Professor Qorxmaz İmanov: “Azərbaycanda yeni rəqəmsal arxitekturanın formalaşması süni intellekt əsaslı idarəetmə sistemlərini daha da inkişaf etdirəcək”
Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov qeyri-səlis iqtisadiyyat sahəsində ölkəmizin tanınmış alimlərindəndir. O, sosial-iqtisadi sistemlərin makro göstəricilərinin qeyri-səlis məntiq nəzəriyyəsi əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi tədqiqatlar apararaq əhəmiyyətli nəticələr əldə etmişdir. Professor Qorxmaz İmanov sosial-iqtisadi sistemlərin müxtəlif səviyyələrində mövcud problemlərin həlli məqsədilə səmərəli fazi modellər irəli sürmüşdür. 85 illik yubileyi ərəfəsində görkəmli alimlə qeyri-səlis iqtisadiyyatın inkişaf perspektivləri, müasir çağırışlar, rəqəmsal transformasiya prosesləri, eləcə də professorun çoxşaxəli elmi fəaliyyəti ilə bağlı söhbət apardıq. Modern.az onunla müsahibəni təqdim edir:
– Hörmətli Qorxmaz müəllim, uzun illərdir iqtisadiyyatın qeyri-səlis modelləri, süni intellekt, qərarqəbuletmə sistemləri və intellektual idarəetmə sahəsində fəaliyyət göstərirsiniz. Son dövrlərdə əldə etdiyiniz ən mühüm elmi nəticələr və nailiyyətlər barədə məlumat verə bilərsinizmi?
– Son dövrlərdə əldə etdiyim əsas elmi nəticələr sosial-iqtisadi sistemlərin idarə olunması üçün yeni model və alqoritmlərin hazırlanması ilə əlaqəlidir. Bu gün həmin model və alqoritmlərdə süni intellekt texnologiyaları aparıcı yer tutur və müasir idarəetmənin əsas alətlərindən biri hesab olunur. Xüsusilə mürəkkəb, çoxamilli və qeyri-müəyyən şəraitdə qərarların qəbulunda qeyri-səlis məntiq metodlarının tətbiqi böyük əhəmiyyətə malikdir.
Qeyd edim ki, sosial-iqtisadi sistem üç əsas sütun üzərində qurulur: iqtisadiyyat, sosial sahə və ekologiya. Mənim elmi fəaliyyətim də bu üç istiqaməti əhatə edir. İqtisadiyyatın idarə olunması, iqtisadi qərarların sosial nəticələrinin qiymətləndirilməsi, eyni zamanda ekoloji təhlükəsizlik və dayanıqlı inkişafın modelləşdirilməsi üzrə müxtəlif elmi yanaşmalar işləmişik.
Artıq 60 ilə yaxındır ki, bu sahə ilə məşğulam. Bu müddət ərzində elmi fəaliyyətim iki mərhələdə davam etmişdir. Birinci mərhələ daha çox klassik iqtisadi-riyazi metodlarla bağlı olub. Bu dövrdə stoxastik proqramlaşdırma, ekonometrik modellər, sahələrarası balans modelləri əsasında Azərbaycanın sosial-iqtisadi sistemlərinin təhlili, idarə olunması və proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparmışam.
İkinci mərhələ isə 2001-ci ildən başlayır. Həmin dövrdən etibarən qeyri-səlis modellərin sosial-iqtisadi sistemlərin idarə olunmasına tətbiqi ilə ciddi şəkildə məşğul olmağa başladım. Son illərdə əldə etdiyimiz əsas nəticələr də məhz bu istiqaməti əhatə edir. Qeyri-səlis yanaşmalar vasitəsilə iqtisadi proseslərin daha dəqiq qiymətləndirilməsi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi, alternativ qərar variantlarının müqayisəsi və optimal idarəetmə mexanizmlərinin qurulması mümkün olmuşdur.
Hesab edirəm ki, gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq. Ona görə də, bu istiqamətdə apardığımız tədqiqatlar həm nəzəri, həm də praktik baxımdan mühüm əhəmiyyət daşıyır.
– Rəhbərlik etdiyiniz laboratoriyada hazırda hansı aktual istiqamətlər üzrə tədqiqatlar aparılır? Bu işlərin ölkə iqtisadiyyatının idarə olunmasına və proqnozlaşdırılmasına töhfələri nədən ibarətdir?
— Hazırda rəhbərlik etdiyim laboratoriyada əsas tədqiqat istiqaməti sosial-iqtisadi sistemlərin idarə olunması üçün qeyri-səlis modellərin hazırlanması və tətbiqidir.
Son dövrlərdə laboratoriyada “İqtisadi Sistemin İdarə Edilməsinin Qeyri-Səlis Modelləri” adlı tədqiqat işi çərçivəsində sosial-iqtisadi sistemlərin idarə olunması, qiymətləndirilməsi və proqnozlaşdırılması üçün yeni elmi yanaşmalar hazırlanmışdır. Bu tədqiqatda intuitiv qeyri-səlis məntiq, qeyri-səlis entropiya və DEMATEL metodları əsasında sosial-iqtisadi inkişaf göstəricilərinin daha dəqiq ölçülməsi, iqtisadi şaxələndirmənin təhlili, maliyyə dayanıqlığı indeksinin hesablanması, makroiqtisadi, sosial, ekoloji və maliyyə təhlükəsizliyinin qiymətləndirilməsi üçün yeni modellər təklif olunmuşdur. Eyni zamanda, yaşıl iqtisadiyyatın inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, informasiya iqtisadiyyatının və insan kapitalının inkişaf keyfiyyətinin qiymətləndirilməsi üzrə müasir metodologiyalar işlənmişdir.
Laboratoriyada xüsusi diqqət yetirilən istiqamətlərdən biri də yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf məsələləridir. Belə ki, “Yaşıl İqtisadiyyatın İnkişafının Qiymətləndirilməsinin Qeyri-Səlis Modelləri” adlı tədqiqat işində Azərbaycan üçün Yaşıl İnkişaf İndeksinin (GGI) qiymətləndirilməsi və modelləşdirilməsi məqsədilə qeyri-səlis nümunə tanıma modeli (FPRM) təklif olunmuşdur. Model qeyri-müəyyənlik və qeyri-səlisliyi nəzərə alaraq qiymətləndirmənin dəqiqliyini artırır, GGI göstəricilərinin səviyyəsini müəyyən etməyə və müxtəlif müdaxilələrin bu göstəricilərə mümkün təsirini simulyasiya etməyə imkan verir. Aparılmış hesablamalar modelin Azərbaycan üzrə yaşıl inkişaf səviyyəsinin qiymətləndirilməsində effektiv olduğunu göstərmişdir. Tədqiqat davamlı inkişaf istiqamətində sübuta əsaslanan siyasətin formalaşdırılması üçün elmi metodologiya təqdim edir.
Digər aktual istiqamətdə tədqiqat işi isə “Sosial Dayanıqlığın Keyfiyyət Səviyyəsinin Qiymətləndirilməsinin Qeyri-Səlis Modelləri”nin işlənilməsinə həsr edilmişdir. Bu tədqiqat çərçivəsində həyat keyfiyyətinin, sosial kapitalın, insan kapitalının, əsas insan ehtiyaclarının, iqtisadi təhlükəsizliyin, sosial birlik və sosial səlahiyyətləndirmənin qiymətləndirilməsi üçün müxtəlif qeyri-səlis modellər təklif olunmuşdur. Həmçinin sosial mobilliyin proqnozlaşdırılması məqsədilə qeyri-səlis linqvistik Markov zənciri modeli işlənmişdir. Təklif olunan yanaşmalar sosial dayanıqlığın əsas göstəricilərini daha çevik və real qiymətləndirməyə, sosial riskləri müəyyən etməyə və sosial siyasətin elmi əsaslarla formalaşdırılmasına xidmət edir.
