Modern.az

Milli Məclisin yeni deputatı: “Heç bir millət vəkilinə qibtə hissi ilə yanaşmıram” - MÜSAHİBƏ

Milli Məclisin yeni deputatı: “Heç bir millət vəkilinə qibtə hissi ilə yanaşmıram” - MÜSAHİBƏ

3 Noyabr 2016, 12:09

Milli Məclisin deputatı Kamran Bayramov Modern.az saytına müsahibə verib.

 

-Kamran müəllim, sizi bir az da yaxından tanıyaq. Harada doğulmusuz? Orta və ali təhsilinizi harada almısınız?

 

-Bakı şəhərində doğulmuşam. 36 yaşım var. Orta təhsilimi də Bakıdakı məktəblərdən birində  almışam. Bakı Dövlət Universitetinin hüquq fakutəsində oxumuşam. Bakalavr pilləsini bitirdikdən sonra təyinatla Ədliyyə nazirliyinə işə qəbul olunmuşam. 9 ilə yaxın burada çalışmışam. Əsasən beynəlxalq əməkdaşlıq,insan hüquqları  və ictimai əlaqələr idarələrində işləmişəm. Daha sonra 8 il Azərbaycan Respublikası Prezident Administrasiyasında çalışmışam. Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində  və Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsininBələdiyyələrlə iş sektorunun müdiri vəzifəsində çalışmışam.

 

-Maraqlıdır ki, bu qədər vəzifələrdə çalışa-çalışa həm də deputat olmaq da istədiz.

 

-Yeni Azərbaycan Partiyasının üzvü olduğuma görə deputatlığa namizədliyimi vermək partiyanın qərarı idi. Partiyanın qərarını rəhbər tutmaq lazımdı. Elə partiyanın çağırışı ilə 100 saylı Şəmkir -Daşkəsən seçki dairəsindən namizədliyim irəli sürüldü. Həyat elə gətirdi ki, deputat seçildim. Təəssüflənmirəm. Çünki vətəndaşların vəkili olmaq, onların maraq və mənafelərini müdafiə etmək olduqca şərəfli və məsuliyyətli bir vəzifədir.

 

-Gənc deputat olaraq, seçicilərlərin problemlərini yoluna qoymaqda nə kimi çətinlikləriniz var?

 

-Heç bir çətinlik yoxdur. Deputatlığa namizəd zamanı təbliğat- təşviqat kampaniyasında dairəmə daxil olan bütün yaşayış məntəqələrində oldum. Görüşlərkeçirdim. İndi isə ən azı ayda bir dəfə seçicilərlə görüşə gedirəm. Çalışıram ki, kömək edim. Demirəm ki, 100% kömək edirəm. Sadəcə, deputatın üstünlüyü ondadır ki,  hansısa qurumların qapısını döyə, komitələrə, nazirliklərə müraciət edə bilir. Təbii ki, deputatdan da çox məsələlər asılı deyil. Onun səlahiyyəti, vətəndaşların müraciətlərini dinləmək və qurumlara rəsmi müraciət etməkdən ibarətdir.

 

-Plenar iclaslarda çox da çıxışlarınızı görə bilmirik.

 

-Mənim də çıxışlarım olur. Regional məsələlər komitəsində təmsil olunuram. Düşünmürəm ki, bu komitənin üzvüyəmsə, əsasən səlahiyyətinə daxil olan məsələlərlə bağlı çıxış etməliyəm. İnsan elədir ki, bütün sahələri biləbilməz. Əks-səda doğuran məsələlər var ki, buna münasibət bildirmək hər birimizin borcudur. Parlamentin müzakirəsi zamanı  bələdiyyələrlə, regionların inkişafı ilə bağlı məsələ varsa mütləq çıxış edirəm.

 

-Bəlkə, köhnə deputatlar danışmaq üçün yenilərə fürsət vermirlər?

 

-İnanmıram ki, fürsət verməsinlər. Mənə heç kəs mane olmayıb ki, danışmayım. Tələb də qoyulmayıb ki, “çıxış etmə”. Demokratiyadır. Elə demokratiyanıngüzgüsü parlamentdədir. Siyasi plüralizm var. Hər bir deputat istədiyi məsələyə münasibət bildirir.

 

-Niyə,  yeni seçilmiş deputatların açıqlamalarını mətbuatda görə bilmirik? Nədən qaçırsız?

 

-Deməzdim ki, yeni deputatlar mətbuatdan qaçırlar. Sadəcə, hər deputatınöz iş qrafiki var.

 

-Bir çoxları belə fikirləşir ki, həmkarınız Naqif Həmzəyevin Rəsulzadə ilə bağlı qalmaqallı sözləri qınaq obyektinə çevriləndən sonra sanki digər deputatlar da susmağa üstünlük verib.

 

-Belə düşünmürəm. Bu fikirlərlə razı deyiləm. Zaman-zaman yeni deputatların mətbuatda açıqlamaları, müsahibələri gedir.

 

-Ümumiyyətlə, bir deputat tərəfindən şəxsiyyətlərin aşağılanması nə dərəcədə doğrudur?

 

-Bu suala Naqif Həmzəyev üzərindən cavab vermək istəmirəm. Bu mövzunu şərh etmək istəmirəm. Hər kəsin öz mövqeyi, məsələyə cavab vermək qabiliyyəti var. Kiminsə adı ilə cavab vermək istəmirəm. Ayrıca, prosesin içində olmadığıma görə heç nə deyə bilmərəm. Mən ancaq özümə əminəm. Özümlə bağlı suala cavab verə bilərəm.

 

-Mənə Naqif Həmzəyevin məlum hadisədən sonrakı vəziyyəti maraqlıdır. Mətbuat tərəfindən üzərinə təpki çox oldu.

 

-O vaxt Naqif Həmzəyevlə heç bir təmasım olmayıb. Bu barədə də heç nə danışmamışıq. Münasibətimiz yaxşıdır. Danışırıq, görüşürük. Onu çox təcrübəli bir fəal kimi tanıyıram. Ola bilsin ki, Naqif Həmzəyevin fikirlərində təhrifə yol verilib. Yenə deyirəm, dəqiq heç nə deyə bilmərəm.

 

-Mətbuatın tənqidinə bir çox həmkarlarınız tuş gəlir. Bəs siz necə, tənqidə dözümlü insansınız?

 

-Tənqidi mütaliə üçün bir əsas kimi qəbul edirəm. Tənqid varsa, bu, elə-belə baş vermir. Bu nədənsə irəli gəlir.Tənqidin haradan qaynaqlandığını üzə çıxarmaq lazımdır. Tənqidsiz həyat olmaz. İdeal insan da yoxdur. İnsan səhv də edə, yolunu  aza bilər. Bütün bunlar ona görə baş verir ki, insan nəticə çıxarmağı bacarsın.Lakin eyni zamanda, bu məsələdə mətbuat nümayəndələrinin də məsuliyyəti var. Onlar əldə etdikləri məlumatları dəqiq araşdırmalı, yoxlamalıdırlar ki, təhrifə, yanlış həqiqətə uyğun olmayan məlumatlara yol verilməsin.

 

-Bələdiyyələr məsələsinə toxunmaq istərdim. Hələ də problemli sahə olaraq qalır.

 

-Bələdiyyə institutu maraqlı institutdur. Çünki xalqla birbaşa təması var. Bələdiyyələr, xalq hakimiyyətinin təzahürüdür. İnsanlar öz aralarında seçim edirlər.Bələdiyyənin məqsədi həmin ərazidə yaşayan insanların problemlərini həll etməkdir. Bələdiyyələr, qeyri-dövlət orqanları olsa da üzərlərində dövlət səlahiyyətlərinin bir qismi var. Yerli iqtisadi, sosial və ekoloji proqramların həyata keçirilməsi “Bələdiyyələrin statusu haqqında”olan  qanunda öz əksini tapıb. Bir çoxları tənqid edir ki, icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında konkret səlahiyyət bölgüsü yoxdur. Bununla razı deyiləm. Qanunlarımız aydın şəkildə bu sərhədi müəyyən edib. Bələdiyyələr, dövlət proqramı ilə əhatə olunmayan məsələlərlə məşğuldurlar. Cənab Prezident regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq sayca üçüncü dövlət proqramını təsdiq edib və həmin sənəd uğurla həyata keçiriıir.  Yerliəhəmiyətli məsələlərlə bağlı isə birbaşa  bələdiyyələrə həvalə olunub.

