Günü gündən mürəkkəbləşən dünyamızda qarşımıza çıxan hər kəs diqqətimizi çəksə də, heç də hər zaman bu adamları yadda saxlamır, bir müddətdən sonra isə tam unuduruq. Qohum-əqrabada, qonum-qonşuda və dost hesab etdyimiz insanlar sırasında elələri var ki, illərcə üzünü görməsən yada belə düşmür.
Amma elə insanlar da var ki, tək məqam gələndə yox, elə hər zaman yada düşür və müsbət enerji almaq üçün tez-tez görüşüb dərdləşir, fikir mübadiləsi aparır, sanki yenidən dünyaya gəlirsən. Və belə insanlarla daim təmasda olmağa maraqlı olursan...
Xeyli müddətdir ki, doğma Ağdamımla, Qarabağmızla bağlı apardığım araşdırma və tədqiqatlar zamanı axtarıb aradığım, o cümlədən ünsiyyət saxladığım, məsləhətləşdiyim insanlar var ki, onlarla daim görüşməyi, hal-əhval tutmağı özümə borc sanıram. Bu insanlar sırasında Qax rayonunun İlisu kəndində dünyaya gələn, lakin bu gün özünü ağdamlı hesab edən Sadıq Murtuzayev də var. Hazırda ömrünün 90-cı ilini yaşayan Sadıq müəllim düz 31 il birinci katib vəzifəsində çalışıb. Bu 31 ilin 10 ilini isə Ağdama həsr edib.
Sadıq müəllimin maraqlı söhbətlərinə qulaq asmaq üçün bağ evinə yollandım. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də dostum Eldar İsmayılovla yol yoldaşı oldum. Deməliyəm ki, Eldar müəllimin gözəl yol yoldaşlığı var.
Göradil kəndində Sadıq müəllimgilin darvazasındakı zənginin düyməsini basıb gözləməli olduq. Etiraf etməliyəm ki, qəfəsdə saxlanılan cins itin həyətdə çıxardığı qaltanlı səsi bizi içəri keçməyə qoymadı. Sonradan öyrəndik ki, cins iti Qarabağdan dostu Əli Abbasov göndərib.
Görüşdük. Söhbətimiz üç saatdan artıq davam etdi. Görüşü sərbəst vaxta təyin etsəm də, amma bizsiz nahar etməyibmiş Sadıq müəllim. Ona görə birgə nahar da edəsi olduq.
Söhbətimiz maraqlı alındı. Bu qədər vaxtın belə tez keçəcəyinə inanmazdım. Söhbətdə dostlarından, respublikaya rəhbərlik etmiş şəxslərdən, Ağdamdan, Qarabağdan danışdıq. Üç saatlıq söhbətdə bəlkə də on dəfə yolumuz Ağdama düşəsi oldu.
Söhbətimizin ən maraqlı məqamlarını diqqətə çatdırıram.
Mir Cəfərə heykəl qoyulsaydı...
“İlk dəfə partiya işinə 1952-ci ildə Mir Cəfər Bağırovun xeyr-duasıyla gəlmişəm. Çox zabitəlı adam idi. Qərar verməzdən öncə yüz dəfə fikirləşib, ölçüb biçər, sonra qərar verərdi.
Onun xalqımız üçün ən böyük xidməti Azərbaycanı parçalanmağa qoymaması, xalqımızı isə sürgündən xilas etməsi olub.
Deməliyəm ki, İosif Stalinin kabinetinə iki-üç nəfər sərbəst daxil olurmuş ki, onun da biri Bağırov olub. Mir Cəfər Bağırovun məhv edilməsinin əsas səbəbi Nikita Xruşşovun ona qısqanclıq və qərəzlə yanaşması olub.
Bir gün müharibənin ilk çaglarında Stalinin kabinetinə daxil olan Bağırov Xruşşovu qapıda gözləyən görür. Ona yaxınlaşaraq, “Ukraynanı da satdın əclaf” deyib, Xruşşovun başındakı şapkasını aşağı sıxır və Stalinin kabinetinə daxil olur.
Xruşşov o zaman Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibiydi. Və alman faşistlərinə Kiyevi təslim etmişdi. Ona görə bütün partiya liderləri ona qarşı kinli idilər, o cümlədən Mir Cəfər Bağırov da.
Əhalinin faizi nisbətiylə götürəndə xalqımız ən az represiyyaya uğrayan respublikalardan olub. Stalin kimi qəddar partiya və dövlət rəhbərindən nə isə xahiş etmək, Azərbaycanın və eləcə də, Dağıstanın sürgün olunması haqda Siyasi Bironun qərarını dəyişdirmək müşkül məsələ olub. Lakin Bağırov bunu bacarıb.
Bu gün Mir Cəfər Bağırova heç olmasa Nikita Xruşşova “Novo Deviçya” qəbirstanlığında qoyuldugu kimi, bir heykəl qoyulması düzgün addım olmazmı görəsən!?.
Nikita Xruşşova qoyulan heykəlin bir üzü qara, digəri isə ağ rəngə çalır.
Xruşşovun bu qədər kinli olduğunu heç kim hiss etməmişdi. Lavrenti Beriya ilə münasibətlərinin olması da Bağırovun sıradan çıxmasına rəvac verir.
Onunla az müddətdə çalışdığım müddətdə necə xarakterli insan olduğunu görmüşəm. Mühafizəçisi ondan həmişə 16 metr aralıda dayanar, yalnız onun işarəsiylə yaxınlaşardı.
Hər bir yerə xəbərsiz gələrdi. Bu hadisələrdən birinin şahidiylə şəxsən özüm söhbət etmişəm.
Bir gün Mir Cəfər Bağırov İmişli rayonunda pambıq tarlasına gəlir. Bu zaman sahədə iki nəfər kətmənlə pambıq alağı vururmuş. Yaxınlaşıb, ədəb-ərkanla görüşür və kənddə neçə kişi olduğunu soruşur. Cavabında kətmən vuran kişi deyir ki, hazırda kənddə dörd kişi qalıb: kolxoz sədri, sovet sədri, kolxozun mühasibi və hesabdarı.
–Bəs sən özünü niyə saya salmırsan?,- deyə soruşan Bağırov kişinin maraqlı cavabını eşidir.
“On uşaq anasına bu istidə yanımda kətmən vurdururamsa, məndən kişi olmaz”.
Sualın cavabı Bağırovun diqqətini çəkir, heç bir söz demədən rayon mərkəzinə gəlir.
Birinci şəxs kətmən vuranlardan ayrılandan sonra həyat yoldaşı ərinə eynəkli kişinin Mir Cəfər Bağırova oxşadığını deyir.
“Nə edəcək ki, onsuz da yalandan heç nə demədim”,-əri cavab verir.
Mir Cəfər Bağırovun pambıq tarlasına gəlişi ildırım sürəti ilə kəndə yayılır. Dərhal kəndin “kişi”ləri kolxozçunu tapıb nə kimi söhbətin olduğunu soruşurlar. Kişiyə bir yanı balalı inək, o vaxtın puluynan 10 min manat pul, 10 pud da buğda verib, xahiş edirlər ki, məsələ açılsa desin ki, “mən bir az baməzə adamam, zarafatla demişəm”.
Elə həmin axşam Mir Cəfər Bağrov iclas keçirir və bütün “kişilər”lə yanaşı, kolxozçu kişini də Raykoma dəvət edir. Və yenidən kənddə neçə kişinin olduğunu soruşur. Bu dəfə isə kənddəki kişilərin sayının beşə çatdığını deyən kolxozçudan “bəs beşinci kimdir elə” deyə soruşur.
Kolxozçu kişi vəzyyəti olduğu kimi danışır. Nəticədə Mir Cəfər Bağırov kolxozu yoxlatdırıb kəndin dörd “kişisini” işdən çıxarıb cəzalandırır, kolxozçunu kolxoza sədr seçdirir.
Bu hadisəni dəqiq bilirəm. Bir müddət Mərkəzi Komitədə şöbə müdiri işlədyim dövrdə həmin kolxozçuyla özüm görüşüb danışdırmışam.
Mir Cəfər Bağırovun həyat səlnaməsində buna bənzər canlı xatirələr yüzlərlədir.
Hazırda Bağırovla bağlı kitab üzərində işləyirəm. Kitab belə xatirələr üzərində qurulub.
Bu bünlərdə böyük bacısı Seyid Məsumənin Xaçmazda yaşayan nəvəsi Məmmədtağı ilə görüşmüşəm. Mən onun digər bacısı Seyid Fatimənin oğlu Adillə aspiranturada bir vaxtda oxumuşuq. Qubada yaşayırdı. Texnikumda dərs deyən Adil müəllim bir neçə il əvvəl rəhmətə gedib.
Tariximizin Mir Cəfər Bağırov dövrünə dair kifayət qədər araşdırmalar aparılıb, çoxsaylı kitablar nəşr edilib, həqiqəti əks etdirən qərara gəlmək zamanı çatmayıbmı görəsən!?”.
Rəşid Babayevin səhvi...
“Abşeronda işlədiyim vaxtlarda Bolqarıstanın Razqrad mahalının nümayəndə heyəti Bakıda səfərdə idi. Moskvanın qərarı ilə rayonumuzun həmin mahalla dostluq və əməkdaşlığı yaranmışdı. Razqrada ikinci səfərimdə bu şəhərin fəxri vətəndaşı təsdiq olunmuşdum. Bu barədəki, pasportum indi də məndədir.
Azərbaycan KP MK-nın o zamankı ikinci katibi Pyotr Yelistratov nümayəndə heyətiylə görüşmək istədiyini mənə demişdi. Onun mənə çox böyük hörməti var idi. Çox qətiyyətli adam idi, həm də Vəli Axundovun dövründə respublikada kadr məsələsini o həll edirdi. Mən məhz onun təklifi ilə Mərkəzi Komitənin Kənd Təsərrüfatına Rəhbərlik Bürosuna üzv seçilən yeganə Raykom katibi olmuşam.
Biz bolqar nümayəndə heyətini Zaqatalaya aparmalı, respublikanın bir sıra digər rayonlarını, Göygölü göstərməli, bu səfərdən qayıdıb vətənə dönməli idilər. Mən bunu Yelistratova xəbər verdikdə dedi ki, “çox yaxşı, mən də səhəri Qutqaşenə (indiki Qəbələyə) gedirəm və onlarla Şamaxıda “Bənövşə” restoranında görüşərik.
O zaman deyilən ərazidə “yol evi” də var idi. Yelistratov hərdən gələndə orada istirahət edərdi. Həm də restoranın müdiri Üzeyirlə dost idilər.
O illərdə Şamaxının birinci katibi ağdamlı Rəşid Babayev idi. Biz Yelistratovun qərarını Rəşid Babayevə çatdırdıq. Lakin səhər tezdən gəldikdə bizi üçüncü katib Popova qarşıladı. Soruşdum ki, bəs Rəşid Babayev hanı, dedi vacib işi olduğundan onu göndərib. Bu məqamda Yelistratov da maşından düşüb birinci katibi soruşdu. Popova mənə dediyi cavabı təkrarladı.
Pyotr Yelistratov bolqarlarla ayaqüstü görüşüb yola düşdü və Babayevin bu hərəkətini ona qarşı hörmətsizlik kimi qəbul etdiyindən onu bağışlamadı, az sonra onu işdən götürdülər.
Pyotr Yelistratov 1961-ci ilin dekabrından 1968-ci ilin 22 mayındək Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində çalışıb”.
Mən Vəli Axundova da, Heydər Əliyevə də minnətdaram ki...
“Ömrümün 31 ilini birinci katib işləmişəm. 34 yaşımda ən gənc raykom katibi olmağıma baxmayaraq, SSRİ Ali Sovetinin deputatı seçilmişəm. Hətta iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına təqdimatım olub. Lakin bəzi dırnaqarası dostlarımın qısqanclığı üzündən həmin fəxri addan məhrum olsam da, iki dəfə o dövrün ən yüksək ordeni olan “Lenin” ordeninə layiq görülmüşəm. Yüzdən çox orden , medal və müxtəlif təltiflərim var.
