Oktyabrın 30-da Azərbaycanın Baş naziri Əli Əsədovla Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında prosesin sürətlə davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, tərəflər arasında razılaşdırılmamış 15 sərhəd sahəsi hələ də müzakirə mövzusu olaraq qalır. Məsələ həm hökumətlərarası komissiyanın iclasında, həm də baş nazirlərin ikitərəfli görüşündə müzakirə edilib.
Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, dövlət sərhədinin delimitasiyası yalnız ərazi məsələsi deyil, həm də tarixi, siyasi və mədəni əhəmiyyət daşıyan prosesdir.
"Bu proses 1996-cı ildən davam edir. 2024-cü ilə qədər sərhədin təxminən üçdə iki hissəsi razılaşdırılıb və delimitasiya olunub. Qalan ərazilər isə tarixi, hüquqi və kartoqrafik sənədlər əsasında araşdırılır. 2026-cı ilin oktyabrında Azərbaycan və Gürcüstan arasında delimitasiya və demarkasiya məsələləri ilə bağlı dövlət komissiyaları səviyyəsində mühüm müzakirələr aparılıb. Sonuncu, 11-ci hökumətlərarası komissiya iclasında, eləcə də baş nazirlərin görüşündə bu məsələyə yenidən toxunulub. Gürcüstan tərəfinin açıqlamasına görə, razılaşdırılmamış 15 sahə qalır və bu istiqamətdə işlər davam etdirilir".

Deputat Keşikçidağ məsələsinə də toxunaraq bunun Azərbaycan və Gürcüstan arasında ciddi problem kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.
"Keşikçidağ məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Lakin burada ciddi problemimiz yoxdur. Bu ərazi həm Gürcüstan, həm də Azərbaycan üçün mühüm tarixi və mədəni əhəmiyyət daşıyır. Məsələ diplomatik yollarla, tarixi sənədlər və beynəlxalq hüquq normaları əsasında öz həllini tapacaq. Bəzi qüvvələr isə bu məsələ ilə əlaqədar Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar".
Arzu Nağıyev qeyd edib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır və hər iki ölkə Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıdır.
"Azərbaycan Gürcüstan üçün, Gürcüstan isə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, enerji kommunikasiyaları və regional təhlükəsizlik sahələrində çox mühüm strateji əlaqələrimiz mövcuddur. Əsas məsələ delimitasiya prosesinin mehriban qonşuluq münasibətlərinə, suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun şəkildə həll olunmasıdır. Bu zaman beynəlxalq hüquq normaları əsas götürüləcək.
Nə Azərbaycan, nə də Gürcüstan imkan verər ki, kimsə bu məsələləri siyasiləşdirsin və onlardan emosional təzyiq vasitəsi kimi istifadə etsin. Oktyabrın 30-da keçirilən son görüş də bu baxımdan mühüm və müsbət nəticəli görüş idi", – deyə deputat bildirib.