 

-Bələdiyyələrin  öz vəzifələrinin öhdəsindən gələ bilməməsi ilə bağlı iradlar tez-tez səslənir. Hələ də torpaqsatan qurum kimi baxılır. Bunu necə izah edə bilərsiz?

 

-İlk vaxtlarda bu, yeni qurum idi. Bir çoxları bələdiyyə institutlarını, onların məqsədini dərk etmirdi. Yeni yarandığı vaxtlarda səhvlər buraxmışdı. Torpaqsatan qurum kimi tanınması da sirr deyil. Ona görə ki, ilk vaxtlarda üstünlük torpaq satışına verilmişdi. Bunun nəticəsində də əksər torpaq ehtiyatları tükəndi. Artıq bu sahədə müəyyən tərəqqi gedir. Bir neçə seçki keçəndən sonra bələdiyyələrimiz öz səmərəsini artırmaq yolundadırlar.

 

-Bələdiyyələrin büdcəsi torpaq satışı hesabına həyata keçirilirdi. İndi vəziyyət necədir?

 

-Vəziyyət 180 faiz dəyişib. Bələdiyyələrimiz başa düşürlər ki, torpaq satışı ilə büdcəni doldurmaq mümkün deyil. Torpaq tükənən və  bərpaolunmaz bir nemətdir. Daimi maliyyə mənbəyi kimi çıxış edə bilməz. Ona görə də əsas diqqət yerli vergi  və ödənişlərinin toplanmasına yönəlib. Ötən illərlə müayisədə yerli vergi və ödənişlərdən yerli büdcələrə daxil olan vəsaitlər qat-qat artıqdır. Bələdiyyələr yerli büdcələrini doldura və özfəaliyyətini  təmin edə bilər. Bələdiyyə üzvlərinin işçilərinin əmək haqlarını verə bilər. Bələdiyyə, büdcəsinin böyük bir hissəsini vətəndaşlara xərcləməlidir.

 

-Bir az da Milli Məclisdəki iş prosesinizə diqqət edək. Milli Məclisdə  parta yoldaşınız kimdir?

 

-Rüstəm Xəlilov. Rüstəm müəllimi deputat seçilməmişdən öncə tanıyıram. Administrasiyada bələdiyyələrlə iş bölməsində çalışan zaman tez-tez parlamentə gəlirdim. Regional məsələlər Komitəsinin iclaslarında iştirak edirdim. Ona görə də Rüstəm müəllim də daxil olmaqla, Komitənin üzvü olan deputatları tanıyırdım. Rüstəm müəllim, kənd təsərrüfatı sahəsində çox güclü mütəxəssisdir. Deputat seçiləndən sonra müəyyən məsləhətlərini verir. Çox sevinirəm ki, onunla parta yoldaşıyam.

 

-Əvvəlki iş yerinizdə olarkən,  hansı deputatların fəaliyyətini yaxından izləyirdiniz. Ola bilməz ki, 125 deputatın hamısına qibtə edəsiz

 

-Heç bir deputata qibtə hissi ilə yanaşmamışam və yanaşmıram. Əvvəllər parlamentə siyasət güzgüsü kimi baxırdım və indi də elədir. Vətəndaşların problemlərinin necə işıqlanırılmasına fikir verirdim. Hər bir deputat müxtəlif peşə,  xasiyyət sahibidir. Yaxın ünsiyyətdə olduğum deputat həmkarlarım var ki, müəyyən məsələlərlə bağlı məsləhətləşirik, danışırıq. Deputat seçiləndən sonra bir daha deputatların bir-birilə necə mehriban olmalarının şahidi oldum.

 

-Bir dönəm vardı ki, Milli Məclis daha qaynar mühit idi. Deputatlar arasında hansısa məsələ ətrafında mübahisələr yaranırdı. Hətta, bir dəfə keçmiş deputat  Hüseyn Abdullayevlə Fəzail Ağamalı arasında etikadankənar mübahisə baş vermişdi. Düzdü, sonralar deputatların  etik davranış kodeksi qəbul olundu. Bir deputat kimi parlamentdə bu cür “savaşları” necə qiymətləndirirsiz?

 

-Sivil qaydada olursa, buna normal baxıram. Əgər müəyyən fikirayrılığı yaranırsa, bunu sözlə də, fikirlə də həll  etmək olar. Onu əlbəyaxa həll etmək heç bir nəticəni verməyəcək.

