2011-ci ilin mayı ayında Fransanın Dovil şəhərində keçirilən “G-8” sammiti çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağla bağlı bəyanat qəbul ediblər. Bəyanatda Azərbaycan və Ermənistanı sülhə çağırış öz əksini tapıb. Təxminən üç il müddət keçməsinə baxmayaraq bu bəyanat heç bir təsir gücünü göstərməyib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov Modern.az saytına mövzu ilə bağlı açıqlama verib. O bildirib ki, bəyanatdakı sülhlə bağlı çağırışlar Ermənistan tərəfindən yerinə yetirilməyib. Politoloq Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməməsinə diqqət çəkərək qeyd edib ki, Dovil bəyanatı onun üçün heç bir əhəmiyyət kəsb etmir. “Qətnamələrin yerinə yetirilməsi icbari xarakter daşıyır, yəni məcburidir. Amma bəyanatın hüquqi gücü yoxdur, o yalnız siyasi gücə malik bir sənəddir. Ermənistan üstündən iyirmi il keçməsinə baxmayaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyib və buna görə heç bir təzyiqlə üzləşməyib. Belə olan təqdirdə Ermənistanın Dovil bəyanatını saymazlıqdan gəlməsi təəccüblü qarşılanmamalıdır”-deyə E. Nəsirov bildirib.
Siyasi ekspertin fikrincə, bütün məsuliyyət birinci növbədə Ermənistanın üzərinə düşür. Bununla yanaşı analitik sözügedən qətnamələri və bəyanatları qəbul edən böyük dövlətlərin də məsuliyyət daşıdığını söyləyib. “ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət Ermənistanı heç qınaq obyekti də etmirlər. Belə vəziyyətdə işğalçıda bir arxayınlıq yaranır, şirniklənməyə başlayır və daha da böyük cinayətlər törətməyə maraqlı olur. Danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın dünya ictimai fikrini aldatmaq üçün etdiyi imitasiyalardır. Ermənistan müzakirələrdə iştirak etməklə bir növ sülhpərvər dövlət imicini formalaşdırmağa çalışır”.
Siyasi şərhçi hesab edir ki, Ermənistanın əsas niyyəti status-kvonun qoruyub saxlamaqdır. E. Nəsirovun sözlərinə görə Rusiyanın Ermənistana açıq dəstəyi problemin nizamlanmasında başlıca maneədir. Politoloq onu da qeyd edib ki, dünyanın məşhur mərkəzlərindən biri Dağlıq Qarabağ konfliktini İsrail-Fələstin münaqişəsi ilə müqayisə edir. “ABŞ-ın məşhur “Vudro Vilson” institutunun ekspertləri Dağlıq Qarabağ münaqişəsini nə Cənubi Osetiya, nə Abxaziya nə də Dnestryanı münaqişə ilə deyil, Yaxın Şərqin altmış ildən çox davam edən İsrail-Fələstin müharibəsi ilə müqayisə ediblər. Bu, Qarabağ probleminin nə dərəcədə mürəkkəb olduğunun göstəricisidir. Ermənistandan heç bir pozitiv addım gözləməyin mənası yoxdur”.
Aqşin Kərimov