Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
“18 BG 546” dövlət nömrə nişanlı “ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.
Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.
21:14
Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb. Modern.az xəbər verir ki, yanğın çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
19:53
Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində yanğın olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib.
Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
Xəsarət alanlar barədə məlumat yoxdur.