 

-Emosiyalarına tabe ola bilməyəndə bəs necə?

 

-Emosiayaları cilovlamaq lazımdır. Parlamentin iclasları  sonradan cəmiyyətə təqdim olunur. Özünü elə təqdim etməlisən ki, nüfuz qazanmağına da kömək olsun. Emosiyaları cilovlamaq olmursa, düşünürəm ki, idmanla məşğul olmaq lazımdır.

 

-Yeri gəlmişkən idmanla aranız necədir?

 

-Futbolu izləməyi və oynmağı çox sevirəm. Yay aylarında  deputatlarla birgə Antalyada bir yarışa qatılmışdıq. Hal-hazırda zədəli olduğuma görə oyunlar arasında futbola fasilə vermişəm.

 

-Antalyaya gedəndə zədə almışınız?

 

-Antalyaya zədəli getmişdim. Amma, futbol oynadım.

 

-Azarkeşlik etdiyiniz komanda hansıdır?

 

-Yaxşı oyun azarkeşiyəm. Fərqi yoxdur ki, oyunda hansı komanda var, əsas odur ki, izləyirəm. Amma son vaxtlar Şəmkir komandasına xüsusi azarkeşlik edirəm. Təbii ki, milli komandamızın oyunlarını izləyirəm.  2018-ci ilin dünya çempionatının qrup seçmə mərhələsində Azərbaycan ikinci yerdə qərarlaşıb. Azərbaycan komandası son vaxtlar xüsusi oyun nümayiş etdirir. Bu da ölkəmizdə idmana, futbola olan diqqətin nəticəsidir.

 

-Kitab oxumaqla aranız necədir?

 

-Çox yaxşı. Əsasən detektiv janrında yazılmış kitablara üstünlük verirəm.

 

-Çingiz Abdullayevi,  Elxan Elatlı yaradıcılığını da gözdən keçirməmiş olmazsız?

 

-Hal-hazırda xarici ədəbiyyatı oxuyuram. Bu da hüquqşünas olduğumdan irəli gəlir. Uşaq olanda düşünürdüm ki,  prokurorluqda işləyə bilərəm.  Dedektivləri oxuduqca təcrübəni oradan da götürə bilərəm. İnstitutu bitirdikdən sonra beynəlxalq hüquq sahəsinə diqqət etməyə başladım. Hal-hazırda beynəlxalq təcrübə ölkəmiz üçün olduqca vacibdir. Bir çox qanunvericilik aktlarımız, qanunlarımız beynəlxalq təcrübəyə əsaslanır. Beynəlxalq sahədə nüfuzumuz və beynəlxalq təşkilatlarla əməkdaşlığımız göz önündədir.

 

- Bəzi deputat həmkarınız, xüsusilə kişiləri nəzərdə tuturam. Ailənin önə çıxmasını istəmirlər. Bu da onu deməyə əsas verir ki, qadınların cəmiyyətdə nüfuz sahibi olmalarını həzm edə bilmir. Sizin də mövqeyiniz maraqlıdır.

 

-Bu, hər bir insanın xasiyyətinə bağlı məsələdir. Sözün düzü, qapalı olmamışam. Qadınların cəmiyyətdə mövqe sahibi olmaları dövlətin inkişafı ilə bağlıdır. Milli Məclisdə də kifayət qədər qadın deputatlarımız var. Mətbuatla da təmas qurmağa çalışıram. Məsələlərin ictimailəşdirilməsində mətbuatın rolu əvəzsizdir. Cəmiyyətimiz amorf qalmamalıdır. Bu məsələdə söz azadlığının rolu mütləqdir.

 

-O zaman xanımınızın gələcəkdə deputat seçkilərinə qatılmasını ancaq dəstəkləyə bilərsiz.

 

Bu barədə, heç söhbətimiz olmayıb.

 

-Xanımınız hansı sahədə çalışır?

 

O da hüquqşünasdır.

 

-O zaman “iki qoçun başı bir qazanda qaynaya bilirmirmi”? Yəni, fikir ayrılıqları olurmu?

 

-Bizim ailədə əsl demokratiyadır. Bir-birimizi çox yaxşı anlayırıq. Ona görə də hər hansı problem yaşamırıq.

 

Namidə BİNGÖL

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi