Modern.az

BMT bu gün Azərbaycanla bağlı məsələni müzakirə edəcək

BMT bu gün Azərbaycanla bağlı məsələni müzakirə edəcək

Təhsil

9 Sentyabr 2010, 13:15

Sentyabrın 9-da BMT-nin Baş Məclisinin 64-cü sessiyasının ümumi iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi müzakirə ediləcək. (AzərTAc)
Qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq.
Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.
Sənəddə BMT-nin qurumlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normalarına və insan haqlarına dair beynəlxalq standartların təmin edilməsi məsələsini nəzərdən keçirmələri təklif olunur. Burada, həmçinin münaqişə zonasına müvafiq təhqiqat aparılaraq hesabatın hazırlanması üçün çoxmillətli missiyanın göndərilməsi təklifi də öz əksini tapıb.
Layihədə BMT-nin baş katibi Pan Gi Mundan xahiş olunur ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabatı təqdim etsin.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı