Modern.az

Azərbaycan Ermənistanın təxribatlarına DÖZMƏYƏCƏK

Azərbaycan Ermənistanın təxribatlarına DÖZMƏYƏCƏK

Aktual

7 Aprel 2024, 13:30

Aprelin 5-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələrini ümumilikdə 30 dəfə, aprelin 6-sı saat 18:30-dan 22:05-dək isə Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.

 

Bir sözlə, Ermənistan qoşun hissələrini şərti sərhədə yığır və təxribatlarını intensivləşdirir.

 

Bəs Azərbaycan bütün bu təxribatlara nə qədər dözəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və koruppsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, baş verən təxribatlar gözlənilən idi:

 

"Ermənilər böyük görüşlərdən öncə və sonra təxribatlar həyata keçirirlər. Bu, onların dəsti-xəttidir. Onlar bunu sanki reaksiya almaq üçün edirlər. Reaksiya aldıqdan sonra atəşkəsin pozulmasını məhz  Azərbaycanın üzərinə qoymaq istəyirlər. Azərbaycanın suverenliyi tam bərpa olunub, onun şərti də olsa, Ermənistanla sərhədi var. Bu istiqamətdə hər hansı təxribatın qarşısı ən yüksək və adekvat şəkildə alınacaq. Biz buna hazırıq. Bu məsələdə tərəfdaşlarımız bizi dəstəkləyir".

 

 

A.Nağıyev ermənilərin Paşinyanın Brüsseldə Qərb dairələri ilə görüşünü həvəsləndirici hal kimi dəyərləndirdiyini deyib:

 

"Avropanın bunlara dəstəyini hiss edirlər. Yəqin ki, Qərbin də burada riyakar siyasətləri, məramları var. Cənubi Qafqazda Ermənistanı fiaskoya uğramış Ukrayna siyasətindən sonra dirçəltməkdə məqsəd Rusiyaya, sərhəddə Azərbaycan və Türkiyəyə qarşı təxribatları daha da inkişaf etdirməkdir. 270 milyon avro və 65 milyon dollar qrant payları və üçtərəfli görüşə Cozep Borrelin qatılmasından ürəklənən Ermənsitan tərəfi dislokasiyanı dəyişir, qoşun hissələrini şərti sərhədə yığır. Ermənistan bütün bunlara görə cavab verəcək".

 

Deputat Ermənistanın sülhü istəmədiyini də qeyd edib:

 

"Sülh üçün əsas 3 şərt ödənməliydi: separatçıların Ermənistan ərazisində olan nümyəndəliyinin ləğvi; 4 kəndin qaytarılması; konstitusiyada dəyişiklik. Bu şərtlərin ödənilməməsi Azərbaycan torpağına və suverenliyinə qarşı  təxribatdır. Düşünürəm ki, bizim daxili və xarici siyasətimiz buna yol verməyəcək. Ermənistan terror qruplaşmasını leqallaşdırır. Bununla da həm Qərbə yarınır, həm də guya daxildə təhlükəsizlik və sabitliyi təmin edir. Azərbaycan xalqının qatı düşməni olan Serj Sarkisyanın bu günlərdə müsahibəsi tirajlanıb. Deməli, ermənilər heç cür sülhün olmasını istəmir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, bir daha münaqişə olacağı təqdirdə bu, bütün regionu və dünyanı əhatə edəcək. Problemlərin hamısı BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində öz həllini tapmalıdır. Əks halda erməniləri susdurmaq üçün bizim hər cür güc və imkanımız var".

 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Ermənistan sərhəddə süni təxribatlar törətməsinin səbəblərindən bəhs edib: 

 

"Avropa Mülki Müşahidə Missiyasının uzunmüddətli fəaliyyətini nəzərə alsaq, deyə bilərik ki, Ermənistan sərhəddə qəsdən süni təxribat törədir. Bununla da Avropa Mülki Missiyasına "bizim sərhədimizdə gərginlik var", "bizi qorumaq lazımdır" kimi fikirləri sübut etmək istəyirlər. Ermənistan həmişə uğurla həyata keçirdiyi ağlamaq, sızlamaq, məsum donuna girmək, günahsız tərəf kimi görsənmək oyununu bu dəfə də davam etdirir. Paşinyanın Brüsseldə Qərb dairələri ilə görüşü və bundan sonra Ermənistana yardımların razılaşdırılması ilə bağlı məsələnin elanı da oyunun bir hissəsidir".

 

 

N.Həmzəyev vurğulayıb ki, Qərb dairələri Ermənistana bundan sonra da dəstək göndərəcəklər:

 

"Qərbin hədəfi Ermənistandan Rusiya hərbi bazasını çıxarmaq və boşluğun Fransa tərəfindən doldurulmasına nail olmaqdır. Eyni zamanda Hindistandan gətirilən silahlar və mülki insanların sonradan hərbidə aktiv istifadə edilməsi də planın tərkibi hissəsidir. Paşinyan sülh sazişinin vacibliyindən, 4 kəndin qaytarılmalı olduğundan və qaytarılmazsa, müharibənin olacağından danışır. Buna baxmayaraq, hesab edirəm ki, şərti sərhədə hərbçilərin yığılması planın tərkib hissəsidir. Xüsusilə də Fransa və ABŞ Azərbaycanın diqtəsi ilə sülhün baş verməsini bəlkə də istəmir. Onlar bütün prosesləri öz nəzarətlərində saxlamaq tərəfdarıdırlar. Eyni zamanda Zəngəzur dəhlizi açılarsa, ona da  ABŞ və Fransa nəzarət etmək istəyir. Yaxın vaxtlarda Cənubi Qafqazda daha da möhkəmlənməyi hədəfləyirlər. Eyni zamanda ABŞ və NATO İranla mümkün münaqişə zamanı Ermənsitandan öz əraziləri kimi istifadə edəcəklər. Çünki Türkiyənin İranla aktiv münaqişəyə girib, müharibə etməsi real görsənmir. Çünki İsrail-Fələstin məsələsində iki ölkənin mövqeləri üst-üstə düşür. Onlar Fələstin və müsəlmanların qorunmasına çağırışlar edirlər. Bu baxımdan NATO, xüsusilə də Fransa, ABŞ və NATO-nun aparıcı üzvləri Ermənistan ərazilərini gələcəkdə İrana qarşı aparacaqları müharibə üçün hazırlayırlar. Bütün bunlarla yanaşı Ermənsitana verilən dəstək sülhü yubandıra, Ermənistanı yeni təxribatlara cəsarətləndirə bilər. Yaxud Ermənistan sülh danışıqları dondura, uzun müddət prosesdən çəkilə bilər. Bu baxımdan düşünürəm ki, Ermənistanın hazırda həyata keçirdiyi məkrli planları Azərbaycan tərəfindən yaxından izlənilir. Azərbaycan Silahlı Qüvvələri baş verə biləcək hər bir hücumun qarşısını almağa hazır vəziyyətdədir".

 

Parlamentari qeyd edib ki, Qərb dairələrinin Ermənistanla bağlı planları Rusiyanı ciddi şəkildə narahat edir:

 

"Düşünürəm ki, proses belə davam edəcəyi halda Rusiyanın "B" planı işə düşəcək. Paşinyan hökuməti ciddi şəkildə cəzalandırılacaq. Hər hansı bir təxribat baş verərsə, Azərbaycan təxribatın qarşısını məharətlə alacaq. Mənim Ermənistan siyasi dairələrinə mesajım ondan ibarətdir ki, onlar sentyabrda keçirilən sonuncu antiterror tədbirlərini, yaxud şərti sərhəddə hərbçilərimizi yaralamaq istəyən terroristlərin aqibətini gözlərinin önünə gətirsinlər. Hər hansı yanlış hadisə Ermənistan üçün baha başa gələ bilər. Bunu Ermənistanın faktiki olaraq sülh prosesini pozması kimi dəyərləndirəcəyik. Ona görə də biz prosesləri izləməliyik. Ümid edirəm ki, Avropa və ABŞ-nin rəsmilərinin Ermənistanla yaxınlaşımasının Azərbaycana qarşı olmadığı ilə bağlı verdiyi mesajlar  həqiqət olacaq. Böyük təxribatlar törətməyə cəhd etməyəcəklər".

 

Hərbi ekspert Elxan Şıxaliyev Ermənistanın ABŞ və Fransanı Azərbaycanla üz-üzə qoymaq istəyini bildirib:

 

"Ermənistan 5 aprel görüşünə qədər olan 1 ay ərzində və ondan sonrakı müddətdə şərti sərhəddə maksimum gərginliyin yaradılmasına nail olmağa çalışırdı. Bu, əslində böyük siyasətin kiçik hissəsidir. Ermənilər atəşkəsi pozmaq və  müdafiə istehkamları yaratmaqla Azərbaycandan adekvat cavab alamaq, beləliklə də gərginliyə nail olmaq istəyir. Ermənistanı 5 apreldə Avropa Komissiyası və ABŞ-dan  iqtisadi asılılıqdan xilas və təhlükəsizlik təminatını almaq cəsarətləndirir. İstəyirlər ki, Azərbaycan elə bir vəziyyətə gəlsin ki, adi toqquşma və lokal səviyyədə atəkəsin pozulması iri çaplı bir əməliyyata çevrilsin. Beləliklə də, bizi Qərbə şikayət etsinlər. Yəni Azərbaycanla Avropa İttifaqı və ABŞ-ni üz-üzə gətirmək istiqamətində plan var. Nə olursa-olsun günahı Azərbaycanda görüb bizə qarşı sanksiyalar tətbiq edilməsinə nail olmaq istəyirlər".

 

 

"Böyük planın kiçik hissəsinin dozasını Ermənistan artıraraq gedəcək. COP-29-a qədər olan mərhələni də Ermənistanı dəstəkləyən qüvvələrin onu daha da aqressivləşdirəcəyini gözləməli və bunun üzərindən də şərti sərhəddə mümkün təxribatların törədilməsinə qarşı hazırlıqlı olmalıyıq. Ermənistanın hazırki əməlləri bu təxribatların başlanğıc mərhələsidir", - ekspert qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!