Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizdə rəsmi səfərdədir. Prezident İlham Əliyev çexiyalı Baş naziri Qəbələdə qarşılayıb.
Modern.az saytı Çexiya-Azərbayca münasibətlərindəki inkişafı nəzərə alaraq Çexiyadakı Azərbaycan Evinin rəhbəri Leyla Cəfərova ilə həmsöhbət olub. Onunla qısa müsahibəni təqdim edirik:
- Leyla xanım, hazırdan Çexiyada nə qədər azərbaycanlı yaşayır?
- Hazırda Çexiyada təxminən 3000 nəfərə yaxın azərbaycanlı yaşayır.
- Həmyerlilərimiz əsasən hansı sahələrdə çalışırlar?
- Çexiyada əsasən azərbaycanlı tələbələr çoxdur. Haradasa, 1000-dən çox azərbaycanlı tələbə var. Onlar universitetləri bitirəndən sonra burada qalır, beynəlxalq şirkətlərdə özlərinə iş tapırlar. Əczaçılıq sahəsində xidmət göstərən, "Novartis" şirkətində xeyli azərbaycanlı işləyir. Eyni zamanda böyük şirkətlərdən biri olan "Riqs"də azərbaycanlı işçilərin sayı çoxdur. Bundan başqa, bizneslə məşğul olan azərbaycanlılar da var. Azərbaycanlıların Çex cəmiyyəti ilə inteqrasiyası yaxşı keçir. Çünki bizim diasporumuz cavandır.
- Çexiyada Azərbaycan Evinin fəaliyyəti necə təşkil olunub?
- 2024-cü ilin noyabrından Azərbaycan Mədəniyyət Evi layihəsi həyata keçirilir. Mən həm Azərbaycan, həm də Çexiya Yazıçılar Birliyinin üzvü və "Natəvan" cəmiyyətinin sədri kimi bu layihəyə rəhbərlik edirəm. Birinci gündən bizim layihəmiz Diaspor Komitəsi tərəfindən dəstəklənib, işimizi onlarla qurmuşuq. Fəaliyyətimizin ilk günündən səfirlik də yanımızda olub, açılışda iştirak ediblər.
Elə ilk gündən sərgilər, mədəniyyət və ədəbiyyatla bağlı axşamlar keçirdik. Azərbaycan dilinin tədrisinə yönəlmiş bazar günü məktəbinin fəaliyyəti başladı. Bizim mədəniyyət evinin məqsədlərindən biri iki xalqın mədəniyyətində əks olunan ümumibəşəri dəyərlərin təbliğ olunmasıdır. Bu kontekstdə Azərbaycanla Çexiya arasında yalnız mədəni yox, tarixi paralellər mövcuddur. İki ölkə 1918-ci ildə demokratik respublika qurub. Mənim bu istiqamətdə bir sıra tamaşalarım da var. “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərgi keçirmişik. Bu sərgi çox yaxşı alınmışdı. Çexlər bu günə kimi onu xatırlayırlar. Çex aktyorlarla birlikdə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş tamaşa keçirdik. Kitab sərgiləri təşkil etdik ki, bu zaman Çex klassikləri Azərbaycan, bizim klassiklərimiz də Çex dilində sərgiləndi. Bu yaxınlarda kukla sərgisi keçirdik. Sərgidə Novruz və Çex pasxasını - iki ənənəni birləşdirib ortaya çıxardıq. Sərgiyə diplomatik korpus nümayəndələri gəlmişdi. Amma qeyd etmək istərdim ki, Mədəniyyət evi hazırda Çexiya Xaricilər İnstitutunda yerləşir. Yəni hazırda öz məkanımız yoxdur. Mənə elə gəlir, artan əməkdaşlıq prespektivləri Çexiya hökuməti tərəfindən dəstəklənən Mədəniyyət Evinin daimi məkan açılacaq.
- Azərbaycan dili məktəbində hazırda neçə nəfər çexiyalı dilimizi öyrənir?
- Hazırda Azərbaycan dili məktəbində iki qrup var. Noyabrda biz dərslərə başlayanda buradakı uşaqlar və tələbələr Azərbaycan dilində heç "salam" deyə bilmirdilər. Bu yaxınlarda keçirdiyimiz tədbirlərdə onlarla Azərbaycan dilində danışıldı. Mən çox sevindim ki, onlar Azərbaycan dilində daha rahat danışa bilirdilər. Buradakı uşaqların bəziləri atası çex, anası azərbaycanlı olanlardır. Belə ailələrindən birinin övladı atası ilə gəlmişdi, o da maraqlandı, uşağı ilə başladı dilimizi öyrənməyə. Azərbaycanlı bir xanımın ingilis həyat yoldaşı da xidmətimizdən yararlandı. Öz məkanımız olmadığından mart ayından onlayn dərslərə başlamışıq. Bu bir baxımdan da yaxşı oldu, çünki Praqadan uzaqda yaşayanlar vardı. Qrup üzvlərinin sayı təxminən 17 nəfərdir.
- Azərbaycandan Çexiyaya tələbələr gedir, bəs oradan bura gəlnlər olurmu?
- Bununla bağlı mən eşitməmişəm.
- Sizin seçiminiz niyə məhz Çexiya oldu?
- Mən 16 il öncə Çexiyaya köçmüşəm. Şairə, yazıçıyam. Bakıda yaşayanda BP şirkətində İnsan resursları sahəsində çalışırdım. Elə oldu ki, Avropaya köçüb 3 övladıma təhsil vermək istədim. Hazırda 4 övladm var- iki oğlan, iki qız.
Böyük övladım universteti bitirib, fizioterapevt həkim kimi çalışır. Övladlarımdan ikincisi Karls Universitetinin Hüquqşünaslıq fakultəsinin III kurs tələbəsidir. Oranı hələ ki azərbaycanlılar bitirməyib. Yəni ingilis dilində ödənişlidir, Çex dilində isə pulsuz. Üçüncü övladım - qızım isə memar olacaq. Dördüncü övladım çexdilli məktəbə gedir.