Ümumilikdə, laboratoriyada aparılan tədqiqatların əsas töhfəsi ondan ibarətdir ki, onlar ölkə iqtisadiyyatının idarə olunması və proqnozlaşdırılması üçün daha dəqiq, çevik və praktik qərarvermə alətləri yaradır. Bu yanaşmalar iqtisadi siyasətin səmərəliliyinin artırılmasına, risklərin azaldılmasına və strateji planlaşdırmanın gücləndirilməsinə yönəlib.
Onu da qeyd edim ki, əldə olunan elmi nəticələr yüksək istinad indeksli nüfuzlu beynəlxalq jurnallarda çap olunur ki, bu da aparılan tədqiqatların aktuallığının göstəricisidir.
– Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar dövlət idarəçiliyində xüsusi əhəmiyyət daşıyır. Sizcə Prezident İlham Əliyevin Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması, bu sahədə dövlət və elm qurumları qarşısında müəyyənləşdirdiyi strateji vəzifələr hansı məqsədlərə xidmət edir?
– Əvvəla onu qeyd edim ki, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə göstərilən diqqət Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət idarəçiliyində yeni texnologiyaların tətbiqi, elektron xidmətlərdən istifadənin genişlənməsi, rəqəmsallaşma proseslərinin sürətlənməsi innovativ idarəetmə mexanizmlərinin qurulması ölkənin yeni mərhələdə inkişafını şərtləndirən amillərdir. Bu siyasət dövlət resurslarından daha səmərəli istifadə olunmasına, şəffaflığın artmasına və operativ qərarverməyə geniş imkan yaradır.
Uzun illər ərzində süni intellekt, böyük verilənlər, riyazi modelləşdirmə və rəqəmsallaşma sahəsində aparılan fundamental tədqiqatlar bu gün artıq praktik tətbiq mərhələsinə daxil olmaqdadır. Dövlət başçımız cənab İlham Əliyevin müəyyən etdiyi strateji vəzifələr alimlər qarşısında yeni imkanlar açır, məsuliyyəti daha da artırır. Elmi müəssisə və təşkilatlar üçün aktual məsələlərə yönəlmiş tədqiqatlar aparmaq, dövlət idarəçiliyi, iqtisadi proqnozlaşdırma, risklərin qiymətləndirilməsi və qərarqəbuletmə sistemlərinin hazırlanmasında daha fəal iştirak etmək üçün real zəmin yaranır.
Ölkə başçımız cari il fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı demişdir ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Prezident İlham Əliyev, həmçinin rəhbər orqanlarında təmsil olunan şəxslərin süni intellektdən geniş istifadə etmələrinin vacibliyini vurğulamışdır. Ölkə başçısının bu fikirləri bir daha göstərir ki, müasir idarəetmə sistemində rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi genişləndirilməlidir. Dövlət idarəçiliyində qərarların daha dəqiq, operativ və elmi əsaslarla verilməsi üçün süni intellektdən geniş istifadə artıq beynəlxalq təcrübədə də geniş yayılmaqdadır.
Əsas gözlənti ondan ibarətdir ki, Azərbaycanda yeni rəqəmsal arxitektura formalaşdıqca süni intellekt əsaslı idarəetmə sistemləri, “ağıllı” iqtisadi təhlil mexanizmləri daha da inkişaf edəcək. Bu proses ölkənin rəqabət qabiliyyətini artıracaq, insan kapitalının inkişafına təkan verəcək və elmlə idarəetmə arasında daha möhkəm əlaqə yaradacaq. Hesab edirəm ki, bu istiqamətdə həyata keçirilən siyasət həm də uzun illər aparılmış elmi araşdırmaların real nəticəyə çevrilməsi üçün tarixi imkan yaradır.
– Qorxmaz müəllim, Lütfi Zadə ilə elmi əməkdaşlığınız və tanışlığınız barədə nə deyə bilərsiniz? Bu münasibətlər elmi fəaliyyətinizə hansı təsiri göstərdi?
– Əvvəlcə xatırladım ki, prof. Lütfi Zadənin Azərbaycana ilk səfəri 1965-ci ildə baş tutmuşdur. Alim Qara dənizdə “Admiral Naximov” teploxodunda Avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans (The International Federation of Automatic Control – IFAC) çərçivəsində bir neçə günlük Azərbaycanda olmuşdur. O zaman biz aspiranturaya yeni qəbul olunmuş gənc tədqiqatçılar idik və Zadə kimi böyük bir alimin Bakıya gəlməsi bizim üçün olduqca əlamətdar hadisə idi.
Xüsusi qeyd etmək istərdim ki, Lütfi Zadə ilə tanışlıq mənim elmi fəaliyyətimdə mühüm bir mərhələni təşkil edir. İlk dəfə onunla 2001-ci ildə beynəlxalq konfransların birində görüşdüm. Həmin görüşdən sonra aramızda elmi münasibətlər və qarşılıqlı əlaqə yarandı. Sonrakı illərdə bu ünsiyyət mənim qeyri-səlis iqtisadiyyat sahəsində fəaliyyətimə ciddi stimul verdi.
Lütfi Zadə tez-tez vurğulayırdı ki, qeyri-səlis məntiq nəzəriyyəsini o, əsasən humanitar və iqtisadi sahələrdə tətbiq üçün nəzərdə tutmuşdu. Lakin ilk dövrlərdə bu nəzəriyyə daha çox texnika və dəqiq elmlərdə istifadə edilməyə başladı. Bu baxımdan süni intellektin iqtisadiyyatda tətbiqi onun üçün də xüsusi maraq doğururdu.
2006-cı ildə İspaniyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış etdim və fürsətdən istifadə edərək prof. Lütfi Zadəyə yaxınlaşıb tədqiqatlarım barədə fikrini soruşdum. O, təqdim etdiyim yanaşmanı müsbət qiymətləndirdi və bildirdi ki, bu istiqaməti çox maraqlı hesab edir.
Lütfi Zadə ilə sonuncu görüşüm Finlandiyada baş tutmuşdu. Hər bir görüşümüz mənim üçün həm elmi, həm də mənəvi baxımdan dəyərli idi. Onunla ünsiyyət hər zaman yeni ideyalar, yeni yanaşmalar və gələcək tədqiqat istiqamətləri barədə düşünməyə stimul verirdi.

– Qeyri-səlis iqtisadiyyat sahəsində beynəlxalq elmi fəaliyyətiniz və nəşrləriniz barədə nə deyə bilərsiniz?
– Qeyd etmək istərdim ki, Lütfi Zadənin tələbəsi, İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının prezidenti, professor Xayme Xil Aluxa hələ 1987-ci ildən Zadə nəzəriyyəsinin iqtisadiyyata tətbiqi istiqamətində sistemli tədqiqatlara başlayıb və bu sahənin əsas məktəblərindən birini formalaşdırıb. Bu il onun 90 illik yubileyi qeyd olunacaq. Həmin yubiley münasibətilə bir sıra ölkələrin alimlərinin iştirakı ilə “Qeyri-səlis iqtisadiyyatın yaradıcıları və əsasları” adlı fundamental kitab hazırlanır.
Kitab İtaliya, Polşa, İspaniya və Azərbaycan alimlərinin həmmüəllifliyi ilə ərsəyə gəlir. Nəşrdə qeyri-səlis iqtisadiyyatın formalaşmasına töhfə vermiş aparıcı alimlər və müxtəlif ölkələr üzrə elmi məktəblər təqdim olunur. Mən də Azərbaycan istiqaməti üzrə bu sahənin inkişafını və ölkəmizin alimlərinin elmi töhfələrini təqdim edən müəlliflər sırasında yer alıram.
Şübhəsiz ki, bütün bu elmi istiqamətin zirvəsində dayanan şəxs – böyük alim Lütfi Zadədir. Kitabda da əvvəlcə onun nəzəri irsi, sonra isə bu məktəbi davam etdirən alimlərin fəaliyyəti geniş şəkildə əks olunur. Bu, həm elmi varisliyin, həm də qeyri-səlis iqtisadiyyatın beynəlxalq miqyasda inkişaf tarixinin mühüm sənədi olacaq.
Bir məqamı da vurğulamaq istərdim. Görüşlərimizdən birində Zadə mənə səmimi şəkildə söylədi ki, qeyri-səlis məntiqin iqtisadi tətbiqləri üzrə daha çox ixtisaslaşmış alimlərlə əməkdaşlıq etmək faydalı olar və mənə tələbəsi olan professor Xayme Xil Aluxa ilə əməkdaşlıq etməyi tövsiyə etdi. Hətta özü şəxsən onunla əlaqə saxladı və mənimlə görüşməsini xahiş etdi.
Bakıya qayıtdıqdan qısa müddət sonra mənə İspaniyaya səfərim üçün dəvət və bütün təşkilati məsələlərlə bağlı dəstək göstərildi. 2006-cı ildə İspaniyaya getdim və həmin vaxtdan etibarən professor Xayme Xil Aluxa və onun elmi məktəbi ilə sıx əməkdaşlığa başladım. Artıq 20 ilə yaxındır ki, bu əlaqələr davam edir və bir sıra mühüm elmi nəticələr əldə olunub.
Mənim beynəlxalq elmi fəaliyyətimdə 2006-cı il xüsusi mərhələ hesab olunur. Həmin ildə professor Xayme Xil Aluxanın dəstəyi və tövsiyəsi ilə ilk məqaləm İspaniyada nüfuzlu “Qeyri-səlis iqtisadiyyat” jurnalında çap olundu. Bu, mənim üçün qeyri-səlis iqtisadiyyat sahəsində beynəlxalq elmi məkana inteqrasiya baxımından mühüm hadisə idi. Sonrakı dövrdə də bu istiqamətdə araşdırmalarımı davam etdirdim, müxtəlif elmi məqalələr, layihələr və tədqiqat işləri ortaya qoydum.
Bu əməkdaşlığın mühüm nəticələrindən biri də 2013-cü ildə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının üzvü seçilməyim oldu. Bu akademiyada üzvlük çox ciddi elmi meyarlar əsasında həyata keçirilir və yalnız sanballı elmi nəticələri olan alimlər üzv seçilə bilirlər. Mən bunu təkcə şəxsi uğur deyil, həm də Azərbaycan elminə verilən yüksək qiymət hesab edirəm.
Bundan başqa, ötən il İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası mənim bu sahədə 20 illik elmi fəaliyyətimi və əldə etdiyim nəticələri yüksək qiymətləndirərək elmi nailiyyətlərimi əhatə edən “Models of Fuzzy Economics” adlı kitab nəşr etdi. Bu nəşr mənim üçün təkcə şəxsi uğur deyil, eyni zamanda Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Son illərdə əldə etdiyim elmi nəticələr də beynəlxalq səviyyədə maraq doğurur. Hazırda yeni “İqtisadi fəaliyyətin sosial nəticələri: Qeyri-səlis modellər” adlı kitabım İngiltərənin nüfuzlu Kembric Universiteti tərəfindən nəşrə qəbul olunub və artıq yaxın aylarda çapı gözlənilir. Bu, mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə ona görə ki, Azərbaycan alimlərinin bu kimi nüfuzlu akademik mərkəzdə nəşr olunan əsərləri çox azdır.
Mövzunun mahiyyəti ondan ibarətdir ki, sosial göstəricilərin əksəriyyəti klassik ölçü vahidləri ilə tam və dəqiq qiymətləndirilə bilmir. Məsələn, həyat keyfiyyəti, sosial rifah, məmnunluq səviyyəsi, sosial ədalət kimi anlayışlar çoxşaxəli və nisbi xarakter daşıyır. Buna görə də belə göstəricilərin öyrənilməsində ən səmərəli yanaşmalardan biri qeyri-səlis modellərdir.
– Müasir süni intellekt texnologiyalarının bugünkü inkişaf mərhələsini necə qiymətləndirirsiniz? Hazırda bu sahədə hansı əsas istiqamətlər ön plana çıxır və onların elmi-praktik üstünlükləri nədən ibarətdir?
— Bu gün süni intellekt sahəsində əsasən üç aparıcı texnologiya mövcuddur. Birincisi maşın öyrənməsi (Machine Learning), ikincisi dərin öyrənmə (Deep Learning), üçüncüsü isə geniş dil modelləridir (Large Language Models). Maşın öyrənməsi daha geniş anlayışdır və onun daxilində müxtəlif klassik və müasir metodlar birləşir. Buraya ekonometrik modellər, qeyri-səlis modellər, riyazi proqramlaşdırma üsulları, balans modelləri və digər analitik yanaşmalar daxildir.
Süni intellekt sahəsində ikinci mühüm istiqamət dərin öyrənmə texnologiyalarıdır. Dərin öyrənmə əsasən insan beyninin fəaliyyət prinsiplərini modelləşdirən neyron şəbəkələri üzərində qurulur. Bu sistemlər böyük həcmdə məlumatları emal etməyə, mürəkkəb əlaqələri müəyyən etməyə və zaman keçdikcə özünü təkmilləşdirməyə imkan verir. Müasir dövrdə bir çox intellektual həllərin əsasında məhz bu texnologiyalar dayanır.
Bu gün süni intellekt sahəsində tamamilə yeni yanaşmalar formalaşır və bu proses çox sürətlə davam edir. Xüsusilə son illərdə geniş dil modellərinin meydana çıxması süni intellektin inkişafında yeni mərhələ açıb. Təxminən 2021–2022-ci illərdən etibarən bu istiqamət daha sürətli inkişaf etməyə başlyıb və tədqiqat imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Geniş dil modellərinin əsas üstünlüklərindən biri insan nitqini, danışıq dilini anlamaq, emal etmək və hesablama müstəvisinə keçirmək bacarığıdır. Digər mühüm üstünlük audio və vizual informasiyanın emalı ilə bağlıdır. Müasir süni intellekt sistemləri insan səsini, görüntüsünü, fotoşəkilləri və müxtəlif obyektlərin təsvirlərini analiz edərək onlardan nəticə çıxarmaq imkanına malikdir.
Üçüncü üstünlük isə qısa müddətdə daha dəqiq və optimal nəticələrin əldə olunmasıdır. Ənənəvi üsullarla uzun vaxt aparan bir çox proseslər süni intellekt vasitəsilə daha operativ və səmərəli şəkildə həyata keçirilə bilir. Məhz buna görə də gələcəyin idarəetmə sistemləri süni intellekt üzərində qurulacaq.
– İqtisadi proseslərin modelləşdirilməsində qeyri-səlis məntiq və süni intellekt metodlarının tətbiqi gələcəkdə hansı yeni imkanlar və perspektivlər vəd edir? Bu sahədə əldə etdiyiniz praktik nəticələri necə qiymətləndirirsiniz?
— Mən hesab edirəm ki, gələcəkdə maşın öyrənməsi, qeyri-səlis məntiq, ekonometrik yanaşmalar və riyazi proqramlaşdırma üsullarının inteqrasiyası iqtisadiyyatın idarə olunmasında tamamilə yeni imkanlar yaradacaq. Yəni, süni intellekt və qeyri-səlis məntiq yalnız texnoloji sahənin deyil, həm də sosial-iqtisadi idarəetmənin gələcəyidir.
Mən uzun illərdir həm maşın öyrənməsi, həm də dərin öyrənmə istiqamətlərinin nəzəri əsasları ilə məşğulam. Təxminən 60 illik elmi fəaliyyətim ərzində bu sahələrdə topladığım bilik və təcrübə süni intellekt metodlarının sosial-iqtisadi sistemlərin idarə olunmasına tətbiqini mənim üçün təbii və məntiqi bir prosesə çevirib. Bu, son illərin təsadüfi marağı deyil, uzunmüddətli elmi axtarışların nəticəsidir.
Hələ 2014-cü ildə İndoneziyada keçirilən beynəlxalq konfransda maliyyə sabitliyinin qeyri-səlis modellər əsasında qiymətləndirilməsi ilə bağlı məruzə etmişdim. Təqdim olunan model İndoneziya Mərkəzi Bankının diqqətini cəlb etdi və həmin qurum tərəfindən satın alınaraq tətbiq edilməyə başlandı. Sevindirici haldır ki, bu model bu gün də istifadə olunur və öz effektivliyini qoruyub saxlayır.
Sonradan həmin yanaşma daha geniş coğrafiyada yayılmağa başladı. Mənə daxil olan məlumatlara əsasən, hazırda bu model dünyanın 41 ölkəsində müxtəlif formalarda tətbiq olunur. Bu fakt göstərir ki, qeyri-səlis iqtisadi modellər yalnız nəzəri maraq doğurmur, həm də real idarəetmə sistemlərində praktik nəticələr verir.
Süni intellekt texnologiyaları inkişaf etdikcə bizim hazırladığımız modellərə maraq da artır. Çünki dövlətlər və maliyyə institutları qeyri-müəyyənlik şəraitində daha çevik, daha dəqiq və daha rasional qərarvermə mexanizmlərinə ehtiyac duyurlar. Qeyri-səlis məntiq isə məhz bu boşluğu dolduran mühüm vasitələrdən biridir. Azərbaycanda da son illər süni intellekt, rəqəmsallaşma və innovativ idarəetmə sahəsində atılan addımlar bu tədqiqatların praktik tətbiqi üçün yeni imkanlar yaradır.
– Gənclərin elmə marağının artırılması və onların tədqiqat fəaliyyətinə cəlb olunması bu gün çox müzakirə olunan, aktual məsələlərdəndir. Zəngin elmi və idarəçilik təcrübənizə əsaslanaraq soruşmaq istərdik ki, Sizcə, müasir dövrdə gənc alimlərin, yüksəkixtisaslı elmi kadrların yetişməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır?
– Gənclərin elmə, xüsusilə riyaziyyat və tətbiqi elmlərə cəlb olunmasına gəldikdə burada müəyyən çətinliklər mövcuddur. Riyaziyyat elmi hər zaman zəhmət, səbir və xüsusi düşüncə tərzi tələb edir. Hər gəncdə bu istiqamətə meyl və hazırlıq eyni səviyyədə olmur.
Bizim fəaliyyət sahəsi isə çoxşaxəli və yüksək mürəkkəblik dərəcəsinə malik elmi istiqamətləri əhatə edir. Çünki, bu sahə bir neçə elmin kəsişməsində yerləşir. Bu sferada uğur qazanmaq üçün iqtisadiyyatı, riyaziyyatı, texnologiyanı, məntiqi təfəkkürü və müasir proqramlaşdırma yanaşmalarını birlikdə öyrənmək lazımdır. Bu isə xüsusi zəhmət tələb edir.
Digər mühüm məsələ maddi stimuldur. Təəssüf ki, bir çox gənclər elmə maraq göstərsələr də, maliyyə baxımından daha gəlirli sahələrə üz tuturlar. Buna görə də istedadlı gənclərin elmə gəlməsi üçün dövlət dəstəyi, qrant proqramları, layiqli əməkhaqqı, beynəlxalq təcrübə imkanları və elmi mühit gücləndirilməlidir, bu sahədə təbliğat işləri aparılmalıdır.
İnanıram ki, əgər bu istiqamətdə sistemli addımlar atılsa, Azərbaycan elmi yaxın illərdə yeni nəsil alimlər, əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrlar yetişdirə bilər.
Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin
Elektron informasiya sektorunun müdiri