Respublikanın rəhbəri olmuş səkkiz birinci şəxslə çalışmışam: Mir Cəfər Bağırov, Mir Teymur Yaqubov, İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Kamran Bağırov, Əbüdrrəhman Vəzirov və Ayaz Mütəllibovla.
Bu rəhbərlərin hər biriylə normal ünsiyyətim olub. Lakin bunlardan yalnız dördü Mir Cəfər Bağırov, İmam Mustafayev, Vəli Axundov və Heydər Əliyevi ləyaqətli rəhbər hesab etmişəm.
Amma vəzifədə çalşıdğım illər içərisində ağdamlı illərimi həyatımın qızıl illəri hesab edirəm.Və buna görə ulu öndər Heydər Əliyevə minnətdar olmuşam ki, bu rayona məhz onun xeyr-duasıyla təyinat almışam...”.
...Söhbətimiz uzandıqca, Sadıq müəllimin Ağdamla əlaqədar tükənməyən xatirələri baş alıb getdi. Bu sırada o zaman bütün respublikaya səs salan Abdal-Gülablı və Şelli sanatoriya-istirahət mərkəzləri, respublikada ilk ticarət mərkəzi, Natəvan qızlar bayramı, SSRİ məkanında birinci olan Çörək muzeyi, Ağdamın rəmzinə çevrilmiş Çay evi, öz orijinallığı ilə təkrarsız Üzümçülər evi, Şərqdə ilk Muğam musiqi məktəbi, Xan qızı Natəvanın füsünkar abidəsi, Qarabağ xanlığının əsasını qoyan Pənah xana məxsus Şahbulaq qalasının bərpası, Ağdamın müqəddəs yeri olan İmarətdə açıq səma altında etnoqrafik muzey, vaxtilə Ağdamın həyat mənbəyi olan onlarca kəhrizin bərbası, Abdal, Qərvənd, Əhmədağalı kəhrizlərinin əsasında sənaye əsaslı qızıl xallı balıqçılığın yaradılması və kənd təsərrüfatında saysız-hesabsız yeniliklər.
Bütün bunlar Sadıq Murtuzayevin yaradıcılıq fantaziyasının məhsulu olub ağdamlıların fədakar əməyi sayəsində heç bir dövlət dəstəyi olmadan yaranan yeniliklər idi.
Çox şükür ki, onların bəziləri bu gün hazırki rayon rəhbərliyinin fəaliyyəti sayəsində yaşadılır. Dağıdılmış “Çay evi” Quzanlı qəsəbəsində Ağdam Rayon İcra Hakmiyyətinin başçısı Raqub Məmmədovun təşəbbüsü ilə bərpa edilib, Muğam-musiqi məktəbi Bakının Biləcəri qəsəbəsində fəaliyyətini davam etdirir, Ergi qəsəbəsi inkişaf edir. Arzu edərdik ki, Ağdam Çörək muzeyi də birinciliyi saxlamaq üçün bərpa edilsin. Orada toplanan üç minə qədər eksponatı bərpa etmək mümkün olmasa da, çox iş görmək olar.
Sonda Sadıq Murtuzayevin “özünü niyə ağdamlı hesab edir” sualına cavabı çox qısa oldu:
-Mən 31 il ərzində 4 rayona rəhbərlik etmişəm, Abşeron, Zaqatala, Şəki və Ağdam. Bu indiki bölgü ilə götürdükdə 9 rayon deməkdir. Zaqatalaya o vaxtlar Balakən və Qax rayonları, Abşerona isə Xızı, Şabran, Siyəzən rayonları birləşmişdi.
Lakin fəaliyyətim dövründə ağdamlılarda gördüyüm fədakarlığı heç yerdə görməmışəm. Təkcə bir fakt deyim ki, Qarabağ uğrunda gedən döyüşlərdə ağdamlıların 6ı min, az qala respublika üzrə olan şəhidlərin üçdə birinə qədərini verməsi bunun canlı sübutudur.
Vüqar Tofiqli