Modern.az

Belarusla Azərbaycan xarici bazara birgə məhsullar çıxaracaq

Belarusla Azərbaycan xarici bazara birgə məhsullar çıxaracaq

Parlament

Bu gün, 14:10

İkitərfli münasibətlərdə heç bir qapalı mövzu yoxdur, biz Azərbaycanlı həmkarlarımızla açıq danışırıq. 

Modern.az-ın məlumatına görə, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisdə spiker Sahibə Qafarova ilə birlikdə mətbuata açıqlaması zamanı bildirib. 

İqor Sergeyenko bildirib ki, bugünkü görüşlərimizin əsas məqsədi Belarus və Azərbaycan arasında sosial-iqtisadi, humanitar və parlament sahələrində əməkdaşlığın və münasibətlərin inkişafı ilə bağlı aktual məsələləri müzakirə etməkdir.

“Biz bu gün azərbaycanlı həmkarlarımızın – etibarlı tərəfdaşlarımızın və dostlarımızın dəstəyini hiss edirik. Onlarla həm dövlətlər səviyyəsində, həm də beynəlxalq platformalarda əməkdaşlıq edir, beynəlxalq fəaliyyət təcrübəmizi bölüşür, həm parlament müstəvisində, həm də digər formatlarda bir-birimizi dəstəkləyirik”.

O qeyd edib ki, iqtisadi baxımdan da əməkdaşlığın inkişafı üçün işlər görülür:

“İqtisadi sahədə bir sıra birgə layihələrin həyata keçirilməsi davam edir. Söhbət birgə istehsal güclərinin inkişafından, ortaq ərazilərdə tikintidən, Belarusun Azərbaycanda və Azərbaycanın Belarusda anbarlarının yaradılmasından gedir. Əmtəə dövriyyəsinin artırılması məsələsi də gündəmdədir. Bu, iki ölkə prezidentinin Minsk və Bakı səfərləri zamanı qarşıya qoyduğu mühüm vəzifələrdən biridir”.

Bazarda birgə məhsullar yaratmağı hədəfləmişik:

“Lakin əsas məsələ bazarda satılacaq birgə məhsullar yaratmaq, məhsul istehsal etmək və üçüncü ölkələrin bazarlarına çıxmaqdır. Bu gün biz Belarus və Azərbaycan parlament deputatlarının bu istiqamətdə nələr edə biləcəyini də müzakirə etdik”.

Təhsil, mədəniyyət və tarixi yaddaşın qorunması sahələrində əlaqələr və məsləhətləşmələr fəal şəkildə inkişaf edir:

“Biz parlamentlərarası əməkdaşlıqdan, o cümlədən qanunvericilik fəaliyyəti təcrübəsinin mübadiləsindən, qanun layihələrinin müzakirəsindən və parlament dinləmələrinin keçirilməsindən danışırıq.

İnformasiya dialoqunun fəallaşmasında parlamentlərimizin yaratdığı platformalar da mühüm rol oynayır. Bu gün həmkarlarımız da iştirak edir və ölkələrini təmsil edirlər.

Vurğulamaq istəyirəm ki, bu gün bizim üçün demək olar ki, qapalı mövzular yoxdur. Biz açıq danışırıq, dəstək və dostluq sözləri deyirik, təcrübə mübadiləsi aparırıq və münasibətlərimizin bütün istiqamətlər üzrə inkişaf perspektivlərinə baxırıq” – o bildirib. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı