiyanın fonunda qeyd edə bilərik ki, Yaxın Şərq və Şimali Afrikada baş verən olayların xaosa və anarxiyaya yol açmasının, insan qətliamının əsl səbəbkarı və günahkarı “demokratiya nəğməsi” ilə dünyanı manipulyasiya edən sözügedən aktorlardır.

İnqilablar xaos və tənəzzülü şərtləndirən destruktiv faktor kimi...

Hələ hadisələrin başlanğıcında belə bir proqnoz vermişdik ki, keçmişdə olduğu kimi, bu gün də bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı olaylar milli tənəzzül mənbəyi qismində çıxış edəcək və bölgə ölkələrini ciddi kataklizmlərlə qarşı-qarşıya qoyacaq. Tarixi faktlardan bəlli olduğu kimi, ictimai-siyasi strukturların və təsisatların iflic edilməsi, hakimiyyətin bir qrup oliqarxdan digərinə keçməsi, həmçinin dağıdıcı inqilablar nəticəsində hakimiyyətə gələnlərin bu yolla da hakimiyyətdən devrilməsi, yaxud da tezliklə müəyyən sahələrə nəzarət uğrunda inqilabçıların öz aralarında da nifaq yaranması və rejimlərin avtoritarizmdən neoavtoritarizmə transfer olunması kimi real nəticələr məkan və ya zamanından asılı olmayaraq bu cür iğtişaşların qurucu deyil, dağıdıcı-destruktiv funksiyaya malik olduğunu sübut edib. Bütün bunlar isə onu deməyə əsas verir ki, XXI əsr yeni dünya düzəninin fonunda imperialist güc mərkəzlərinin “sınaq laboratoriyası”na çevrilmiş ölkələrdə baş tutmuş inqilablar həmin dövlətlər və bu dövlətlərin xalqları üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıyır. Başqa sözlə, qazanan transmilli maraqlara malik olan imperialist güclər olsa da, uduzan tərəf xalq  və dövlət olur.

Bu gün Liviyada baş verənlər söylədiyimiz faktların sonuncu təzahür formasıdır. Belə ki, imperialist güclərin hücumlarının və Müəmmar Qəddafinin devrilərək vəhşicəsinə qətlə yetirilməsinin fonunda yaranmış xaotik durum ölkənin ictimai-siyasi stabillik balansını pozmaqla yanaşı, ciddi “mərkəzdənqaçma” meyillərinin sürətlənməsinə səbəb olub.

Nəticə etibarilə belə proqnoz vermək olar ki, Liviya hələ uzun müddət ciddi kataklizmlər meydanına çevriləcək.


P.S. Növbəti yazımızda Suriyada baş verən hadisələrə toxunacağıq.

Nurlan Qələndərli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı